Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı (Aİ) Azərbaycan, Gürcüstan və Ermənistan dövlətçiliyini məhv etməyə çalışır və Avropanın xüsusi xidmət orqanlarının diqqət mərkəzindədir. Bunu TASS-a Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski deyib.
Deputatın sözlərinə görə, Avropa İttifaqı istənilən postsovet dövlətinə ənənəvi dəyərlərin və tarixi əsasların məhv edilməsi aləti kimi baxır. Rusiyalı deputat iddia edib ki, “Ermənistan və Azərbaycan bir vaxtlar Ukraynanın sürüşməsinə səbəb olan eyni hərəkətlərə məruz qalacaqlar”. Vodolatski həmçinin əlavə edib ki, Avropa İttifaqı “yol kəsişməsində” digər ölkələrə qarşı da oxşar siyasət aparır və Ukrayna hadisələri region dövlətləri üçün bariz nümunəyə çevrilib.
Viktor Vodolatski
Açıqlamadan da görünür ki, Rusiya ötən həftə Danimarkanın paytaxtı Kopenhagendə Avropa Siyasi Birliyinin (EST) 7-ci sammitində Azərbaycan, Ermənistan və Gürcüstanın iştirakından narahat olub. Zirvə Avropa Birliyinə üzv olmayan ölkələrlə siyasi dialoqun və əməkdaşlığın dərinləşdirilməsi üçün platforma rolunu oynayır. Sözügedən tədbirdə Avropada təhlükəsizlik məsələləri müzakirə edilib.
Bəllidir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze hökuməti Avropa İttifaqının bu ölkədəki səfirinin Tiflisdəki iğtişaşlara görə məsuliyyət daşıdığını deyib. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos oktyabrın 4-də Gürcüstanda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı birgə bəyanatda rəsmi Tiflisi ittiham edib. Sənəddə Gürcüstanda oktyabrın 4-də yerli seçkilərin müxalifətin sıxışdırılması fonunda keçirildiyi bildirilib. Qeyd edilib ki, müxalifətin əhəmiyyətli hissəsinin boykotu səbəbindən seçkilər rəqabətli mühitdə keçirilməyib və seçici fəallığı nisbətən aşağı olub. “Biz seçkilərdən sonrakı dövrdə sakitliyə, təmkinliyə və hakimiyyəti vətəndaşların sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarına hörmət etməyə çağırırıq”, - deyə bəyanatda bildirilib.
Yeri gəlmişkən, son məlumata görə, Aİ ölkələri rusiyalı diplomatların blok daxilində hərəkətini məhdudlaşdırmaq barədə razılığa gəlib. Məhdudiyyətlərin Rusiya əleyhinə sanksiyaların 19-cu paketinə daxil edilməsi təklif olunur. Macarıstan əvvəlcə bu təklifə qarşı çıxıb, lakin daha sonra vetosunu geri götürüb. Avropa agentliklərinin məlumatına görə, bəzi “Rusiya casusları” özlərini diplomat kimi təqdim edir və nəzarətdən yayınmaq üçün tez-tez öz ölkələrindən kənarda əməliyyatlar aparırlar.
Göründüyü kimi, Avropa işğalçı Rusiyanı cəzalandırır, onun deputatlarını “arzuolunmaz” adlandırır, Duma üzvləri də Qafqaz ölkələrini hədəfə alır, şantajlar və təhdidlər yağdırırlar.
Rusiyalı deputatın ritorikası çətin ki, siyasi kontekstdən kənarda sayıla bilər. Bu yorumlar, xüsusilə Azərbaycanla Aİ arasında münasibətlərin heç də həmişə hamar olmadığını nəzərə alsaq, doğrudur. Çünki Brüssel vaxtaşırı Bakının ünvanına tənqidi fikirlər səsləndirir, bir sıra Avropa qurumları isə sərt bəyanatlar verməkdən çəkinmirlər. Görünən budur ki, Rusiyadan Azərbaycanla Avropa təsisatı arasında təfriqə salmaq üçün növbəti davamlı şantajlara əl atılmaqdadır. Beləliklə, şimaldan külək əsdirənlər sakitləşmək bilmir. Bu, Aİ-nin həqiqətən də Azərbaycanın suverenliyini, ölkədəki sabitliyi pozmaq və ya zəiflətmək məqsədi daşıdığı deməkdirmi? Yoxsa bu cür ittihamlar regionda nüfuzunu itirən Rusiyanın geri çəkildikcə şübhələr toxumu səpmək üçün növbəti cəhdidir?
Sahib Alıyev
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bir sıra önəmli məsələlərə diqqət çəkdi: “Dağılmaq və məhv olmaq təhlükəsi ilə o dövlət üzləşə bilər ki, birincisi, onun başında duranlar uzun əsrlər boyu yadellilər olublar, yaxud da o xalqa yadellilər dövlət qurublar. İkincisi, o özü digər dövlətləri dağıtmağa, məhv etməyə çalışır. Üçüncüsü, onları əməkdaşlığa maraqlandıracaq hər hansı layihə ortaya qoymaqdansa, qonşuları ilə hədə dilində danışmaqdan başqa müsbət heç nə etmək istəmir, təkəbbür göstərir, bu üzdən də "izqoy"a çevrilir. Söhbət Azərbaycandan gedirsə, şükürlər olsun ki, bizdə bunlardan heç biri yoxdur. Əksinə, dövlətimiz daha da güclənir, kimlərinsə təhriki ilə bizə qarşı uzun zaman düşmənçilik siyasəti yeridən Ermənistana sülh təklif edib, Macarıstanın xarici işlər naziri cənab Siyartonun təbirincə desək, Avropa liderləri indi Prezidentimizlə görüşmək üçün növbəyə dururlar". S.Alıyev ardınca rusiyalı deputata sakitləşməyi məsləhət gördü: “Yoldaş Vodolatski bizə görə narahat olmasın. Bu gün Qəbələdə nə baş verdiyinə baxsın, əgər hər hansı problemlə üzləşmiş olsaq, tək deyilik, qardaşlarımız var”. Sonda millət vəkili Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Vodolatskinin həmin komitədəki digər birinci müavin zatulinsayağı açıqlama verməsi ilə əlaqədar məntiqli sual ünvanladı: “Əcəba, birinci müavin olaraq bu adamların vəzifəsi həmin quruma üzv dövlətləri, qonşuları hədələmək, təhqir etməkdirmi?”
Məhəmməd Əsədullazadə
Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə bildirdi ki, Cənubi Qafqaz ölkələrinin Avropa Siyasi Birliyində (ASB) iştirakı onların suveren haqqıdır: “Rusiya Qafqaz ölkələrinin sammitdə iştirakına dözümlülük göstərmirsə, bu, Kremli problemidir. Ukraynada strateji məğlubiyyətə uğramış Rusiyanın bu üç ölkəni hədələməsi onların Moskvadan daha da uzaqlaşmasına gətirib çıxaracaq. ASB əməkdaşlıq və tərəfdaşlıq vəd edir, dövlətlərin suverenliyini təhdid etmir. Amma Rusiya ənənəvi təzyiq siyasəti ilə onların suverenliyini təhdid edir. Bu siyasət qəbulonmazdır. Ümumiyyətlə, Avropa Siyasi Birliyi Azərbaycanla münasibətlərə yüksək dəyər verir. Avropa İttifaqı Azərbaycanla uzun illərdir ki, tərəfdaşlıq edir”. M.Əsədullazadə xatırlatdı ki, Azərbaycanın öz müstəqil siyasi gündəmi var: “Cənab Prezident İlham Əliyev uğurlu şəkildə bütün təzyiqləri neytrallaşdırır. Ümumiyyətlə, ASB-nin Azərbaycanda nə inqilab etmək planı var, nə də potensialı. Rusiyalı deputat təxribatçı açıqlama verməklə əməkdaşlığa kölgə salmış olur. Ermənistanla Avropa arasında əməkdaşlıq normaldır. Gürcüstanda isə bunu edə bilmirlər. Azərbaycanla bağlı belə bir plan yoxdur”.
Ekspert qeyd etdi ki, Rusiya uğursuz şəkildə siyasət aparır və təxribatçı fikirlər ortaya qoyur: “Avropa İttifaqı Azərbaycanla enerji, iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək siyasətini həyata keçirir. Cənab Prezident Kopenhagendə yüksək səviyyədə qəbul olundu. Rusiyanın hazırkı siyasəti bir daha təsdiq edir ki, qonşularla normal əməkdaşlıq sisteminə malik deyil”.
E.PAŞASOY,
“Yeni Müsavat”
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ