İnsanlara hürriyət, millətlərə istiqlal!

İTV-nin rəsmi saytına və canlı yayımına haker hücumu olub - FOTO

"İTV-nin rəsmi saytına və canlı yayımına haker hücumu olub. Bu anlarda İTV-nin rəsmi saytına daxil olduqda fərqli mənzərə görsənir. Burada hansısa xarici bir saytın məlumatları yerləşdirilib".

Musavat.com bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Ekspert qeyd edib ki, büdcədən maliyyələşən və dövlətin rəsmi informasiya resurslarından biri olan bu kanalın belə bir hücuma məruz qalması informasiya təhlükəsizliyi sahəsində ciddi boşluqların olduğunu göstərir:

"Güman etmək olar ki, kiber hücum edənlər saytın boşluqlarından və zəif qorunmasızdan istifadə ediblər.
İTV yetərincə baxımlı kanaldır, faydalı kontent istehsal edir.

Bu cür ictimai, milli informasiya resursu belə asanlıqla ələ keçirilməli deyil.

İki gün öncə kibertəhlükəsizliklə bağlı , bütün maraqlı tərəflərin, o cümlədən elə TV-lərin də nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda həm də canlı yayımın kiber müdaxilələrdən qorunması müzakirə predmeti olmuşdur. Bu sektorda ciddi boşluqların ola biləcəyi vurğulanmışdır.

Əvvəllər də bu haqda qeyd etmişdim. Hazırda AzTV-dən başqa digər yayımçılarda rəsmi saytlarıyla bağlı, canlı yayımla bağlı vəziyyət təhlükəsizlik tələblərinə yetərincə cavab vermir.
Xatırlayıram ki, o zaman İTV bu qeyd etdiklərimə münasibət açıqlayarkən hər şeyin yüksək vəziyyətdə olduğunu bildirmişdi".

Osman Gündüz qeyd edir ki, daha narahatedici məqam isə canlı yayımın təhlükəsizlik məsələsidir, yayıma kənar müdaxilə riskidir:

"İndi təsəvvür edin ki Prezident çıxış edir canlı yayımda və rəsmi sayt da sıradan çıxarılır və yayıma ayrı bir kontent təqdim edilir. Hansı ki bu tip çıxışların vaxtı da adətən öncədən bilinir.

İTV bu cür hadisələrin təkrarlanmaması üçün İT infrastrukturu dərhal gücləndirilməli, bura resurslar ayırmalı, təhlükəsizlik sistemləri yenilənməli və kibermonitorinq aparmalı , kiber audit təşkil etdirməlidir.
Dövlət informasiya resurslarının bu qədər zəif qorunması qəbuledilməzdir və təcili tədbirlər görülməlidir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Fevral 2025

08 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR