İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin ölməyən "derjava" intriqası - Yetsin və komandası bu ideyadan vaz keçməmişdi

Postsovet məkanının əksər ölkələrində SSRİ-nin dağılmasını ayrı-əyrı şəxslərin – Mixail Qorbaçovun, Boris Yeltsinin, Leonid Kravçukun, Stanislav Şuşkeviçin, sovet respublikalarındakı milli-azadlıq hərəkatları liderlərinin üstünə yıxmaq tendensiyası 34 ildir ki, öləzimir. Amma bu çöküşdə şəxsiyyətlərin rolu üçdə birdən artıq deyil.

Sanballı politoloqların, sosioloqların, tarixçilərin gəldiyi yekun nəticə budur: SSRİ siyasi, iqtisadi və milli amillərin birləşməsi nəticəsində dağılıb. Əsas rolu dərin iqtisadi böhran, səmərəsiz islahatlar, müstəqillik tələb edən respublikalarda milli hərəkatların güclənməsi, mərkəzi hakimiyyətin zəifləməsi və kommunist ideologiyasının böhranı oynayıb. Qorbaçovun başlatdığı “aşkarlıq” və “yenidənqurma” siyasəti yığılıb qalmış bütün problemləri üzə çıxarıb, onların həllinin çətinliyi dərin böhrana səbəb olub, 1991-ci ildə dövlət çevrilişinə cəhd (“QKÇP qiyamı”) isə sovet dövlətinin süqutunu sürətləndirib.

 qor-bor.jpeg (7 KB)

1991-ci ilin bu günündən (avqust ayının 22-dən) ta dekabr ayının sonlarına qədər SSRİ-də gedən proseslər zamanı Rusiya lideri Boris Yeltsin sırf şəxsi qərəzi üzündən Mixail Qorbaçovu siyasi səhnədən silmək istəyirdi. Bundan ötrü Qorbaçovun rəhbərlik etdiyi və artıq formal səciyyə daşıyan federal dövləti (SSRİ-ni) demontaj etmək lazım idi. Yeltsin Ukrayna və Belarus liderləri ilə birlikdə bunu etdi. Ancaq onlar SSRİ-nin yerini boş qoymaq da istəmirdilər, ona görə də üçlükdə MDB-ni təsis etdilər.
Onlar əmin idilər ki, mərkəzsiz qalmış müttəfiq respublikaların çoxu təcili şəkildə yenidən Moskvanın patronajlığını qəbul edəcəklər. Burada yalnız Baltikyanı ölkələr istisnaydı. Bu ölkələr Molotov-Ribbentrop paktının nəticəsi olaraq Moskva tərəfindən ilhaq olunduqları gündən ta 1991-ci ilin bu günlərinə qədər özləri ilə Moskva arasında ciddi məsafə saxlamışdılar, özləri sovet dövlətinin güclənməsi işinə həsr etməmişdilər, müvəqqəti müstəmləkə olduqlarını şüurlu şəkildə qəbul etmişdilər və ilk əlverişli fürsətdə müstəqilliklərini bərpa edəcəklərini düşünürdülər.

Başda Qazaxıstan olmaqla Orta Asiya respublikaları isə tərəddüdsüz MDB-yə üzv oldular. Yeltsin qısa zaman içində SSRİ-ni yeni adla, tam “derjava” əzəməti ilə bərpa edəcəyini düşünürdü, o, heç də qırmızı rus imperiyasının süqutunu istəmirdi. Sadəcə, dövlətin adı dəyişəcəkdi.

Ancaq Kremlin bu planını Qafqaz respublikalarında hakimiyyətə gələn xalq hərəkatlarının təmsilçiləri pozdular. Onlar yenidən Moskvanın boyunduruğu altına olmaq istəmədilər. Belə olanda Kremlin üzü döndü və onlara diş qıcadı. Birinci Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Rusiyanın qanadı altına girdi. Azərbaycan dirəşdi, nəticədə Moskva general Qraçov və Şerbakın verdiyi silahlar və təlimatlarla Elçibəyi devirdi. Ancaq bu işdə də tam olaraq Moskvanın istədiyi olmadı, hakimiyyətə nəzərdə tutulduğu kimi Mütəllibov yox, Heydər Əliyev gəldi. Eyni şey Gürcüstanda da baş verdi. Devrilən millətçi prezident Qamsaxurdiyanı SSRİ-nin keçmiş xarici işlər naziri Eduard Şevardnadze əvəz etdi.

nazarr.jpg (42 KB)

Bu şəxslər MDB-nin dağılmış SSRİ-nin yerində bərqərar olacaq federal dövlətə çevrilməsinə imkan vermədilər. Elə o biri respublikaların rəhbərləri də sırf müstəqil hökmdar olmaq üçün dövlət müstəqilliyini üstün tutdular. Əgər onlar SSRİ dövründə olduğu kimi bütün hüquq və səlahiyyətlərini Moskvaya versəydilər, Kreml günlərin birində Qazaxıstanda Nazarbayevi, Özbəkistanda Kərimovu, Qırğızıstanda Akayevi, Türkmənistanda Niyazovu, Tacikistanda Rahmonu başqa bir “daha sadiq kadr”la əvəz edəcəkdi.

Bununla belə, Yeltsinin komandası keçmiş sovet respublikalarının müstəqilliyi ilə barışmamışdı. Yeltsin hətta Rusiyanın tərkibindəki respublikalara müraciətlə “həzm edə biləcəyiniz qədər müstəqillik götürün” kimi bir ifadə də işlətmişdi və əmin idi ki, bu federal subyektlər bir yerdən sonra Moskvasız yaşamağın çətinlyini anlayaraq, ram olacaqlar. Bəzi respublikalar (məsələn, Tatarıstan və Çeçenistan) bu istiqamətdə şanslarını sınadılar, tatarlar yarı yoldan qayıtdılar, çeçenlər isə sona qədər getdilər və faciəyə düçar oldular.
Yeltsin və komandası postsovet ölkələrin müstəqilliyini formallıq sayırdı, hesab edirdi ki, hazırda onların müstəqilliyi Şərqi Avropa dövlətlərinin (ADR, Macarıstan, Çexoslavakiya, Polşa, Rumıniya, Bolqarıstan) 1945-1989-cu illərdəki müstəqilliyi kimi bir şeydir. Bilindiyi kimi, sovet dövründə bu dövlətlər Moskvadan idarə olunub. Yalnız Yuqoslaviya və Albaniya Moskvaya müqavimət göstərərək onun iradəsindən kənarda qalıblar. Moskvada düşünürdülər ki, SSRİ-nin müstəqilləşmiş respublikaları hara uçsalar da, axırda “doğma aeroporta qayıdacaqlar”

esrmuq.jpg (50 KB)

Ona görə də 1994-cü ilin sentyabr ayının 20-də Bakıda ABŞ və Avropanın digər qüdrətli ölkələri ilə Xəzər neftinin istismarına dair “Əsrin müqaviləsi” imzalananda Moskva lərzəyə gəldi. Yeltsinin komandası anladı ki, Azərbaycan artıq müstəqil dövlət kimi hərəkət edir. Heç 2 gün keçmədi, Kreml Azərbaycanda növbəti dövlət çevrilişi təşkil edərək Əliyevi devirmək istədi. Sentyabrın 21-dən 22-sinə keçən gecə milli təhlükəsizlik naziri Nəriman İmranovun əmri ilə MTN-in təcridxanasından Rəhim Qazıyev, Əlikram Hümbətov, Baba Nəzərli və Arif Paşayev qaçırıldı. (Ertəsi gün A.Paşayev bəyanat yayaraq təcridxanadan öz iradəsi ilə yox, məcburən çıxarıldığını bildirdi). Daha sonra, sentyabrın 29-da Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetiriidi. Oktyabrın 2-də “köhnə kadr”, baş nazir Surət Hüseynov hərəkətə gətirildi, ancaq bu qiyam beşiyindəcə boğuldu.

Sonrakı illərdə Rusiya çox zəif olduğu, Qərbin böyük məbləğli kreditlərinin ümidinə qaldığı üçün SSRİ-ni bərpa etmək planını həyata keçirə bilmədi. Bu plan 2005-ci ildən sonra yenidən rəfin üst gözündən alt gözünə, əl altına endirildi. Çünki dünya bazarında karbohidrogen resurslarının qiyməti kəllə-çarxa qalxmış, Rusiya büdcəsinə əlavə yüz milyardlar gəlmişdi, günbəgün federasiya dirçəlirdi.

yeltsinko.jpg (85 KB)

Uzun sözün kəsəsi, Moskva keçmiş SSRİ respublikalarının tam müstəqilliyi faktı ilə heç vaxt barışmayıb və SSRİ-nin dağılmasının üstündən 34 ilə yaxın vaxt keçsə də, barışmaq fikrində deyil. Kreml istəyir ki, onlar ən azı indiki statuslarında, Moskvanın satelliti kimi qalsınlar, onun süni peyki kimi ətrafında dövrə vursunlar.

Hazırda Rusiyanın keçmiş SSRİ respublikaları (Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan) ilə apardığı şiddətli və yumsaq intriqaların əsasında həmin barışmazlıq durur.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR