Onlayn ictimai-siyasi qəzet
Kəşmir dünyanın ən məşhur bölgələrindəndir. Bunun bir səbəbi bu bölgənin 80 ildir qaynar münaqişə ocağı olmasıdırsa, bir səbəbi də Kəşmirin bərəkətli torpağı, bütün dünyada məşhur olan xalıları və parça məmulatıdır.
Ona görə də Kəşmir sözün əsl mənasında üç ölkənin arasında qalıb. Bu ölkələr Hindistan, Pakistan və Çindir. Hindistan Kəşmirin 55 faizinə nəzarət edir. Pakistan bölgəninin 30 faizini götürüb. Yerdə qalan ərazi isə Çinə çatıb.
Hazırda əsas konflikt ocağı Hindistana məxsus olan ərazidədir. Hindistan və Pakistanın hərbi qüvvələrinin yerləşdiyi sərhəd xətti də xroniki toqquşmalar meydanıdır.
Bölgədə münaqişə 1947-ci ildə, Böyük Britaniyanın Hindistan və Pakistandan çəkilməsindən, ümuni adı Hindastan olan müstəmləkənin bölünməsindən sonra başlayıb. Həm Hindistan, həm də Pakistan keçmiş Cammu və Kəşmir knyazlığının əyalətinin bütün ərazisinə iddia irəli sürüb.
Əslində isə 1947-ci il Hindistan Müstəqilliyi Aktında nəzərdə tutulan bölünmə planına görə, Kəşmir Hindistan və ya Pakistana qoşulmaq hüququna malik olub. Knyazlığın hökmdarı maharaca Hari Sinqh ərazinin müstəqilliyini elan etmək fikrinə düşüb. 1947-ci ilin ortalarında Kəşmirdə icma toqquşmaları və antimonarxiya hərəkatı başlayıb və 1947-ci ilin oktyabrında Pakistan silahlı qüvvələri Kəşmirin şimal bölgələrini işğal edib. Maharaca kömək üçün Hindistana müraciət etmək məcburiyyətində qalıb və ona qoşulma haqqında sənəd imzalayıb. Knyazlığa hind qoşunları göndərilib. Müharibə pakistanlıların məğlubiyyəti ilə başa çatıb, münaqişənin hər iki tərəfində qurbanların ümumi sayı 7,5 min nəfər olub. 1949-cu il yanvarın 1-də BMT-nin himayəsi altında atəşkəs xətti qurulub.
Nəticədə Hindistan Cammu, Kəşmir vadisi və Ladaxın çox hissəsini tutub. Pakistan Azad Kəşmir və Gilgit-Baltistanı əyalətinə nəzarətə yiyələnib. Çin isə Aksay-Çin bölgəsini, yaşayış olmayan Trans-Karakoram traktını və Demçok sektorunun bir hissəsini əhatə edən ərazini özünə götürüb.
Kəşmirin Hindistanda qalan hissəsinin əhalisinin böyük əksəriyyəti müsəlmanlardır və onlar Pakistana birləşmək istəyirlər. Bu bölgədə vaxtaşırı xalq üsyanları baş verir, ortalıq qarışır. Hindistan hərbi-polis qüvvələrinin zoru ilə asayişi, sakitliyi müvəqqəti olaraq bərpa edir. Pakistan, təbii ki, Kəşmirin müsəlman əhalisinin əsas müdafiəçisidir və əlindən gəldiyi qədər din qardaşlarını qoruyur, onların müqavimət gücünü artırır.
Məsələn, 1989-cu ildə Hindistanın idarə etdiyi Kəşmir vadisində Pakistanın maddi-texniki dəstəyi ilə Hindistan hakimiyyətinə qarşı silahlı üsyan başlayıb. Bölgə xalqı öz müqəddəratını təyin etmə iddialarına əsaslanaraq müstəqil dövlət qurmaq tələbi ilə çıxış ediblər. Bir neçə ilin ərzində üsyana rəhbərlik Pakistanla birləşmək istəyən, İslamabad tərəfindən dəstəklənın cihadçı qrupların əlinə keçib. Döyüşlər 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində davam edib və Cammu bölgəsinin bəzi hissələrinə də yayılıb. Bu toqquşmalarda on minlərlə döyüşçü və mülki insan həlak olub. 1990-cı illərin əvvəllərində Kəşmir indusları müsəlmanların çoxluqda olduğu Kəşmir vadisindən qaçmağa məvbur olublar. Hindistan hökuməti üsyan əleyhinə sərt tədbirlər həyata keçirib, yerli əhalinin repressiyasını və bölgənin hərbiləşdirilməsini gücləndirib. 2010-cu illərdə Kəşmir vadisində amansız hərbiləşdirmə, hüquq pozuntuları, yanlış idarəçilik və korrupsiya nəticəsində yaranan vətəndaş iğtişaşları baş verib.
Hindistan qüvvələri Kəşmirin mülki əhalisinə qarşı çoxsaylı insan haqları pozuntuları və terror aktları törədiblər. Bu sırada məhkəməsiz qətllər, zorlamalar, işgəncələr və yoxa çıxarma halları da olub. Beynəlxalq Amnistiya Təşkilatına görə, 2015-ci ilin iyun ayına kimi Cammu və Kəşmirdə yerləşdirilən Hindistan hərbi qulluqçuları saysız-hesabsız hərbi cinayət törətsələr də, bir dəfə də olsun hərbi tribunallarda hüquqlarının pozulmasına görə məhkum edilməyiblər.
“Amnesty İnternational” da Hindistan hökumətini bölgədə səlahiyyətlərindən sui-istifadə edənləri mühakimə etməməkdə günahlandırlb.
Bir sözlə, Hindistan baş nazir Cəvahirləl Nehrunun dönəmindən üzü bəri bu münaqişənin öhdəsindən gələ bilmir. Hələ 1947-ci ildə Hindistan liderləri Kəşmirin “Hindistana müvəqqəti birləşdirilməsi” barədə danışaraq bölgənin müsəlman əksəriyyətinin qəzəbindən yayınmağa çalışıblar. Ancaq sonra gücləndikcə “müvəqqəti birləşmə” əməlli-başlı ilhaqla əvəzlənib.
Uzun illər davam edən sülh danışıqları Kəşmir mübahisəsini həll edə bilməyib. Heç BMT-nin vasitəçiliyi də əməli nəticə verməyib. BMT Təhlükəsizlik Şurası 21 aprel 1948-ci ildə 47 saylı qətnaməsi kağız üzərində qalıb. Qətnaməyə görə, Pakistan Cammu və Kəşmiri tərk etməliydi, Hindistan isə öz qüvvələrini minimuma endirməliydi. Ancaq prosedurun təfsiri və demilitarizasiyanın əhatə dairəsi ilə bağlı fikir ayrılıqları səbəbindən nə Hindistan, nə də Pakistan atəşkəs haqqında razılığa gələ bilməyiblər.
78 ildir bölgədə sülh yoxdur. Nə vaxtsa olacağı da gözlənilmir. Son günlər Pakistan-Hindistan sərhədində vəziyyətin gərginləşməsi isə 4 gün öncə (aprel 22-də) Cammu və Kəşmirin əyalətinin (Hindistanın ərazisi) Pahalqam şəhəri yaxınlığında baş vermiş terror hücumu ilə bağlıdır. Bir qrup terrorçu turistlərə atəş açıb, 26 nəfəri öldürüb, 20 nəfəri yaralayıblar. Hücuma görə məsuliyyəti “Ləşkəri-Taibə” ilə əlaqəli “Müqavimət cəbhəsi” öz üzərinə götürüb.
2019-cu ildə Hindistan hökuməti əhalisinin əksəriyyəti müsəlman olan Cammu və Kəşmirin muxtariyyətinə son qoyandan bəri bu, ilk ciddi gərginlikdir.
1947, 1965 və 1999-cu illərdə müharibə aparan dövlətlər yeni müharibənin astanasındadırlar. Bu dəfə həm Hindistanın, həm də Pakistanın nüvə dövləti olması situasiyanı daha təhlükəli edir.
Araz Altaylı, Musavat.com
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ