İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadada Azərbaycan gənclərinə dəstək: tanınmış alim və kanadalı siyasətçi İlə ilhamverici görüş - FOTO, VİDEO

Toronto şəhərində yerləşən Azərbaycan Evində keçirilən möhtəşəm görüşdə dünya miqyasında tanınmış alim, Humboldt mükafatı laureatı professor Məsud Əfəndiyev və Ontario əyalətinin keçmiş deputatı, nüfuzlu siyasətçi Reza Moridi azərbaycanlı gənclərlə bir araya gəlib. Musavat.com xəbər verir ki, bu tədbir, Kanadada yaşayan azərbaycanlı gənclərə elm və siyasət sahəsində uğur qazanmağın yollarını göstərmək məqsədi daşıyıb.

Professor Məsud Əfəndiyev çıxışında öz elmi nailiyyətlərindən, qlobal səviyyədə tanınmış araşdırmalarından danışaraq, gənclərə elmin gücü ilə hədəflərə çatmağın yollarını izah edib. O, öz təcrübələrinə əsaslanaraq, istedadlı gəncləri elm yolunda qətiyyətli olmağa və daim öz üzərlərində işləməyə çağırıb. Onun motivasiyaedici çıxışı gənclərdə böyük maraq və ruh yüksəkliyi doğurub.

Kanadada siyasi sahədə uzun müddət fəaliyyət göstərmiş və azərbaycanlı icmasının güclənməsinə töhfələr vermiş Reza Moridi isə çıxışında Kanada siyasətindəki təcrübələrini bölüşərək, gəncləri cəmiyyətə daha çox inteqrasiya olmağa, ictimai fəaliyyətlərdə aktiv iştirak etməyə çağırıb. Moridi, Kanada parlamentindəki fəaliyyəti zamanı Azərbaycan icmasının hüquqlarını və maraqlarını qorumaq üçün apardığı işlərdən bəhs edib.

trtrt.jpg (589 KB)

Görüş zamanı daha bir mühüm elan səsləndirilib: Kanadadakı azərbaycanlı gənclər üçün yeni bir gənclər təşkilatının yaradılması qərara alınıb. Bu təşkilatın məqsədi, icmanın birliyini gücləndirmək, gənclərin bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin Azərbaycan diasporunun Kanadada daha da möhkəmlənməsinə dəstək olmaqdır. İcmanın gələcəyinə ümidlə baxan gənclər, bu addımın böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Bu görüş, Kanadadakı Azərbaycan icmasının gələcəyinə dair yeni üfüqlər açaraq, gənclərə həm elmi, həm də ictimai-siyasi sahələrdə uğur qazanmağın mümkün olduğunu bir daha göstərdi.

Ərhun Abbaslı, Musavat.com
Toronto

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR