Onlayn ictimai-siyasi qəzet
Türk Dövlətləri Təşkilatı (TDT) bu gün dünyanın ən mühüm geosiyasi güc mərkəzlərindən birinə çevrilməkdədir. Ortaq tarix, dil və mədəni köklərə söykənən bu birlik, artıq sadəcə əməkdaşlıq platforması deyil, qlobal miqyasda siyasi, iqtisadi və təhlükəsizlik baxımından önəmli faktor kimi tanınır. Türk dövlətləri arasında sıx inteqrasiya, qarşılıqlı hörmət və birgə maraqlara əsaslanan münasibətlər bu qurumu XXI əsrin beynəlxalq nizamında xüsusi mövqeyə gətirib çıxarıb.
Musavat.com xəbər verir ki, 2025-ci il oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü bu baxımdan tarixi əhəmiyyət daşıyır. “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunan Zirvə həm Türk dünyasının gələcək istiqamətini müəyyənləşdirən, həm də qlobal sabitlik və inkişaf baxımından yeni prioritetləri ortaya qoyan mühüm toplantı oldu. Qəbələnin seçilməsi isə təsadüfi deyil — Azərbaycanın bu gün Türk dünyasında oynadığı aparıcı rol, ölkənin regional sülh proseslərinin mərkəzində dayanması bu zirvəni daha da mənalı etdi.
Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında vurğuladı ki, Türk Dövlətləri Təşkilatı artıq ciddi geosiyasi mərkəzə çevrilib. Onun sözlərinə görə, təşkilatın beynəlxalq nüfuzu artmaqda, dövlətlər arasındakı əməkdaşlıq dərinləşməkdədir. Ölkəmizin bu prosesə verdiyi töhfə də diqqətəlayiqdir. Ölkə prezidenti bildirdi ki, Azərbaycan TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürüb.
Daxili sabitlik, geostrateji mövqe, təbii sərvətlər, gənc əhali və güclənən hərbi potensial Türk dünyasının qlobal güc kimi formalaşmasını təmin edən əsas sütunlardır. Prezidentin də qeyd etdiyi kimi, artıq rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi görüşlərin keçirilməsi ənənə halını alıb. Şuşada və Budapeştdə keçirilmiş toplantılar Türk birliyinin möhkəmlənməsində mühüm mərhələlər olub.
İlham Əliyev çıxışında sülh və təhlükəsizliyin hər bir ölkənin inkişafı üçün əsas amil olduğunu qeyd edib. Naxçıvan Sazişində də bu prinsiplərin TDT-nin əsas məqsədləri kimi göstərilməsi təsadüfi deyil. Prezident bildirib ki, bugünkü mürəkkəb geosiyasi şəraitdə türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi vacibdir.
O, həmçinin vurğulayıb ki, beynəlxalq hüququn kobud şəkildə pozulduğu bir dövrdə üzv ölkələr arasında hərbi və hərbi-texniki əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Türkiyə arasında dərin hərbi tərəfdaşlıq bu əməkdaşlığın nümunəsidir — son bir ildə iki ölkə 25-dən çox birgə hərbi təlim keçirib. Prezident İlham Əliyev 2026-cı ildə Azərbaycan ərazisində TDT-yə üzv dövlətlərin birgə hərbi təlimlərinin keçirilməsini də təklif edib.
Dövlət başçısı çıxışında Azərbaycanın 2020-ci il Vətən müharibəsində qazandığı Zəfəri və 2023-cü ildə keçirilmiş antiterror tədbirlərini xatırladaraq bildirdi ki, ölkəmiz ərazi bütövlüyünü bərpa etməklə təkcə milli ədaləti deyil, həm də regional sabitliyi təmin edib.
İlham Əliyevin sözlərinə görə, iki ay əvvəl Vaşinqtonda paraflanmış Azərbaycan-Ermənistan sülh sazişi Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanına çevirəcək. Həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması ilə uzun illər davam etmiş münaqişə dövrü rəsmən başa çatıb.
Prezident İlham Əliyev çıxışında nəqliyyat və kommunikasiya əlaqələrinin Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyət daşıdığını qeyd edib. Azərbaycanın yerləşdiyi coğrafiya ölkəmizi Türkiyə ilə Mərkəzi Asiya arasında təbii körpüyə çevirir. Orta Dəhliz boyunca yükdaşımaların 2022-ci ildən bəri 90 faiz artması, Ələt Beynəlxalq Dəniz Limanının illik gücünün 25 milyon tona çatması, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti, 9 beynəlxalq hava limanı və regionun ən böyük yükdaşıma aviaşirkətinin mövcudluğu bu potensialı gücləndirir.
Zəngəzur Dəhlizinin açılması isə həm Orta Dəhliz, həm də Şimal-Cənub marşrutları üçün yeni strateji arteriya olacaq. Prezident vurğulayıb ki, bu layihə yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyır — türk dünyasının birliyini daha da möhkəmləndirəcək.
Enerji təhlükəsizliyi də gündəmdə mühüm yer tutur. Azərbaycan bu sahədə etibarlı tərəfdaş kimi 14 ölkəyə təbii qaz ixrac edir və regionun enerji xəritəsində lider mövqe tutur. Eyni zamanda, günəş, külək və su enerjisinə böyük sərmayələr yatırılaraq 2030-cu ilə qədər enerji istehsalının 40 faizinin bərpaolunan mənbələr hesabına təmin olunması hədəflənir.
Prezident İlham Əliyev çıxışında birinci Türkoloji Qurultayın 100 illik yubileyinin 2026-cı ildə Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə qeyd edilməsini təklif etdi. Bu, ortaq tarixi və mədəni köklərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.
Sonda dövlət başçısı Qarabağın və Şərqi Zəngəzurun bərpasına verdikləri dəstəyə görə qardaş ölkələrə təşəkkürünü bildirib. Füzulidə, Ağdamda və Cəbrayılda tikilən məktəblər, yaradılan mədəniyyət ocaqları Türk həmrəyliyinin real təzahürüdür.
Qəbələ Zirvəsi Türk dünyasının yeni inkişaf mərhələsini başlatdı. Burada qəbul edilən qərarlar təkcə siyasi və iqtisadi deyil, həm də mənəvi birliyin, qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyevin çıxışı bu birliyin strateji vizyonunu bir daha ortaya qoydu: sülh, təhlükəsizlik, inkişaf və qardaşlıq üzərində qurulan güclü Türk dünyası artıq qlobal siyasətin ayrılmaz hissəsidir.
Musavat.com
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ