Onlayn ictimai-siyasi qəzet
Amerikalı alimlər kartofun tərəvəz adlandırılmasının əleyhinədir. Tədqiqatçıların fikrincə, buna görə bir çox insanlar ondan qida rasionunda geniş istifadə edir və kökəlir.
Alimlərə görə, əslində kartof yarmadır. Onlar kartofun dənli bitkilərlə - düyü, buğda və yulafla bərabər tutulmasının tərəfdarıdırlar və qeyd edirlər ki, kartofla pəhriz amerikalıların 66%-dən çoxunda artıq çəki və piylənməyə səbəb olub.
Bu məhsuldan necə istifadə edək ki, əlavə kilo almayaq? Bozbaşı kartofsuz bişirib yeyəkmi? Yaxud kartof qızartması, püresi, kartof pirojkisi nə dərəcədə faydalıdır? Kartof ətlə yeyilə bilərmi?
Qeyd edək ki, kartofla bağlı məsələ çox müzakirəlidir. Çünki bəzi alimlər əksinə, arıqlamaq üçün kartofdan istifadə etməyi tövsiyə edir. Məsələn, Kaliforniya Universitetinin alimləri arıqlamaq istəyən şəxslərin rasionuna kartof əlavə etməyi tövsiyə edirlər. Onların araşdırmasına görə, bu tərəvəz nəinki artıq çəki yaratmır, əksinə, arıqlamağa kömək edir. Qeyd olunur ki, kartof insanı tox saxlayır və lif miqdarı yüksək olduğu üçün həzm sisteminə yaxşı təsir edir. Sadəcə yağda qızardılan kartof insanı kökəldə bilir, buna görə onu suda və yaxud sobada bişirib, yaşıl tərəvəzlərlə birlikdə qəbul etmək tövsiyə olunur.
Mövzu ilə bağlı həkim-diyetoloq Ləman Süleymanova Musavat.com-a danışıb.
Diyetoloq qeyd edib ki, Azərbaycan mətbəxinin yeməklərinə xüsusi dad verən tərəvəzlər var ki, kartof da onlardan biridir:
“Ümumiyyətlə, kartof çox xeyirli tərəvəzdir. Yəni onun tərkibi orqanizm üçün lazım olan vitaminlərlə zəngindir. Təbii ki, hər bir qida növünün xeyirli və zərərli tərəfləri var. Amma kartof çoxillik ot bitkisidir və tərkibində B1, B2, B6, K vitaminləri, nişasta və sairə var. Nişasta kartofun 17-19 faizini təşkil edir. Tərkibində su isə 70-73 faiz təşkil edir.
Kartofun içi ilə yanaşı, qabığının da faydası var. Sadəcə olaraq kartof ağır tərəvəz növü sayılır, çünki tərkibində olan nişastanın rolu çox böyükdür. Məsələn, biz mütəxəssislər məsləhət görürük ki, onu soyub, müəyyən vaxt suda saxladıqdan sonra, rahat şəkildə qidalarda istifadə etmək lazımdır. Xüsusən də əgər yemək çox yağlı olacaqsa, bu qaydaya riayət olunmalıdır.
Hər bir qida kimi kartofdan da sui-istifadə etmək olmaz. Məsələn, onu düyü və yaxud bulqur ilə qarışdırıb, qəbul etmək doğru deyil. Çünki düyünün və kartofun əkilməsi, əkin zamanı qulluq tamamilə fərqlidir. Düyü mənşəcə bataqlıq otudur, yəni onun çıxarılması, əldə olunması, tərkibi, həzm sisteminə təsiri fərqlidir.
Kartofun əsasən dənli, birillik, çoxillik bitkilər, paxlalılar, qarğıdalı, xiyar, soğan, şəkər çuğunduru ilə birlikdə qəbulu doğru hesab olunur.
O ki qaldı kartofun kökəlməyə səbəb olmasına, ümumiyyətlə, bir çox qida növləri var ki, onlardan düzgün istifadə etmədikdə təbii ki, kökəlməyə gətirib çıxarır. Hətta pəhriz çörəklərindən və ya aşağı kalorili qidalardan da kökəlmək mümkündür. Arıqlamaq üçün ən ideal mexanizm enerji xərclərinizin gündə istehlak etdiyiniz kalorilərin sayını aşmasını təmin etməkdir.
Kartof həm də piylənmədən qoruyan, antidepressant və iltihab əleyhinə xüsusiyyətlərə malik olan, şəkərli diabetin inkişaf riskini azaldan, bağırsaqların, gözlərin və ürək-damar sisteminin fəaliyyətini təşviq edən maddələrin əsas mənbəyidir. Bütün bu maddələr kartofun qabığında var, buna görə də kök məhsulunu onunla qaynatmaq və bişirmək daha yaxşıdır. Hər şey istehlak edilən kartofun miqdarından asılıdır. Çox yeyirsinizsə, qanda qlükoza konsentrasiyası arta bilər”.
Xalidə Gəray
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ