Onlayn ictimai-siyasi qəzet
Qərbi Azərbaycanlıların öz evlərinə qayıdışı söhbəti Ermənistanda ciddi narahatlığa səbəb olub. Çoxları vəziyyətin bu həddə gəlib çatacağını heç ağlına gətirmirdi. Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını əks etdirən, gerbində Ağrı dağını təsvir edən, hələ üstəlik, işğalı davam etdirdiyi zaman “yeni ərazilər uğrunda müharibə”yə hazırlaşan haylar üçün indiki durum öldürücüdür.
Məhz buna görədir ki, Nikol Paşinyan gecə-gündüz vətəndaşlarına “real Ermənistan”dan danışır. Elə son çıxışlarından birində belə deyib: “Mövcud olmayan SSRİ-nin xəritələrinin qəbuledilməz olduğu deyilir. Birbaşa deməliyəm ki, bu yanaşma Ermənistan üçün çox təhlükəlidir, çünki SSRİ-nin xəritələrindən imtina etmək dövlətçilikdən və müstəqillikdən imtina etmək demək ola bilərdi, çünki biz Sovet Ermənistanı ərazisində müstəqillik əldə etmişik və beynəlxalq ictimaiyyət bizi belə tanıyıb. Beynəlxalq səviyyədə tanınan məkanımıza bağlılıq bizim üçün mühüm təhlükəsizlik buferidir”.
Bunu o adam deyir ki, cəmi beş il əvvəl “Qarabağ Ermənistandır. Nöqtə”, məzmunlu yuxusunu dilə gətirirdi. Amma bu gün təşviş içində adamlarına başa salmağa çalışır. Hətta sərhədlərin dəqiqləşdirilməsi prosesinə başlayarkən ona müqavimət göstərilməsini xatırladır, Xeyrimlidən başlayan tarixi hadisənin ermənilər üçün xilas yolu olduğunu deyir.
Bəli, tarixdə ilk dəfə Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsi prosesi başlayıb, amma “nəhs rəqəm”i – 13 km-i o tərəfə keçməyib hələlik. İlin əvvəlində məhz Azərbaycan tərəfin diqtəsi, təşəbbüsü ilə ikitərəfli əsaslarla sərhədlərdə delimitasiya və demarkasiyaya başlandı, 4 qeyri-anklav kəndimiz azad edildi. Amma davamı gəlmədi, çünki Ermənistandan maşa kimi yararlananlar Paşinyanın qulağını “doldurdular”, həm də prosesi dondurdular.
Kadastr sənədi olmayan ölkədən poliqon kimi istifadə edənlərin məqsədi Ermənistandan istifadədir, onun xilası, normala çevrilməsi deyil. Bu isə yeni gərginlik deməkdir. Son günlər Qərb ölkələrinin səfirlərinin hələ dəqiqləşdirilməyən şərti xarakterli sərhədlərdə yenidən peyda olmaları, binokl diplomatiyasının Polşa prezidentini belə, əhatə etməsi gerçək niyyətləri ortaya qoyur. Amma rəsmi Bakının mövqeyi qətidir. Ermənistandakı casus şəbəkəsi oradan getməlidir! Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 12 dekabrda bir daha bəyan edib ki, “iki ölkənin sərhədində üçüncü ölkənin qüvvələrinin yerləşdirilməsi narahatedici məsələdir”.
O qeyd edib ki, Ermənistanla Azərbaycan sərhədində Avropa İttifaqı missiyasının yerləşdirilməsinə lüzum yoxdur.
Sitat: “Bu missiyanın fəaliyyəti artıq başa çatmalıdır. Missiya həmin ərazilərə yerləşdirilən zaman Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının həmin dövrdəki prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyan iştirak edirdilər. Bu missiyanın qısamüddətli olacağı razılaşdırılmışdı. Amma göründüyü kimi, bu missiya davamlı xarakter alıb, hətta onun tərkibi, mandatının əhatə dairəsi də genişləndirilir”.
Prezident köməkçisi xüsusilə qeyd edib ki, Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşma və sülh şəraitində delimitasiya və demarkasiya prosesi aparılırsa, burada üçüncü qüvvənin olması və onun tərkibinin hərbi xarakterli qüvvələrlə zənginləşdirilməsinə hansısa ehtiyac yoxdur. “Aİ missiyası regionda sülhün genişləndirilməsinə xidmət edən faktor deyil. Sülhün gücləndirilməsi Ermənistanla Azərbaycan arasındakı prosesdir. Üçüncü ölkənin sərhəddə olması, iki ölkə arasında vəziyyətin gərginləşməsinə. Avropa İttifaqının da Cənubi Qafqazda təhlükəsizlik və hərbi faktor kimi ortaya çıxmasına səbəb olur. Bəzi Avropa ölkələri isə Aİ missiyası adından çıxış edərək, Ermənistanda planlarını həyata keçirirlər”, H.Hacıyev bildirib.
Ermənistan üçün növbəti xatırlatmadır. Əgər “daş”ı ətəyindən tökməsə, heç yaxşı olmayacaq. Azərbaycan 3+3 formatında əməkdaşlıq, normal qonşuluq, hətta Qafqaz Evi təklif edib. Amma Ermənistan bizim qurmaq istədiyimiz evə casus, oğru, quldurların toplaşmasına şərait yaradır, bilə-bilə ki, son nəticədə bu, gərginlik yaradacaq.
Xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Ermənistanla sülh müqaviləsi layihəsi 17 maddədən ibarətdir, artıq 15 maddə razılaşdırılıb. Amma hansı maddənin razılaşdırılmamasına aydınlıq gətirərkən məlum olur ki, elə sülh müqaviləsinin taleyini həll edən mövzudan söhbət gedir. Necə ki, dövlət başçımız da qəti mövqeyini bildirmişdi, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsə, sülh müqaviləsinin imzalanması mümkün deyil! XİN rəhbərinin dediklərindən bir daha aydın olur ki, İrəvan konstruktiv mövqeyə gəlmək niyyətində deyil. Sitat: “Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Ermənistan Konstitusiya Məhkəməsinin bu yaxınlardakı qərarı bu işi daha da mürəkkəbləşdirib. Çünki Konstitusiyanın prembulasında Ermənistan müstəqillik əldə edəndən sonra olan sənədə istinad var ki, orada Azərbaycana ərazi iddiaları var”.
Yəni Nikol Paşinyanın bütün sülh bəyanatlarına “bir quş!” Dünyada ikinci bir nümunə varmı ki, tərəflərdən biri digərinin ərazisinə ana qanunu ilə iddia irəli sürsün və onunla sülh müqaviləsini imzalasın? Yaxud İrəvandan tez-tez bəyan edirlər ki, biz sərhədlərin açılması üçün Ankaranın qərarını gözləyirik. Türkiyənin 6 vilayətinə iddiasını konstitusiyasına daxil edən, Ağrı dağını gerbində gəzdirən, saxta “soyqırım” iddiasından əl çəkməyən Ermənistan hansı üzlə “Marqara keçid məntəqəsini təmir etmişəm, gəlin qapıları açaq”, çağırışı edir?!
Nə edəcəklərsə, cavablarını artıqlaması ilə alacaqlar. Milli İncəsənət Muzeyində Qərbi Azərbaycan İcmasının təşəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və “Azərpoçt” MMC-nin dəstəyi ilə Qərbi Azərbaycanın tarixini əks etdirən silsilə markaların dövriyyəyə buraxılması mərasimi keçirildi. Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli zəruri xatırlatmalar edib. Deyib ki, Çar Rusiyası zamanı dövriyəyə buraxılan həmin markalar İrəvanın tarixən müsəlman şəhəri olduğunu bir daha təsdiq edir. Bu da Ermənistana markalı cavab! Davamı gələcək. Prezident İlham Əliyev söylədi: Ermənistan hakimiyyəti Qərbi Azərbaycan İcması iəl danışsın! Üçtərəfli, beştərəli danışıqlarda Azərbaycanı masaya dəvət edə bilməyən Ermənistan günün birində rəsmi Bakıya yalvararaq heç olmasa gəlin, ikilikdə danışaq, deyə minnətçi düşəcək bu gedişlə. Kapitulyasiya sənədini hansı şəraitdə imzaladıqlarını unutmasınlar!
12 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ