İnsanlara hürriyət, millətlərə istiqlal!

Azad Cəbrayılın beş ili...

Deputat qarşıdakı illərdə görüləcək işləri sadaladı; 2040-cı ildə...

İşğaldan azad etdiyimiz Qarabağ torpaqlarında hazırda əsas diqqətlər həm də 30 ilə yaxın müddətdə məcburi köçkün həyatı yaşayanların öz dədə-baba torpaqlarına köçürülməsinə yönəlib. 2022-ci ilin noyabrında Prezident İlham Əliyevin Sərəncamına əsasən qəbul edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” son 3 ildə uğurla icra olunmaqdadır. Artıq qısa zaman ərzində görülən işlərin nəticəsi olaraq 50 mindən çox insan azad edilmiş torpaqlara geri qayıdıb.

Bu da çox böyük uğur sayılır. Çünki Azərbaycan dövləti öz şəxsi hesabı ilə, kənardan heç bir yerdən yardım almadan erməni terrorçuları tərəfindən tamamən dağıdılmış ərazilərini yenidən qurur. Bu yolda milyardlarla manat vəsait xərclənir. İndiyə qədər 20 milyard manatdan çox vəsait sərf olunub. Təkcə bu il üzrə Qarabağda təmir-bərpa, quruculuq işlərinə 4 milyard vəsait dövlət büdcəsindən ayrılıb. Bu da kifayət qədər böyük rəqəm sayılmalıdır.

Qeyd edək ki, 2020-ci ildəki 44 günlük Vətən müharibəmizdə işğaldan azad edilən ilk şəhərimiz Cəbrayıl oldu. Döyüşlərin tam olaraq 8-ci günündə, yəni oktyabrın 4-də şanlı Azərbaycan bayrağı bu şəhərin mərkəzinə sancıldı. Ali Baş Komandanın sərəncamı ilə təsis edilən şəhər günləri çərçivəsində oktyabrın 4-də ölkəmizdə Cəbrayıl günü kimi qeyd olunur. Cəbrayıl “Böyük Qayıdış” proqramına əsasən, məcburi köçkünlərdən ibarət köç karvanlarının ən çox yola salındığı Qarabağ torpaqlarından biridir. İlk köç karvanı 2024-cü ilin 26 sentyabrında Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu vaxta kimi Cəbrayıla 659 ailə - 2856 nəfər köçürülüb.

Səbinə Salmanova: Biz 30 il necə qarabağlı idiksə, indi də hər birimiz  Qərbi azərbaycanlıyıq - AZƏRTAC

Səbinə Salmanova 

Milli Məclisin deputatı Səbinə Salmanova “Yeni Müsavat”a dedi ki, hazırda digər azad edilən ərazilərdə olduğu kimi, Cəbrayıl rayonunda da bərpa-quruculuq işləri çox sürətlə gedir: ""Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb. Cəbrayıl rayonunun elektrik təchizatı artıq var. Bundan əlavə, Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi. Təsdiqlənmiş baş plana əsasən, Böyük Mərcanlı kəndinin ümumi sahəsi 362 hektar təşkil edir. 2040-cı ilədək 6230 nəfər əhali üçün 1074 fərdi ev və bir neçə mərtəbəli yaşayış binaları layihələndirilib. Böyük Mərcanlı kəndində əhalinin tələbatına uyğun olaraq iki məktəb və beş uşaq bağçası inşa olunacaq. 2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi 41 hektardır. Bu mərhələdə Böyük Mərcanlıya 542 nəfərin köçürülməsi üçün 149 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq. Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Karxulu kəndi şimaldan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti ilə əhatə olunub. Cəbrayıl rayonunun Sarıcallı kəndi şimaldan yeni salınan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, şimal-şərqdən Şükürbəyli kəndi, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti, cənub-qərbdən və qərbdən Soltanlı kəndi ilə əhatə olunub. Cəbrayıl rayonunun Maşanlı kəndinin 2040-cı ilədək layihələndirilən ərazisi 157,54 hektar olacaq. Yuxarıda qeyd olunan kəndlər də baş plana əsasən, məktəblər, fərdi evlər və binalar, parklar, xəstəxanalar və digər lazımlı binalarla təmin olunacaq".

Rəhim Əhmədzadə (@rehimahmadzade) / X

 Rəhim Əhmədzadə

Əslən Cəbrayıldan olan AĞ Partiya başqanının müavini Rəhim Əhmədzadə şəhərin mərkəzinin tam bərpa olunduğunu söylədi: “Uzun illər doğma torpaqlarımız işğal altında qaldı. O illərdə biz ata-baba yurdumuzun həsrətini çəkdik. Hər zaman ümid edirdik ki, bir gün Cəbrayıla qayıdacağıq.

2020-ci ildə qəhrəman Azərbaycan Ordusu torpaqlarımızı azad etdi. Bu, hər bir cəbrayıllının, hər bir azərbaycanlının ən böyük sevinc günü idi. Çünki biz torpağımıza, tariximizə, köklərimizə qovuşduq.

İndi Cəbrayıl yenidən qurulur. Yeni yollar, məktəblər, evlər tikilir. İnsanlar doğma kəndlərinə qayıdır. Artıq Cəbrayıl rayonunun mərkəzində yaşayış tam bərpa olunub. Elə bu yaxınlarda öz ailə üzvlərimlə doğma Qarabağıma və torpağım Cəbrayıla getdim. Öz həyətimizə daxil olanda uşaqlıq xatirələrim gözlərimin önündə canlandı. Divarları dağılsa da, həyətin torpağı hələ də isti idi. Mən hər dəfə o torpağa ayaq basanda qəlbimdə böyük bir qürur və sevinc hiss edirəm. Hiss edirəm ki, sanki torpaq məni tanıyır, mən də bu torpağa aidəm. Bir gün ata-baba yurduma qayıdıb orada daimi yaşamaq, torpağımda nəfəs almaq istəyirəm. Cəbrayıla qayıdış mənim üçün sadəcə evə dönüş deyil. Bu, qürurdur, vətən sevgisidir, azadlığın dəyərini anlamaqdır. Cəbrayıl ən çox dağıntıya məruz qalmış rayonlardandır. Ən böyük arzum Cəbrayılın yenidən çiçəklənməsini görməkdir". 

Hazırladı: Cavanşir ABBASLI

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR