İnsanlara hürriyət, millətlərə istiqlal!

Kim, axı sən kimsən?!

 İlk yayınlanma zamanı: 15.09.2023 / 16:04

Yenə həmin dalğa, həmin koordinatlar...1992-ci ilin bu vaxtları yada düşdü. O zaman cəmi bir illik müstəqillik yaşı olan Azərbaycan həm ayaqları üstə durmağa çalışır, həm də torpaqlarını sovet ordusunun bölgədəki qalıqlarından dəstək alan işğalçı Ermənistandan, separatı-terrorçu erməni silahlı dəstələrindən xilas etmək uğrunda mücadilə verirdi. Uğurları da var idi, məsələn, Ağdərə rayonu böyük itkilər bahasına düşmən işğalından təmizlənmişdi, “mardakert” yazılmış nimdaş lövhə Azərbaycan əsgərinin çəkmələrinin altında qalmışdı.

Bundan sonra nə baş verdi? Bəlkə “ədalət carçısı” olan paytaxtlardan Azərbaycana təbrik gəldi, ya silah-sursat yolladılar digər itirilmiş ərazilərin azad edilməsindən ötrü. Yox, əksinə, ABŞ Konqresi Azadlığın Müdafiə Aktına 907-ci düzəliş qəbul elədi, faktiki olaraq Azərbaycana qarşı sanksiya qərarı! Torpaqlarını işğaldan, terrordan təmizləyən ölkəyə “hədiyyə” belə oldu və bu, ədalətsiz qərar bu günədək tam ləğv edilməyin, sadəcə “soyuducu”ya qoyub. Təsadüfi deyil ki, bu sanksiyanın “donunu açmaq”la bağlı təşəbbüslər yenidən səslənməyə başlayıb. Səbəbi bəllidir: üstündən 31 il keçəndən sonra da Azərbaycanı cəzalandırmaq niyyətlərindən əl çəkmirlər. Azərbaycan ordusu 2020-ci ilin 27 sentyabrda Ermənistanın “yeni ərazilər uğrunda” planını darmadağın edərək, əks-hücumla torpaqlarının böyük hissəsini təsacüvzdən xilas etdi, 44 günə böyük zəfər qazandı. Bu günədək bir çoxları Azərbaycanın zəfərini sinirə bilmirlər,  həmçinin ABŞ-dakı ermənipərəstlər, erməni sifətlilər, erməni çirkabında üzənlər. Çox təəssüf az qala dövlət siyasətinə çevrilib ermənipərəstlik, əks təqdirdə qələbəmizdən keçən müddət ərzində ABŞ səfiri Zəfərimizin rəmzi olan Şuşaya səfərdən imtina etməzdi.

16856948796163021523_1200x630jpg-1685701748.jpg (138 KB)

Hələ bu, azmış kimi, ABŞ Senatında Qarabağdakı vəziyyəti müzakirəyə çıxarırlar. Qarabağda nə baş verib ki, bunlar niyə narahatdırlar?        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Amerika Birləşmiş Ştatları Senatının Xarici əlaqələr komitəsinə açıq məktub ünvanlayıb. Sentyabrın 14-də ABŞ Senatında “Dağlıq Qarabağda vəziyyət”lə bağlı dinləmələr keçirilib və burada işğalçı-terrorçu qüvvələrin cızdığı ssenariyə uyğun çıxışlar səsləndirilib. Amerika kimi ciddi dövlətin, onun Senatının adına ayıb hərəkətdir! Dinləmələrin adı belə, ikrah doğurur: Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur, var Qarabağ İqtisadi rayonu! Digər tərəfdən, Azərbaycanın bir bölgəsi ilə bağlı dinləmələrin keçirilməsinin özü absurddur. Nə olub? Kim ölüb? ABŞ Senatı Amerika məktəblərində silahlı qətllərlə bağlı dinləmələr keçirsə, daha faydalı iş görmüş olmazdımı? Aydın görünür ki, bunlara Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası lazım deyil, yenidən gərginlik yaratmaq istəyirlər. Yoxsa sönməkdə olan ocağı körükləməyin başqa adı yoxdur. ABŞ Senatının təşəbbüsü ilk növbədə rəsmi Vaşinqtonun Azərbaycan və Ermənistan arasında danışıqlarda moderatorluq etmək cəhdlərinə, sülh əldə olunması istiqamətində təşəbbüslərinə vurulan baltadır, bunu ABŞ dövlətinin rəhbərliyi anlamırmı? Bundan sonra Azərbaycana hansı üzlə “gəlin, oturaq, sülh danışıqları aparaq” deyəcəklər?!  

ABŞ Senatındakı dinləmələrdən əvvəl Milli Məclis bəyanat qəbul etmişdi. Bəyanatda deyilir: “Azərbaycanın müstəqillik əldə etdiyi ilk gündən etibarən radikal erməni qruplaşmaları və Birləşmiş Ştatlar Konqresində onlarla əlbir olan qüvvələr Azərbaycana qarşı təcavüzü təşviq edən, radikalları cəzasız olaraq insan iztirablarına səbəb olan ağır cinayətlər törətməyə təhrik edən fəaliyyət yolu seçmişlər. Nəticədə Ermənistan Respublikası 250 min azərbaycanlını bugünkü Ermənistan ərazisindəki doğma torpaqlarından zorla didərgin salmış, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini 30 il işğal altında saxlamış, müxtəlif etnik və dini mənşəyə mənsub olan 700 mindən çox azərbaycanlını məhv etmiş və etnik təmizləməyə məruz qoymuşdur”. Bu faktlar bəs edərdi ki, Senatdakı demoqogiya, şantaj dolu çıxışlar təxirə salınsın, dinləmələr adında şou yığışdırılsın. Özünü “demokratiyanın beşiyi” sayan dövlətdə dinləmələr keçirilirsə, orada yalnız erməni mətbəxindən qidalananlar  dinlənilməməlidir! Ən azı Azərbaycanın ABŞ-dakı diplomatik nümayəndəliyinə söz demək haqqı tanınmalı, yaxud Azərbaycan parlamentinin yolladığı bəyanat səsləndirilməli idi. Yoxsa birtərəfli çıxışları, şər dolu üfunət qoxulu ittihamları dinləmələr adlandırmaq sadəcə ayıbdır!

“Biz “Qarabağ xalqı”na qarşı heç bir əməliyyata və hücuma dözməyəcəyik, bu çox aydındır”-deyən ABŞ dövlət katibinin müavini Yuri Kim ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosini xatırlatdı. Pelosi də ermənilərdən aldığı pulları “əritmək” üçün İrəvanda saxta göz yaşları axıtdı. İndi də Yuri Kim. Axı, sən kimsən təzə “xal” icad edirsən, Kim?! Get Koliforniya ermənilərinə qoy o qondarma adı! Qarabağda 15-20 minlik qanunsuz “ordu” mövcuddur və antiterror əməliyyatının üzvü olaraq Azərbaycanın bu canilərin kökünü kəsmək hüququ var, bunu anlamağınız lazımdır. Bir də ki, dözməyib, neyləyəcəksən?!

Ceyhun-Bayramov-ABS-rəsmisi-ilə-Azərbaycan-Ermənistan-normallasma-prosesini-muzakirə-edib.jpg (77 KB)

Qarabağ separatçıları sondarma “seçki” keçirən gün – 9 sentyabrda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim arasında növbəti telefon danışığının olduğu barədə rəsmi xəbər yayılmışdı. Rəsmi xəbərdə deyilirdi: “Nazir Ceyhun Bayramov Ermənistanın və onun tərəfindən Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı artan təxribatlarının, öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən hələ də çıxarılmamış erməni silahlı qüvvələrinin bölgədə sülh və təhlükəsizliyə əsas təhdid olduğunu diqqətə çatdırıb. Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin 9 sentyabr tarixində “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyətin Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozuntusu olduğu, bu addımın bölgədə normallaşma və erməni sakinlərin Azərbaycan Respublikasının konstitusion çərçivəsinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbə vurduğu bildirilib. Erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasının zəruri olduğu nazir tərəfindən vurğulanıb. Nazir beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə uyğun olaraq, Azərbaycan ərazisində “seçki” adı altında aparılan bu qanunsuz fəaliyyəti qətiyyətlə pisləməyə çağırıb”.

Üstündən keçən müddət ərzində Kim reaksiyasına baxın: “Qarabağ xalqı”, “dözməyəcəyik”...Separatçılara okeanın o tayından zəhər ötürürlər...Amma bilsinlər, 30 il ərzində Azərbaycanın əl-qolunu bağlamaq üçün çox çalışdınız, amma heç “907” zənciri də bizim yolumuzu kəsə bilmədi. Bir də ki, bu sözləri Kim Kardaşyan desəydi, anlamaq olardı...Ciddi dövləti bu qədər gülünc günə salmayın, xanım Kim!

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR