Onlayn ictimai-siyasi qəzet
Sabah Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları – Ceyhun Bayramov və Ararat Mirzəyan arasında sülh danışıqlarının növbəti raundu başlayır. ABŞ dövlət katibi Entoni Blinkenin moderatorluğu ilə aparılacaq müzakirələrdə məqsəd yekun sülh müqaviləsi və ya hansısa çərçivə sənədinin mətnini (qaralamasını) razılaşdırmaqdır.
Yada salaq ki, bundan öncəki çoxgünlük danışıqlar mayın əvvəlində ABŞ paytaxtında keçirilib. O zaman verilən kasad açıqlamalar bu qənaəti yaratmışdı ki, bir sıra bəndlər üzrə tərəflər müəyyən mövqe yaxınlaşmalarına nail olsa da, həlledici məsələlərdə ciddi fikir ayrılıqları qalır. Bu da o anlama gəlir ki, sülh sənədinə hələ var.
Söhbət xüsusən də İrəvanın Qarabağda yaşayan erməni əhalinin “hüquq və təhlükəsizliyinə” zəmanət tələbindən gedir. Məlumdur ki, Ermənistan bu tələbin hansısa “beynəlxalq mexanizm” əsasında reallaşmasını istəyir. Yəni sülh sənədinin imzalanmasını faktiki aparıb bizim daxili işimizə bağlamağa cəhdlər edir. Eyni zamanda, bununla özünü sülhpərvər, Azərbaycanı isə qeyri-konstruktiv, davakar tərəf kimi təqdim eləməyə çalışır. Halbuki, bunun başqa adı elə bizə qarşı ərazi iddiasıdır. Çünki rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan sakinləri sayılan Qarabağ ermənilərinə konstitusiyamız çərçivəsində bütün hüquqlar tanınacaq, təhlükəsizlikləri təmin olunacaq.
Ayrı sözlə, Bakı İrəvanın israrla “beynəlxalq problem” kimi təqdim etməyə çalışdığı bir məsələnin sülh sənədinin mətninə daxil edilməsinə imkan verməyəcək. Bu, öz əlimizlə öz ayağımıza “güllə atmaq”, kapitulyant ölkənin və beynəlxalq birliyin daxili işlərimizə müdaxiləsi üçün hüquqi zəmin hazırlamaq demək olardı.
Azərbaycan əlbəttə ki, buna getməyəcək. Danışıqlar, sülh anlaşması yalnızca 5 məlum baza prinsipi əsasında aparıla bilər və aparılacaq. Bunu az öncə – ABŞ görüşləri ərəfəsi Ceyhun Bayramov bir daha, qəti şəkildə bəyan elədi. Onu da dedi ki, Qarabağdakı erməni icmasının xüsusi statusu olmayacaq, lakin o, digər etnik azlıqlar kimi öz dilini, mədəniyyətini inkişaf etdirə bilər.
Şübhə yox ki, gələn ayın 21-də Brüsseldə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə reallaşacaq növbəti üçtərəfli görüşün nə dərəcədə məhsuldar olacağı böyük ölçüdə məhz erməni tərəfinin ortadakı reallıqları, nəhayət, qəbul edib-etməyəcəyindən, özünü ciddi aparıb-aparmayacağından asılı olacaq. Azərbaycan Prezidentinin söylədiyi kimi, biz heç yerə tələsmirik.
Əfsus ki, İrəvandan səslənən destruktiv bəyanatlar nikbinliyə əsas yaratmır. Məsələn, bu gün Ermənistan parlamentinin sədri Alen Simonyan C.Bayramovun yuxarıdakı açıqlamasını şərh edərkən yenə başından yekə iddialarla çıxış edərək deyib: “Bu bəyanat (Bayramovun açıqlaması – Z.S.) məhz Azərbaycana ziyan vurur. Çünki mövcud reallıqları nəzərə alaraq onilliklər ərzində münaqişəyə səbəb olan məsələni həll etməyiblər. Bu, reallıqdan qaçmaqdır və məsələnin həlli olmayacaq. Bu məsələlərin müzakirə olunmaması onlar üçün sərfəli deyil. Əminəm ki, onlar nə vaxtsa buna da gələcəklər. İndi də hesab edirəm ki, bu, danışıqlardan əvvəl və danışıqların ilkin mərhələsi kimi “yüksək standart”ın müəyyən edilməsi üçün edilir”.
Alen Simonyan ardınca “kartları” daha da açaraq bildirib ki, İrəvandan ötrü ermənilərin hüquqlarının müdafiəsi ən vacib məsələdir. “Bu məsələni sadəcə, unutmaq olmaz, bu, özünü aldatmaqdır. Azərbaycan özünü aldatmağa (?! – Z.S.) hazırdırsa, Ermənistan buna hazır deyil, biz bəyanatlarımızda ardıcıl olacağıq. Bu hissənin sülh müqaviləsinə daxil edilib-edilməyəcəyini və ya ayrıca sənəd olacağını bilmirəm, çünki konkret təminatlar lazımdır. 9 (10) noyabr bəyanatının şərtlərinə əməl olunmadığı təcrübəsi var. Əgər bu məsələ müzakirə olunmayıbsa, bu məsələnin həlli tapılmasa, deməli, bu danışıqların böyük hissəsi mənasızdır”.
Göründüyü kimi, köhnə, pozucu ritorikadan əl çəkməyən kapitulyant tərəf bizimlə şərt dilində danışmağa davam edir. Və bu zaman qəsdən və hiyləgərcəsinə hansısa 10 noyabr anlaşmasını dövlətlərarası sülh müqaviləsi ilə eyniləşdirməklə beynəlxalq birliyi çaşdırmağa səy edir. Paralel surətdə öz günahı üzündən bu dəfə də nəticəsiz bitəcək danışıqlara görə bəri başdan Azərbaycan üçün günahkar “çuxası” tikir.
Ancaq İrəvanda unudurlar ki, Ermənistan adlı tarixi türk torpaqlarından qovulmuş Qərbi azərbaycanlılar da Qarabağdakı bir ovuc erməni ilə eyni təməl haqlara sahibdir. Yəni “Qarabağ” sözü sülh sənədinə salınsa belə, orada yalnız “simmetrik şəkildə”, “Qərbi Azərbaycan” ifadəsi ilə birgə əksini tapa bilər. Əgər insan haqları ölkələrin daxili işi deyilsə, Ermənistanın da daxili işi deyil.
Qısası, Azərbaycan yox, məhz Ermənistan özü-özünü aldatmaqla məşğuldur. Simonyanın fitnəkar açıqlaması isə əslində, başlamamış Vaşinqton danışıqlarının əhəmiyyətini sıfırlamaq və ya görüşə güclü mövqedən getmək cəhdidir. Əbəs səylərdir. Çünki şərtləri məğlub Ermənistan yox, qalib Azərbaycan diktə edir!
İndi baxaq görək, moderator ABŞ, konkret olaraq, Blinken erməniləri “göydən yerə” endirə, ağla gətirə biləcəkmi? Axı masa üzərində həm də Birləşmiş Ştatların uğurlu vasitəçi kimi avtoriteti qoyulub...
Zahid SƏFƏROĞLU
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ