Onlayn ictimai-siyasi qəzet
“İsrailin son günlər Suriyanın cənubundakı dürzilərin məskunlaşdığı bölgələrə və Hələb, Dəməşq ətrafındakı strateji məntəqələrə endirdiyi hava zərbələri, onsuz da həssas olan regional vəziyyəti kifayət qədər gərginləşdirib. Maraqlıdır ki, bu dəfə zərbələr İsrailin ənənəvi hədəflərinə deyil, birbaşa yeni formalaşmış Suriya hökumətinin infrastrukturuna yönəlib.
Deputat Elçin Mirzəbəyli bunu Musavat.com-a açıqlamasında söyləyib. Millət vəkili daha sonra Tel-Əvivin Suriya siyasətinin arxasındakı məqsədlərlə bağlı bunları vurğulayıb: “Siyasi keçid dövründə fəaliyyətə başlayan prezident Əhməd Əş-Şarranın rəhbərlik etdiyi hökumətin legitimlik və sabitlik axtarışına başladığı bir mərhələdə, İsrailin bu cür addımları onun əsas məqsədinin “təhlükəsizlik”dən daha çox, Suriyanın daxili bərpa prosesinə yönələn təsir imkanlarını zəiflətmək olduğunu göstərir. Dürzilər İsrailin regiondakı siyasətində uzun illərdir xüsusi əhəmiyyət kəsb edən azlıq hesab olunur. İsrail daxilində yaşayan dürzilər orduya cəlb olunur, siyasi sistemdə təmsil olunur və Tel-Əvivin regional siyasətinə münasibətdə loyallıq göstərirlər. Amma Suriyada və Livanda yaşayan dürzi toplumları ilə İsrail arasındakı münasibətlər birmənalı deyil. Son aylarda Suriya daxilindəki bəzi dürzi qruplar açıq şəkildə İsrailin müdafiəsinə bel bağladıqlarını, hətta İsrailin dəstəyini istədiklərini bildirirlər. Bu isə faktiki olaraq, Suriya ərazisində separatizmə bərabər mövqe kimi dəyərləndirilə bilər. Bir dövlətin vətəndaşı olmaqla yanaşı, başqa bir dövlətin maraqlarını ifadə etmək, ərazi bütövlüyü əleyhinə çıxış etmək beynəlxalq hüquqda separatizm kimi tanınır və Suriya hökumətinin bu vəziyyətə reaksiyası gözləniləndir”.
E. Mirzəbəyli xatırladıb ki, dürziliyin ideoloji kökü İslamdan qaynaqlansa da, İsmaili təriqətindən qopan bu dini cərəyanın inanc sistemi ənənəvi İslamdan ciddi şəkildə fərqlənir və özünü müstəqil teosofik fəlsəfə formasında büruzə verir: “İslam dininin təməl prinsiplərinə etinasız yanaşma, reinkarnasiya və ezoterik doktrina dürziliyi ənənəvi İslamdan ayırır. Bu mənada, dürzilər özlərini nə sünni, nə də şiə sayırlar. Bu fərqlilik də onların siyasi və etnik kimliyinin ayrılığını ifadə edən və çox güman ki, kənardan bölücü amil kimi stimullaşdırılan faktorlardan biridir”.
Deputat qeyd edib ki, Suriya hökuməti üçün dürzi separatizminin qarşısını almağın ən effektiv yolu dövlətçilik çərçivəsində inklüziv sosial münasibətlərin bərpasından keçir: “Yeni keçid hökuməti tərəfindən dürzilərin siyasi və sosial hüquqlarına təminatlar verilə, eyni zamanda, xarici təsirlərə qarşı onların ideoloji və təhlükəsizlik baxımından dövlətlə vahid mövqedən çıxış etməsi prosesi təşviq oluna bilər. Əks halda, bu zümrənin xarici müdaxilələr üçün "tampon alət"ə çevrilməsi qaçılmaz olacaq”.
Millət vəkili bildirdi ki, İsrailin bu mərhələdə Suriyaya qarşı açıq hərbi əməliyyatlar həyata keçirməsi həm də daxili siyasi böhranla sıx bağlıdır: “Netanyahu hökumətinə qarşı ölkə daxilində həm yəhudi ultraortodoks kəsimlərin, həm də sol-liberal dairələrin etirazları artıb. Hökumət əleyhinə mitinqlər, müharibəyə qarşı etirazlar və iqtisadi tənəzzülün yaratdığı narazılıqlar koalisiyanın dayaqlarını sarsıdır. Bu səbəbdən də Netanyahu rəhbərliyi üçün xarici təhlükə görüntüsü yaratmaq, təhlükəsizlik gündəmini ön plana çəkməklə daxili konsolidasiyaya nail olmaq cəhdi aktuallaşır.
Bütün bunlar fonunda İsraildə növbədənkənar seçki ehtimalı real görünür. Əgər bu baş verməsə, 2026-cı ildə keçiriləcək növbəti Knesset seçkilərində yeni siyasi qüvvələrin önə çıxması mümkündür. Məsələn, Yair Lapidin rəhbərlik etdiyi Yesh Atid, Benny Gantzın liderlik etdiyi Milli Birlik kimi qüvvələr müharibə ritorikasından uzaq, daha çox diplomatik və sülhə yönəlik siyasət vəd edirlər. Belə bir dəyişiklik İsrailin regional siyasətinə də təsir göstərə, xüsusilə Suriya, Livan və hətta Türkiyə ilə münasibətlərdə nisbi yumşalma baş verə bilər.
Türkiyənin bu mərhələdə regional proseslərə cəlb edilməsi ssenarisi isə İsrailin strategiyasında ikinci xətt kimi görünür. İsrailin Suriyaya hava hücumları təkcə taktiki hərbi addım deyil, bu, həm də regional geosiyasətin yenidən formalaşdırılması və daxili siyasi böhranların üzərinə kölgə salmaq üçün strateji manevrdir. Dürzilər isə bu oyunun həm aləti, həm də hədəfi olaraq qalmaqda davam edirlər”.
E. Paşasoy,
Musavat.com
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ