İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh sənədinə etimadsızlıq yaratmaq kampaniyası

Deputat: “Anti-Azərbaycan dairələrin tulası rolunu həyata keçirən Köçəryanın...”

Ermənistanın sabiq prezidenti Robert Köçəryan İrəvanda mətbuat konfransı keçirərək 8 avqustda Vaşinqtonda imzalanmaış sənədlərə qarşı yeni hücuma başlayıb. O bildirib ki, Ermənistan bu sənədlərdən heç nə qazanmır: “Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlərdən tərəflər nə qazandı? Birincisi, ABŞ gələcəkdə formalaşacaq dəhliz üzərində konkret nəzarəti əldə etdi; ikincisi, Ermənistan-İran sərhədinə effektiv nəzarət etmək imkanı; üçüncüsü, prezidentin Nobel mükafatına namizədliyini irəli sürmək imkanı. Azərbaycan Ermənistan ərazisindən keçməklə dəhliz hüququ aldı, Minsk Qrupunun buraxılması, 907 saylı qətnamənin ləğvi. Bəs Ermənistan nə qazandı? Düzünü desəm, mən bu sənədlərdə Ermənistanın nə qazandığı ilə bağlı hər hansı konkretlik tapmağa çalışdım? Heç nə. Yalnız problemlər”. Və nəhayət, Nikol Paşinyan nə aldı? Burada çox konkret bir şey var. O, prezident Trampın imzası olan şəkil və heç bir hüquqi qüvvəsi olmayan kağız parçası alıb və erməni xalqını növbəti dəfə aldatmağa imkan verib. İlkin nəticəyə gəlmək olar ki, Nikol Paşinyan Ağ Evdə dayaq kimi olub. Orada stol, stul, tablo, bayraq var idi, Paşinyan da orada idi".

Keçmiş prezident “initializasiya” terminindən danışarkən deyib: “İki tərəf sənədlə bağlı danışıqlar aparan zaman razılığa gələn komandalar onu paraflayır. Bu, texniki hərəkətdir. Başlanğıc sənədlər sonradan müəyyən hallarda, məsələn, dövlət başçılarının rəsmi səfərləri zamanı paraflanır, paraflanmış sənədlər imzalanır”.

“Mən heç anlamıram ki, dövlət başçılarının iştirakı ilə paraflama nə deməkdir? Əgər razılaşma varsa, o zaman bu sənədləri imzalamaq üçün bundan yaxşı imkan yoxdur. Bu, həqiqətən də məzmunla bağlı suallar yaradır”, - eks-prezident bildirib.

Aydın Hüseynov: Tarixi missiyasını uğurla başa vuran Azərbaycan Ordusu ilə  fəxr edirik - AZƏRTAC

Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Robert Köçəryan 8 avqustda Vaşinqtonda imzalanan sənədləri erməni cəmiyyətinin gözündən salmaq, həmin sənədlərə etimadsızlıq yaratmaq məqsədilə bu fikirləri səsləndirib: “Həmişə Rusiyadakı anti-Azərbaycan dairələrin tulası rolunu həyata keçirən Köçəryanın ötən həftə Moskvaya gizli səfər etdiyi və görüşlər keçirdiyi barədə xəbər yayılmışdı. Görünür, Köçəryan 8 avqust Vaşinqton razılaşmalarına qarşı hərəkətə keçmək sifarişi ilə geri qayıdıb. O, Paşinyanı masa və digər əşyalarla müqayisə edərək həm də ələ salıb təhqir etməkdən də çəkinməyib. Ermənistan dövlətini və xalqını uçurumun dibinə yuvarladan Robert Köçəryan öz xalqını yenə də aldatmağa və keçmişdəki zərərli fəaliyyətini davam etdirməyə çalışır. O, həyasızcasına deyir ki, Vaşinqtonda 8 avqustda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı sənədlərdən, sülh sazişinin paraflanmasından Ermənistan heç nə qazanmır və qazanmayacaq. Əvvəla, bununla Xocalı canisi sülhə qarşı olduğunu, Ermənistanı yenə də müharibəyə sürükləməkdə qərarlılığını yenidən açıq şəkildə ortaya qoyur. Ermənistan əhalisi bu müharibə canisinin onları yenidən məhvə doğru aparmaq istəyinin baş tutmaması üçün onu daş-qalaq edib ölkədən qovmalıdır. Yaxud da Nikol Paşinyan Köçəryanın erməni xalqı və sülh üçün təhlükə yaratdığını əsas göstərib onun həbs edilməsinə nail olmalıdır”.

Deputatın fikrincə, Robert Köçəryan uzun illər hakimiyyətdə olanda erməni xalqını aldatdığı, mağmın yerinə qoyduğu kimi indi də bunu etməyə çalışır: “Sülhdən, kommunikasiyaların açılmasından, xüsusən Zəngəzur yolunun açılmasından Ermənistan dövlətinin çox böyük iqtisadi, həmçinin siyasi qazanclarının olacağı bəllidir. Bunu Robert Köçəryan da bilməmiş deyil. Ancaq bunu bilə-bilə xalqın gözünün içinə yalan danışaraq erməni cəmiyyətini "heç bir qazancımız olmayacaq" fikri ilə aldadır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR