İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əqsa”nın bitməyən tufanı – Qəzza müharibəsinin iki ili tamam oldu

Qəzza müharibəsinin 2 ili tamam oldu. İki il əvvəl 2023-cü il oktyabrın 7-də Həmas və digər silahlı qrupların xüsusi qorunan sərhəd xəttini aşaraq İsrail ərazisinə hücumu baş verib. “Əqsa Tufanı” adı verilən əməliyyatda silahlı qruplarla yanaşı xeyli sayda yerli sakin iştirak edib. Xüsusi texniki vasitələrlə mühafizə olunan cəbhə xəttini fələstinlilərin necə yarması hələ də müəmmalı qalsa da, bu əməliyyat nəticəsində 1200-ə yaxın əksəriyyəti mülki əhali olmaqla İsrail vətəndaşı və ya musiqi festivalı iştirakçısı qətlə yetirilib, 250 nəfər yaxın insan isə girov götürülüb.   

İsrailin baş naziri Benyamin Netanyahu hadisəni İsrailə qarşı terror hücumu adlandırıb və ağır qisas alınacağını elan edib. Nəticədə oktyabrın 8-dən etibarən İsrail ordusu havadan, oktyabrın sonundan isə qurudan Qəzzaya hərbi əməliyyata başlayıb. Netanyahu bəyan etdi ki, Qəzzaya qarşı antiterror əməliyyatları Həmas və silahlı qruplar məhv edilənə qədər davam edəcək. Qəzzada mülki hakimiyyət qurulacaq və zolaq İsrailin nəzarətinə keçəcək. Bu məqsədlə İsrail hökuməti səfərbərlik elan edərək əlavə 300 min nəfəri orduya çağırlığını elan etdi. Tezliklə Qəzza zolağındakı şəhərlərdə Həmas və digər qruplarla İsrail ordusu arasında döyüşlər başladı. Hansı ki, kiçik fasilələrlə bu gün də davam edir.

Bəs bu hücum və müharibə necə baş verdi? Niyə Həmas birdən-birə İsrail ərazisinə hücum etməyə qərar verdi? Hadisənin arxa planına baxaq. 2023-cü ildə Fələstin məsələsi ilə bağlı iki ciddi hadisə baş vermişdi.

41599966_524153204693738_8403845.jpg (66 KB)

  1. Ramazan ayında İsrail hərbçiləri Qüdsdə əl-Əqsa məscidinə daxil olmaq istəyən fələstinlilər arasında davamlı qarşıdurmalar nəticəsində ilin ilk 6 ayı ərzində 175 fələstinli öldürülmüş, əl-Əqsa məscidi qarşıdurmalarında isə 400-dən çox fələstinli həbs olunmuşdu. Bu hadisə daha sonra Həmasın İsrailə qarşı əməliyyatının əsas motivi oldu – “Əqsa Tufanı” adı da oradan gəlir.
  2. Sentyabrda G-20 ölkələrinin Hindistanda keçirilən sammitində Hindistandan Avropaya Yaxın Şərqdən keçən nəqliyyat dəhlizi layihəsi (India–Middle East–Europe Economic Corridor) qəbul olundu. Bu layihə Hindistandan gələn yüklərin Dubay limanından dəmir yolu vasitəsilə Səudiyyə Ərəbistanı, İordaniya və İsraildən keçərək Aralıq dənizinə çıxışı təmin edəcəkdi.

Ancaq bir çox ekspertlər hələ də Həmasın təkbaşına bu əməliyyatı planladığına şübhə ilə yanaşır. Doğrudur, İsrail hökuməti ilk gün İranı ittiham etdi. Lakin rəsmi Tehran bu ittihamları rədd etdi. baxmayaraq ki, Həmas və İsrailə qarşı vuruşan bütün qruplara açıq dəstək verirdi. Geniş yayılmış fikrə əsasən “Əqsa tufanı” əməliyyatında Həmasa kənarda çox güclü kəşfiyyat və hərbi dəstək olub. İkinci bir fikrə görə isə İsrail hakimiyyəti məqsədli şəkildə Həmasın əməliyyatına şərait yaradıb və bununla da Qəzzanı işğal planını icra etmək istəyib. Lakin hazırda İsraildə bu hadisə ilə bağlı istintaq davam etdiyi üçün bir söz demək olmaz. Lakin hər bir halda çox güclü şəkildə qorunan. Ultramüasir mühafizə sistemlərinin olduğu cəbhə xəttinin Həmasın rahatlıqla keçməsi hələ də şübhəlidir.

36e9ee573c1e85386e91c47c685f4c89.jpg (67 KB)

İsrail Qəzzada başlatdığı müharibə həm miqyası, həm də dəhşətləri ilə əvvəlkilərdən fərqli oldu. İsrail və Həmas arasında 2008, 2024 və 2022-ci illərdə baş verən toqquşmalar bu miqyasda olmamışdı.

Qəzza müharibəsi çox tezliklə Fələstin muxtariyyəti ərazisinə, daha sonra isə bütün Yaxın Şərqə yayıldı. 2024-cü ildə Livanda İsrail və Hizbullah arasında müharibə başladı, İsrail Livan ərazisinə qoşun yeritdi. Hərbi əməliyyatlar 26 noyabra qədər davam etsə də, İsrail hələ də Livan ərazisində hərbi qüvvə saxlayır.

Bundan başqa, hərbi əməliyyatlar tezliklə Yəmən, Suriya və İraq ərazilərinə sıçradı. 2024-cü ilin aprelində İsrail İranın Suriyadakı səfirliyini, avqustun 30-da isə Tehranda Həmas lideri İsmayıl Haniyənin qaldığı iqamətgahı hədəf aldı. Buna cavab olaraq İran İsrail ərazisini raket atəşinə tutdu. İran-İsrail gərginliyi 2025-ci ilin iyununda İsrailin İrana hücumu ilə nəticələndi. 12 gün davam edən bu müharibə hər iki tərəfin qarşılıqlı olaraq bir-birini bombalaması ilə müşayiət olundu.

0.jpg (33 KB)

Ancaq bütün bu dövr ərzində qısa atəşkəs razılaşması və girov dəyişikliyi dövrləri istisna olmaqla Qəzzada əməliyyatlar davam edib. İsrail 100 min tondan çox bomba atdığı Qəzzada zolağın infrastrukturu tamamilə məhv edildi, bütün yaşayış evləri və tikililərin 80 faizdən çoxu dağıdıldı. Bu günə olan məlumata əsasən Qəzzada 66 mindən çox insan ölüb. Bunun 20 mindən çoxu uşaqlardır. Qəzza zolağında müharibədən 2,3 milyon insan yaşadığı halda hazırda bu rəqəm 2,1 milyona düşüb. Bu insanların əksəriyyətinin evləri yoxdur, çadırlar və sığınacaqlarda yaşayırlar. Zolağın böyük hissəsi İsrail ordusunun nəzarətindədir. Yalnız Qəzza zolağı, Xan Yunis şəhəri və eyni adlı qaçqın düşərgəsi və bir neçə kiçik məntəqə istisna olmaqla Qəzza zolağının əksər ərazisi İsrail ordusunun nəzarətindədir.

Ancaq İsrail ordusu Qəzzada müharibə qanunlarına və elan olunan antiterror əməliyyatı çərçivələrindən çox kənara çıxıb. Bir faktı qeyd etmək lazımdır ki, İsrailin “antiterror” əməliyyatı adı verdiyi əməliyyatda ölənlərin 1/3-i uşaqlardır. Ancaq misal üçün 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda antiterror əməliyyatları keçirərkən demək olar ki, bir mülki insan belə ölmədi.

İsrailin bu müharibədə həddən artıq gücdən istifadəsi ciddi qınaqlara və beynəlxalq səviyyədə İsrailin təklənməsinə səbəb oldu. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsi 2024-cü ilin noyabrında İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallantı müharibə cinayətlərində ittiham edərək haqlarında həbs qərarı verdi.

Hizbullahdan Əqsa tufanı və döyüş açıqlaması - Turkustan.az

BMT Araşdırma Komissiyası isə 2025-ci ilin sentyabrında açıqladığı 72 səhifəlik hesabatda İsrailin Qəzzada soyqırımı həyata keçirdiyi faktlarla göstərilmişdir. Lakin buna baxmayaraq İsrail hakimiyyəti Qəzzada soyqırımı fəaliyyətini davam etdirir.

ABŞ prezidenti sentyabrın 25-də Qəzzada atəşkəs və sülh təşəbbüsü ilə çıxış edərək 20 maddəlik saziş irəli sürüb. Sentyabrın 29-da İsrail, oktyabrın 5-də Həmas da bu təklifi qəbul edib. Hazırda Misirin paytaxtı Qahirədə Həmas və İsrail nümayəndələri arasında danışıqlar getsə də, belə görünür ki, sülh Qəzza torpaqlarından hələ çox uzaqdadır.

Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR