İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın bitməyən həyasızlığı: Laçın yoluna görə məhkəməyə üz tutdu

Ermənistan Avropa Məhkəməsindən Azərbaycana qarşı tədbirlər görülməsini və Laçın dəhlizinin açılmasını tələb edir; vəkil: “İlk müraciət edən tərəf Azərbaycan olmalı idi”

30 illik işğal dövründə Azərbaycana qarşı törətdiyi bütün bəşəri cinayətlərə imza atan, bizə yüz milyardlarla dollar ziyan vuran Ermənistanın beynəlxalq havadarlarına güvənərək ölkəmizə və xalqımıza qarşı həyasızlığı davam edir. Sırtıqlıq o həddə çatıb ki, az öncə hətta ərazimizdə vaxtilə qanunsuz biznes fəaliyyəti ilə məşğul olmuş bir qrup erməni cinayətkar - “sərmayəçi” Azərbaycanı məhkəməyə verərək, yüz milyon dollarlarla məbləğində təzminat tələb edib.

“Yeni Müsavat” bildirir ki, bugünlərdə Ermənistan ölkəmizə qarşı bax belə bir iddia qaldırıb.  “Avropa Məhkəməsi Ermənistanın müvəqqəti tədbirlərlə bağlı müraciəti ilə əlaqədar qərar çıxarıb”. Bu barədə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin sosial media hesabında məlumat verilib.

Məhkəmə Ermənistanın sorğusuna cavabın göndərilməsi üçün Azərbaycana dekabrın 19-u, bazar ertəsi, saat 16:00-a qədər (Fransa vaxtı ilə) vaxt verilməsi haqda qərar çıxarıb. Bundan sonra məhkəmə yekun qərar verəcək. Ermənistan Respublikasının beynəlxalq hüquqi məsələlər üzrə müvəkkili ofisi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edərək, Azərbaycana qarşı müvəqqəti tədbirlərin görülməsini və Laçın dəhlizinin açılmasını tələb edib. Bakının göndərəcəyi cavab nə olacaq? İrəvanın Laçın yolu ilə bağlı əsassız iddiası hansısa şəkildə təmin oluna bilərmi? Yada salaq ki, bu ilin mart ayında Fərrux yüksəkliyinin nəzarətimizə keçməsi ilə bağlı Ermənistan dövləti Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərmişdi. Şikayətdə qeyd edilmişdi ki, guya Azərbaycan yerli əhalini qovub. Avropa Məhkəməsi isə onların şikayətini təmin etmədi. Həmçinin Ermənistan dövləti erməni cinayətkar qrupun Azərbaycana keçməsi və onların bizim ölkədə həbs olunması, məhkəmə qarşısına çıxarılması ilə bağlı da Avropa Məhkəməsinə şikayətlər göndərmişdi. Məhkəmə bu şikayətləri də rədd etmişdi. Habelə, avqustda Avropa Məhkəməsi Azərbaycana münasibətdə müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair Ermənistanın vəsatətini rədd edib. Baxaq, bu dəfə necə olacaq...

Əsabəli Mustafayev: “Əsas məsələ məhkəmə sistemindəki korrupsiyanın aradan  götürülməsidir”

 Əsabəli Mustafayev

Vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Avropa Məhkəməsinin hansı qərar verəcəyini proqnozlaşdırmaq çətindir. Hüquqşünasın sözlərinə görə, belə bir presedent yoxdur: “Amma Azərbaycan ərazisində yaşayan ermənilərin əsas təminat yolu Laçın koridorudur. Belə olan halda Azərbaycanın cavabından çox şey asılıdır. Avropa Məhkəməsi işi icraata da götürə bilər, ilkin tədbir kimi qərar verə bilər. Sadəcə, Azərbaycan hökumətinin arqumentlərinə bağlıdır. İstənilən halda Avropa Məhkəməsinin qərarı həm hüquqi, həm siyasi olacaq”. Ə.Mustafayev hesab edir ki, Azərbaycanın əsaslandırması olmalıdır: “Bu dəfə də hökumət gecikməyə yol verib. Çünki Şuşa-Xankəndi yolunda aksiya keçirərkən Avropa Məhkəməsinə biz müraciət etməliydik. Buna səbəb kimi mədənlərə baxış keçirilməsinə mane olunmasını göstərə bilərdik. Düzdür, rus hərbçiləri əngəl olur, amma erməni icraçıları var. Nəticədə bölgədə ekoloji terror davam edir. Belədə isə Ermənistanın üzərinə məsuliyyət qoyulmalı idi. Ona görə İrəvan bizi qabaqladı, biz yubandıq. Biz etməliydik. Halbuki ermənilərin xasiyyətini bildiyimiz halda gözləmişik. Biz həmişə nəticəyə uyğun addım atırıq. İlk müraciət edən tərəf Azərbaycan olmalı idi”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR