Onlayn ictimai-siyasi qəzet
Bu gün 12 saylı avtobus marşrutunda sərnişinlərlə sürücü arasında insident yaşanıb.
Musavat.com xəbər verir ki, sərnişinlərin bildirib ki, onlar bir saatdan artıq müddətdə avtobusu gözləməli olublar. Narazı vətəndaşlar deyiblər ki, son aylarda bu xətt üzrə nəqliyyat vasitələri ya çox gec gəlir, ya da ümumiyyətlə hərəkət etmir.
Musavat.com-a danışan sərnişinlər qeyd ediblər ki, bu hal artıq mütəmadi xarakter alıb və 12 saylı marşrutda ciddi problemlər var.
Hadisə zamanı sürücü isə bildirib ki, məsələ ondan asılı deyil:“Avtobusların çoxu təmirsiz vəziyyətdədir, bəziləri ümumiyyətlə işləmir. Mən sadəcə sürücüyəm, bu məsələlərə cavabdeh deyiləm. Narazılığınız varsa, rəhbərliyə müraciət edin”.
Musavat.com məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edib. Qurumun mətbuat xidmətindən saytımıza bildirildi ki, “Vətən.az” şirkətinin müvəqqəti istismarında olan 12 nömrəli marşrutda 19 avtobus 6-7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir:" Xəttə çıxan avtobusların 12-si müasir nəqliyyat vasitəsidir. Daşıyıcı tərəfindən xətt üzrə fəaliyyət göstərən bütün avtobusların yenilənməsi istiqamətində iş aparılır. Buna baxmayaraq, daşıyıcıya marşrut xətlərinin nizamlı fəaliyyəti, avtobus sayının sərnişin tələbatına uyğun tənzimlənməsi, sürücülərin təsdiq olunmuş hərəkət sxeminə və cədvəlinə riayət etmələri barədə tapşırıq verilib".
Afaq Mirayiq,
Musavat.com
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ