İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağa “Böyük Qayıdış”ı necə sürətləndirməli?

Subsidiya və kredit imkanları genişləndirilməlidir, 2026-cı ilə qədər...

Son vaxtlar Azərbaycanda keçmiş məcburi köçkünlərin vətəndaşların evində uzun illər (30 ildən çox) məskunlaşması məsələsi cəmiyyətdə geniş müzakirələrə yol açıb. Sözsüz ki, məsələ həm hüquqi, həm də sosial baxımdan olduqca həssasdır və müxtəlif tərəflərin maraqlarını toqquşdurur.

1980-ci illərin sonunda başlayan Qarabağ münaqişəsi nəticəsində yüz minlərlə insan öz doğma yurd-yuvasını tərk etməyə məcbur olub. Dövlət həmin dövrdə bu insanları yerləşdirmək üçün müxtəlif binalardan, o cümlədən vətəndaşların şəxsi evlərindən istifadə edib. Nəticədə minlərlə ailə başqasının mülkiyyətində müvəqqəti yerləşdirilib. Lakin bu “müvəqqəti” məskunlaşma artıq otuz ildir davam edir.

Bu vəziyyət bir tərəfdən də mülkiyyət sahiblərinin hüquqlarının pozulmasına səbəb olur. Onlar öz evlərindən istifadə edə bilmirlər. Lakin bu evlər onların adına rəsmiləşdirilib və hüquqi olaraq onların mülkiyyətidir. Digər tərəfdən isə keçmiş köçkün ailələr illərdir həmin evlərdə yaşadıqlarına görə bu məkanı artıq öz evləri kimi qəbul ediblər. Onlara başqa bölgələrdə yeni evlər də təklif olunur. 

Məsələn, əksər keçmiş məcburi köçkünlər Biləsuvarda təqdim edilən evlərə köçməkdən imtina ediblər. Onlar bunu belə əsaslandırırlar: artıq 30 ildən çoxdur şəhər mühitinə uyğunlaşıblar və başqa bölgəyə köçmək onlar üçün çətindir. Həmin keçmiş köçkünlər bildirirlər ki, yalnız doğma torpaqlarında ev və işlə təmin olunduqları halda mövcud yaşayış yerlərini tərk edəcəklər. 

Məsələ ilə bağlı redaksiyamıza da şikayətlər daxil olur. Xüsusilə Sumqayıtdan sakinlər bildirirlər ki, evlərində Qubadlı rayonundan olan köçkünlər məskunlaşıblar. “Bizə deyirlər ki, Qubadlı rayonunu hərbçilər üçün şəhər edəcəklər, ona görə də köçkünlər ora köçürülməyəcək”, - deyə sakinlərdən biri redaksiyamıza müraciətində bildirir.

Qeyd etmək lazımdır ki, dövlət son illərdə məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq üçün müxtəlif layihələr həyata keçirir. Yeni yaşayış kompleksləri tikilir, azad edilmiş ərazilərə köç prosesi başlanıb. Bununla belə, hələ də şəxsi evlərdə yaşayan çox sayda keçmiş köçkün ailələri mövcuddur. Bu da vəziyyəti daha da mürəkkəbləşdirir.

Mövzu ətrafında müzakirələr bəzən emosional çalarlar da alır. Bəzi vətəndaşlar düşünür ki, artıq bu qədər müddət kifayətdir və ev sahibləri mülkiyyət hüququnu bərpa etməlidirlər. Digərləri isə hesab edir ki, köçkünlər alternativ təminat olmadan evlərdən çıxarılmamalıdır. Əks halda, bu, sosial ədalətsizlik və haqsızlıq kimi qiymətləndirilə bilər. Bu məsələ həm hüquqi, həm də sosial baxımdan balanslı və mərhələli şəkildə həll edilməlidir. Nə ev sahiblərinin, nə də köçkünlərin hüquqları pozulmalıdır. Həll yolu yalnız dövlətin təminatlı və sistemli yanaşması, eləcə də cəmiyyətin anlayışı ilə mümkün ola bilər.

Bəs dövlət köçkünlərin doğma yurdlarına tez bir zamanda qayıtması üçün hansı tədbirləri görməlidir?

İqtısadçı Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Bununla bağlı dövlət proqramı var. 2026-cı ilə qədər "Böyük Qayıdış" proqramının birinci mərhələsi yekunlaşır və dövlət bu istiqamətdə böyük işlər görüb, elmi və digər resursları ora yönləndirir. Fikrimcə, hər şeydən əvvəl minaların təmizlənməsi sürətləndirilməli, əhaliyə torpaq sahələrinin ayrılmasına xüsusi diqqət yetirilməlidir. Digər tərəfdən, torpaq sahəsi ayrılan ailələrə, köçkünlərə həm də subsidiyalar və güzəştli kreditlərin verilməsi faydalı olar. Bu, insanların həmin ərazilərdə öz təsərrüfatlarını və güzəranlarını qurmasına imkan yaradacaq. Mən hesab edirəm ki, bu imkanlar təkcə məcburi köçkünlərə deyil, ümumiyyətlə, Azərbaycanda yaşamaq və orada fəaliyyət göstərmək istəyən bütün vətəndaşlara yaradılmalıdır. Torpaq sahələri ayrılmalı, insanlar orada müəssisələr və yaşayış məhəllələri qura bilməlidirlər ki, proses daha da sürətlənsin. Əlbəttə ki, ilk növbədə biznes imkanları genişlənməli, iş yerləri yaradılmalıdır. Bu baxımdan kiçik sahibkarların və fermer təsərrüfatı ilə məşğul olan insanların həmin ərazilərə köçməsi daha məqsədəuyğun olardı. Bu, həm biznesin inkişafına, həm də yeni iş yerlərinin açılmasına təkan verər".

Əlavə edək ki, ölkə Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.08.2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 17204 nəfərdən ibarət 4325 ailənin qayıdışı təmin edilib. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 35385 nəfər təşkil edib. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1150 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 53739 nəfər təşkil edib.

Hazırladı: Afaq Mirayiq

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR