Onlayn ictimai-siyasi qəzet
20 il öncə İlham Əliyev Azərbaycan dövlətinin başçısı seçiləndə həm regionda, həm də ölkədə ictimai-siyasi vəziyyət gərgin, təlatümlü, qeyri-müəyyən idi.
O zaman onun 42 yaşı vardı. Bundan əvvəl İlham Əliyev ARDNŞ kimi mühüm dövlət şirkətinin 1-ci vitse-prezidenti, Milli Məclisin deputat, AŞPA-nın vitse-prezidenti və qısa müddət baş nazir postlarında çalışmışdı. İlk baxışdan onun həssas, intriqalı bölgədə yerləşən Azərbaycan kimi gənc dövləti idarə etməkdə çətinlik çəkəcəyi güman olunurdu.
Üstəlik, ölkənin daxilində siyasi vəziyyət kifayət qədər mürəkkəb idi. İlllərlə yığılıb qalan problemlərin qısa zamanda həllini tələb edən, Dağlıq Qarabağın, eləcə də aran Qarabağın böyük hissəsinin 10-12 il ərzində işğal altında qalmasına görə ölkənin gələcəyindən bədgüman adamlar çox idi və hamı “xilaskar ağ atlı oğlan” axtarırdı.
Həmin vaxt İlham Əliyevin ən mühüm üstünlüyü təcrübəli dövlət xadimi, SSRİ kimi dünya nəhəngi olan dövlətin rəhbərlərindən biri olmuş, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini kimi yüksək dövlət vəzifəsi tutmuş Heydər Əliyevin oğlu, bioloji və siyasi varisi olması idi. Hamı bilirdi ki, 1993-cü ilin iyunundan tutmuş ta 2003-cü ilin ortalarına qədər İlham Əliyev dövlətin idarə olunması sahəsində məhdud dairələrdə aparılan müzakirələrdən, qərarların necə qəbul edilməsindən xəbərdar olub və bu minvalla çox təcrübə toplayıb. Başqa sözlə, ona güvənənlərdə belə bir əminlik vardı ki, o, ekstremal situasiyalarda, fors-major hallarda necə davranmaq, əlverişsiz situasiyalarda nə etmək lazım olduğunu bilir.
42 yaşlı prezidentin önündə çox ağır vəzifələr dururdu. Özü kimi, komandası da yeni olan istənilən başqa siyasətçinin prezident seçiləcəyi halda bu vəzifələrin öhdəsindən gələcəyi olduqca müəmmalıydı. İ.Əliyevin daha bir üstünlüyü onda idi ki, mərhum prezident Heydər Əliyevin formalaşdırdığı komanda dövləti idarə etmək işində ona yardımçı olacaqdı və bu komanda 2003-cü ildə monolit idi.
Ancaq 2003-cü ilin sonlarında, 2004-cü ildə həmin iqtidar komandasının bəzi üzvləri arasında xalqın mənfi rəyini qazanmış adamlar da vardı və onlar ümumilikdə iqtidar komandasına mənfi xallar gətirirdilər. Bu şəxslərin tədricən, zamanla dövlət idarəetməsindən uzaqlaşdırılması lazım idi ki, yeni prezidentin ayağından asılan pudluq daşlar olmasınlar.
İlham Əliyev kadr siyasətində radikal qərarlar qəbul etmədi, xalqın və dövlətin etimadını itirmiş, yeni mərhələnin tələbləri ilə ayaq uydurmayan, bunu istəməyən yüksək vəzifəli şəxsləri yavaş-yavaş, az qala tək-tək komandasından uzaqlaşdırdı və getdikcə, gənc və enerjili kadrlardan ibarət olan komandasını formalaşdırdı.
Bu tendensiya xüsusilə 2005-ci ilin payızında keçirilən parlament seçkilərindən sonra gücləndi. Çünki həmin vaxt iqtidar komandasının bəzi üzvləri (nazirlər səviyyəsində) dövlət başçısına xəyanət yoluna girmişdilər, öz ətraflarında formalaşdırdıqları klana, o dövrün aparıcı müxalifət qüvvələrinin bir qanadına və xarici dairələrin dəstəyinə güvənərək hakimiyyəti götürmək istəyirdilər. Həmin şəxslər və onların əlaltıları ifşa olunduqdan sonra iqtidar komandası yenidən formatlandı və bu zaman kadr seçimində yeni kriteriyalar tətbiq olunmağa başlandı. Artıq kadrların peşəkarlıqlarına, səriştəliliklərinə diqqət edilirdi, amma şəxsi sədaqət məsələsi də gözardı edilmirdi. Çünki təcrübə göstərirdi ki, irəli çəkilən kadrın yüksək dərəcədə peşəkar, savadlı olması kifayət deyil, adam öz xalqına, dövlətinə, rəhbərinə sədaqətli deyilsə, o, faydalı olmayacaq.
İlham Əliyev “köhnə qvardiya” adlandırılan veteran məmurların gənclərlə əvəzlənməsini, demək olar ki, kataklizmsiz başa çatdırdı.
Üçüncü minilliyin ilk onilliyi, yəni 2000-ci ildən ta 2010-cu ilə qədər dünyada enerjidaşıyıcıların qiymətinin artması ilə neft bazarına yenicə daxil olmuş ölkəmiz milyardlarla dollar həcmində vəsait əldə edəndə prezident İlham Əliyev bu vəsaitin səmərəli istifadə olunmasını təmin etdi. İlk növbədə ölkədə böyük tikinti-quruculuq işləri başlandı, paytaxtda tunellər, yolötürücüləri, körpülər, parklar, yeni bulvar, dövlət binaları, yüksək çinli qonaqların, sayə artmaqda olan turistlərin qəbul edilməsi üçün lüks otellər inşa edildi, abadlıq işləri gücləndirildi, yeni iş yerləri yaradıldı. Daha sonra həmin vəsaitin mühüm bir hissəsi silahlı qüvvələrin modern silahlarla təmin edilməsinə, peşəkar zabit kadrların hazırlanmasına yönəldildi və biz bunun faydasını sonrakı illərdə gördük. Ölkəmizin dünya miqyasında tanıdılması, Azərbaycanın heç də geridə qalmış ucqar ölkə olmadığı, əksinə, modern, dünyəvi dövlət olduğunun beynəlxalq səviyyədə bilinməsi, Azərbaycan həqiqətlərinin dünyaya çıxarılması üçün də geniş piar işləri aparıldı və bu, müəyyən xərc aparsa da, strateji baxımdan ciddi fayda verdi.
Həmin illərdə Azərbaycanın ərazisinin 20 faizini işğal etmiş ermənilər başlarının altına pərqu yastıq atmışdılar və real informasiuaları az olduğundan güman edirdilər ki, İlham Əliyevin hər dəfə “torpaqlarımızın bir qarışı da düşməndə qalmayacaq”, “biz ərazi bütövlüyümüzü nəyin bahasına olursa-olsun, bərpa edəcəyik”, “Qarabağda erməni dövləti olmayacaq” kimi bəyanatları sadəcə söz olaraq qalacaq. Onlar sona qədər bu xülyadan ayılmadılar, axıra qədər də dövlət başçımızın gündən-günə sərtləşən, ciddiləşən bəyanatlarından istilənmədilər və 2020-ci ilin sentyabrında onları soyuq tər basdı. 2023-cü ilin sentyabrında isə "dəmir yumruğ"un daha bir zərbəsini dadınca yumşaq yastıqlarını qoyub qaçdılar.
İlham Əliyevin Azərbaycan tarixi və xalqı qarşısında ən böyük xidməti, söz yox ki, ərazi bütövlüyümüzü, hələ 42-43 yaşındaykən dediyi kimi, son qarışına qədər bərpa etməsi, ölkənin torpaqlarının işğaldan azad edilməsi kampaniyasını uğurla başa çatdırması, xalqımızı düşmən qarşısında düşdüyü əzik durumdan, diligödəklikdən qurtarmasıdır. Bu tarixi nailiyyət 1000 ildən sonra da yeni-yeni nəsillərin ona böyük rəğbət bəsləməsinin səbəbi olacaq.
İlham Əliyevin nə qədər vətənpərvər, Qarabağsevər olduğunu uzun-uzun isbat etməyə ehtiyac yoxdur. Torpaqlarımız işğaldan azad olunandan bəri elə bir ay olmayıb ki, dövlət başçısı Qarabağa səfər etməsin. O, azad olunmuş rayonlarımızın hər birində dəfələrlə olub, dövlət binalarının, ictimai səciyyə daşıyan tikililərin, xidmət və istehsal müəssisələrinin, yaşayış məntəqələrinin təməlqoyma mərasimində iştirak edib. Obrazlı desək, prezidentin bir ayağı Şuşadadır. Bu, çox əhəmiyyətlidir. İlham Əliyev sübut edir ki, torpaqları işğaldan azad etmək işin birinci yarısıydı, ikinci yarısı onu yenidən tikib-qurmaq, dirçəltmək, məskunlaşdırmaq, əvvəlki vaxtından da yaxşı etməkdir. Ona görə də o, tez-tez işinin üstünə gedir, azad olunmuş ərazilərin yiyəsiz buraxılmadığını dünyaya göstərir.
Qarabağı azad etmək və onu modern dünyanın bir hissəsinə, ölkənin ən öncül, nümunəvi məkanına çevirmək Prezident İlham Əliyevin həyatının layihəsidir. Onun bu işi uğurla davam etdirməsi üçün xalqın yenidən ona etimad göstərəcəyi şəksizdir.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ