Onlayn ictimai-siyasi qəzet
Bu ilin doqquz ayı ərzində dərmandan zəhərlənmə səbəbilə KTM Toksikologiya şöbəsinə 379 nəfər qəbul edilib. Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Qeyd olunub ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib: “Həkimlərin səyinə baxmayaraq, 8 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Zəhərlənmə halları əsasən həkim məsləhəti olmadan qəbul edilən dərman vasitələri ilə bağlı olur”. Amma o da sirr deyil ki, apteklərdə bahalaşmadan sonra müşahidə olunan əsas problemlərdən biri də dərmanların keyfiyyətidir.
Bu vəziyyəti şərtləndirən səbəblərdən biri də dərman preparatlarının idxalında davam edən monopoliyadır. Azərbaycanda dərmanların idxalı əsasən məhdud sayda şirkətlərin əlində cəmləşib. Bu şirkətlər bazarda dominant mövqe tutduqları üçün həm qiymətləri süni şəkildə yüksəldə bilir, həm də dərmanların keyfiyyətinə ciddi diqqət yetirmədən satışa çıxarılmasına şərait yaradırlar. Əczaçılıq sahəsində şəffaf rəqabətin olmaması saxta və təsiredici maddəsi olmayan preparatların da bazara daxil olmasına zəmin yaradır.
Yerli əczaçılıq sənayesinin inkişaf etməməsi də bu problemin kökündə duran əsas səbəblərdəndir. Baxmayaraq ki, son illərdə bir neçə birgə müəssisənin yaradılması nəzərdə tutulmuşdu, bu təşəbbüslər ya ləngiyib, ya da maliyyə və texniki çətinliklər səbəbilə yarımçıq qalıb. Əczaçılıq sənayesində ixtisaslı kadrların çatışmazlığı, müasir istehsal avadanlıqlarının olmaması və stimullaşdırıcı tədbirlərin aparılmaması bu sahənin inkişafını əngəlləyir. Nəticədə Azərbaycan dərman ehtiyacının 90 faizdən çoxunu hələ də idxal hesabına ödəyir.
Digər tərəfdən, apteklərin özləri də məsuliyyət yükündən azad deyil. Reseptlə satılması nəzərdə tutulan dərmanların böyük bir qismi faktiki olaraq hər kəsə açıq şəkildə təklif olunur. Bu isə həm fərdi sağlamlığa zərər vurur, həm də dərman zəhərlənmələrinin artmasına səbəb olur. Bəzi apteklər, xüsusilə də böyük aptek şəbəkələri, daha yüksək mənfəət naminə ucuz və keyfiyyətsiz məhsulları üstün tuturlar.
Dərman insan həyatı ilə birbaşa bağlı olan strateji məhsuldur. Onun keyfiyyətsiz olması təkcə bir fərdin deyil, bütöv cəmiyyətin sağlamlığına və etibarına zərbə vurur. Bu səbəbdən, dərman təhlükəsizliyi məsələsi təkcə səhiyyə sektorunun deyil, həm də dövlətin ümumi təhlükəsizlik və iqtisadi siyasətinin bir hissəsi kimi qiymətləndirilməlidir.
Azər Xudiyev
Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri Azər Xudiyev mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Dərman zəhərlənməsi bütün dünyada mövcud olan faktiki bir hadisədir. Azərbaycanda da bu istiqamətdə həmişə statistika mövcud olub və müəyyən dövrlərdə artımlar müşahidə edilib. Amma son zamanlar 8 nəfərin dərmandan ölümü baş verib, xilas etmək mümkün olmayıb. Bu dərman vasitələrinin tərkibi kimyəvi və psixotrop-narkotik maddələrdən də ibarət ola bilər. Məsələyə ciddi diqqət yetirilməsi vacibdir, baxmaq lazımdır ki, bu hansı dərmandır. 8 nəfərin ölümünə nə səbəb olub, araşdırmaq lazımdır. Dərmanın keyfiyyəti dedikdə, öncədən dozanın aşmasını müəyyən etmək lazımdır. Dozanın aşılması keyfiyyət demək deyil. Bunun farmakonəzarət sistemi mövcuddur. Analitik ekspertizanın daim çalışdığı dövlət və farmakonəzarət birlikdə dərmanın keyfiyyəti haqqında hansısa məlumat əldə etdikdə, onun aptek marketlərindən yığışdırılması ilə təcili məşğul olur”.
Mütəxəssis ölkəmizdə dərman sənayesinin inkişaf etməməsinə də münasibət bildirib: "Pirallahıda dərman vasitələrinin, qida vasitələrinin istehsalı ilə məşğul olan zavodun əsası qoyulub. Ümumiyyətlə, dərman istehsal edən müəssisələrin qurulması işi artıq bitməli idi. Bu sahəyə böyük investisiyanın cəlb olunması planlaşdırılsa da, bir çox zavodların tikintisi hələ tam başa çatmayıb və fəaliyyətə başlamayıb. Əslində bu zavodların artıq istismara verilərək yerli istehsala başlaması gözlənilirdi, lakin işlərin vaxtında yekunlaşmaması dərman bazarında müəyyən gecikmələrə səbəb olur. Bunun əsas səbəbi maliyyə çətinlikləri göstərilir. Əslində iqtisadi əsaslanması düzgün deyil. Dünya dərman bazarı daim inkişafdadır. Belə uzun çəkən istehsal prosesi heç cür sərf etmir, çünki yeni molekulların Azərbaycana idxal olunması prosesi ləngiyir. Pafosu yığışdırmaq lazımdır, real ciddi işlə məşğul olmaq lazımdır. Kimlər ki investisiyalar qoyub, bunları real nəticəyə çıxarmaq lazımdır. Artıq müəyyən layihələr üzrə təməllər qoyulub, lakin bu investisiyaların real nəticəyə çevrilməsi üçün əlavə koordinasiya və sürətləndirilmiş mexanizmlərə ehtiyac var.
Əlavə olaraq, dərmanların qeydiyyata alınması prosesində ciddi problemlər mövcuddur. Bu çətinliklər aradan qaldırılmadan yerli istehsalın tam gücü ilə fəaliyyətə başlaması real görünmür. Problemlərin bir qismini yalnız daxili istehsalın inkişafı hesabına, yəni idxaldan asılılığın azalması yolu ilə həll etmək mümkündür".
Aydın Əliyev
Farmakoloq, professor Aydın Əliyev bizimlə söhbətdə dərmanların keyfiyyəti ilə bağlı bunları deyib: “Dərmanın keyfiyyətsizi o deməkdir ki, o dərmanın vaxtı keçib, o dərmanın tərkibində olan ionlar, atomlar, ayrı-ayrı bioloji aktiv maddələr artıq insan bədənində enerjini dəyişdirə bilmir. Dərmanlar bədəndə enerjini artırır, ya azaldır. Bu enerjini dəyişdirə bilmirsə, deməli, keyfiyyətsizdir. Yəni cansız canlıya can verə bilməz. Amma dərman canlı olduğuna görə canlı orqanizmə, xəstəliklərə kömək edir. O cansız dərmanlar Azərbaycana niyə buraxılır?! Çıxış yolu da odur ki, dərman zavodları mütləq işə düşməlidir. Sırf xaricdən asılı vəziyyətə düşürük. Xaricdən asılı olmaq təkcə dərmanların maddi asılılığı da demək deyil. O dərmanların keyfiyyətindən də asılı vəziyyətə düşürük. O dərmanlar adına uyğun keyfiyyətdə bizə gəlirmi? Tərkibi yazıldığı kimidirmi? Çox sayda problemlər var. Bu problemlərin hamısının həllinə sahibkarların da gücü çatmayacaq. Avtomatik olaraq qiymətlərin artması baş verəcək. Digər tərəfdən, sahibkarların özləri də etiraf edirlər ki, ayrı-ayrı idarələrdən asılıdırlar. O asılılıqlar aradan götürülməlidir. Dərmanlar birbaşa ölkəyə gəlməlidir, bizim dərman ekspertiza idarəsindən keçəndən sonra apteklərə ötürülməlidir. Başqa heç kim bu dərmanların qarşısını kəsməməlidir”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ