Onlayn ictimai-siyasi qəzet
Hazırda həbsdə olan Rusiya vətəndaşı, biznesmen, dövlət çevrilişi hazırlamaqda ittiham olunan Samvel Karapetyanın vəkilləri vasitəsilə göndərdiyi növbəti mesaj açıqlanıb. Karapetyan yenə də “köhnə havaları” təkrar edərək 44 günlük müharibədə Ermənistanın məğlubiyyətini və ermənilərin Qarabağdan köçməsini yada salıb, sülh prosesində İrəvanın əlverişsiz mövqedə olduğunu deyib.
Karapetyan ATƏT-in Minsk Qrupundan imtinanı və “Bakı ilə müstəqil şəkildə danışıqlar aparmağı” tənqid edir və indi “Azərbaycanın böyük qardaşı Türkiyənin” danışıqlarda əsas vasitəçi olmasından gileylənib.
“Avropa ilə qardaşlıqdan uzun-uzadı danışın, Sünikin təhlükəsizliyini təmin etmək üçün guya avropalı müşahidəçilər gətirin, ayda bir dəfə Makronu qucaqlayın, indi də dəhlizi amerikalılara təhvil verməyə çalışın. Dünyanın müxtəlif ölkələrində - Fransada, Yunanıstanda, Rusiyada, Kiprdə, Birləşmiş Ərəb Əmirliklərində uğurla iş aparmışam. Sizi inandırıram - belə davranışı və yalançılığı ilə kiçik bir dəstənin başçısı tezliklə nəinki özünü, hətta vətənimizi də dünyanın gözü qarşısında tamamilə nüfuzdan salacaq. Biz Ermənistanı geosiyasi qurban statusundan çıxaracağıq. Biz regionda maraqlar və prioritetlər balansını bərpa edəcəyik. Və sonra tranzit marşrutları Ermənistanın suveren ərazisində qalacaq, onun büdcəsini ildə yüz milyonlarla dollarla dolduracaq” deyə, onun müraciətində bildirilir. Moskvanın həbsdəki adamının çıxışının əsas tezisləri məhz sülh müqaviləsinə qarşıdır ki, bu da təsadüfi deyil.
Elşən Mustafayev
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev “Yeni Müsavat”a açıqlamasında diqqətçəkən bir müqayisə apardı. O, Karapetyanla hazırda Azərbaycanda həbsdə olan rusiyalı milyarder, separatçı Ruben Vardanyanın eyni taleyi yaşadıqlarını qeyd etdi: “Bir neçə aydır ki, Ermənistan daxilində siyasi vəziyyəti gərginləşdirmək istəyən qüvvələr çox aktivləşib. Proseslərin gedişatı bu qüvvələrin bir mərkəzdən idarə olunduğunu açıq göstərir. Çünki fərqli düşərgələrdən olanların bir istiqamətdə fəaliyyət göstərmələri təsadüfi deyil. Kilsənın, Qarabağ klanının, Rusiyadan göndərilənin bir arada görünməsi hazırkı hakimiyyəti təcili şəkildə zəiflətmək tapşırığı aldıqlarının göstəricisidir. Ermənistan hakimiyyəti bu planı yaxşı bildiyindən onu həyata keçirəcək qüvvələri indidən neytrallaşdırmağa başlayıb. Paşinyanın Ermənistan Apostol kilsəsinin başçısı və ətrafı ilə bağlı apardığı ciddi kampaniya, Samvel Karapetyanın həbsi, keçmiş hakimiyyət rəhbərləri haqqında cinayət işlərinin yenidən qaldırılması bu ilin payızına qədər gərgin mübarizənin gedəcəyindən xəbər verir. Ölkə daxilində keçmiş hakimiyyətin nüfuzunun çox aşağı olması onları önə çıxartmağa imkan vermir. O səbəbdəndir ki, Rusiya vətəndaşı olan milyarder Samvel Karapetyanın İrəvana göndərilməsi situasiyanın dəyişməyə hesablanmış bir addım idi. Amma onun həbsi bütün planları alt-üst edib. Ermənistan elektrik şəbəkəsinin Karapetyanın rəhbəri olduğu Rusiya şirkətində olması, ölkənin enerji təhlükəsizliyinin açıq şəkildə Rusiyadan asılı olmasını ortalığa qoyub. O səbəbdəndir ki, Ermənistan parlamenti Ermənistan Elektrik Şəbəkəsinin milliləşdirilməsi ilə bağlı parlamentdə müzakirələr açmış və birinci oxunuşda milliləşdirmə ilə bağlı məsələ böyük səs çoxluğu alıb. Vəziyyətin bu yerdə olduğunu görüb hazırkı hakimiyyətə qarşı intensiv hücumları artırıblar. Bu hücumlar Rusiyanın iştirakı olmadan Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında, eləcə də Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında görüşlərdən sonra daha da artdı. Paşinyanın Türkiyə səfəri isə qarşı tərəfi daha da qıcıqlandırdı. Hər iki ölkə liderlərinin həm Zəngəzur dəhlizinin açılması, həm də sülh müqaviləsi imzalanması istiqamətində gedən danışıqların yekunlaşması ilə bağlı bəyanatları ən sonda Donald Trampın gedən danışıqların nəticələrini möcüzə adlandırması və tezliklə Cənubi Qafqazda sülhün yaranacağını deməsi regionda maraqlı qüvvələri, xüsusilə Rusiyanı çox narahat edib. Hazırda Karapetyanın həbsxanadan açıqlamaları, Ermənistan hakimiyyətini milli maraqları satmaqda ittiham etməsi ancaq bəlli müxalif fikirli insanlar tərəfindən qəbul olunur. Hətta Paşinyanı istəməyənlərin bir hissəsi də Karapetyanın Rusiya adamı kimi qəbul etdiklərindən onun dediklərini dəstəkləmirlər. Hesab edirəm ki, həbsxanadan verilən açıqlamalar, kənardan veriləcək dəstəklər Ermənistanda siyasi sabitliyin pozulmasına gətirib çıxartmayacaq. Əgər Paşinyan özü sülh müqaviləsi və koridorun açılmasını ləngitmək istəsə, bu vəziyyətdən istifadə etməklə siyasi planlarını həyata keçirə bilər. Amma hazırkı durum Paşinyanın belə addım atmayacağını göstərir”.
Züriyə Qarayeva
Politoloq Züriyə Qarayeva hesab edir ki, hazırda həbsdə olan, lakin Ermənistan daxilində və beynəlxalq müstəvidə özünü təsirli fiqur kimi təqdim etməyə çalışan Samvel Karapetyanın son bəyanatı bir neçə istiqamətdə strateji siqnallar verir: “Bu çıxış təkcə şəxsi mövqeyin ifadəsi deyil, həm də Kremlin Cənubi Qafqazda uzunmüddətli planlarının Ermənistan daxilindəki təzahüri kimi oxuna bilər. İlk növbədə, diqqət çəkən əsas məqam Karapetyanın sülh prosesini və Bakı ilə birbaşa dialoq xəttini açıq şəkildə tənqid etməsidir. Bu, Ermənistanda radikal revanşist dairələrin hələ də mövcud olduğunu və Rusiya tərəfindən müəyyən dərəcədə təşviq olunduğunu göstərir. O, Azərbaycan və Türkiyənin regiondakı artan rolundan narahatlıq ifadə etməklə, əslində Ermənistanın Qərblə yaxınlaşma siyasətinə qarşı alternativ mərkəz yaratmağa çalışır.
Onun ritorikasında Qərb aktorlarına qarşı inamsızlıq hiss olunur. Karapetyanın “tranzit marşrutları” və Ermənistanın büdcəsi ilə bağlı dedikləri, əslində Rusiya üçün strateji əhəmiyyət daşıyan nəqliyyat-logistika planlarına da işarədir. O, Ermənistanın regional tranzitdə əsas söz sahibi olmasını istəyir, lakin bunu mümkün görmək üçün qərbyönümlü Paşinyan iqtidarının zəiflədilməsini zəruri hesab edir. Belə bir yanaşma, Ermənistanın regional sabitliyə töhfə vermək əvəzinə, yeni bir qarşıdurma siyasətinə sürüklənməsi riskini artırır. Ən diqqətçəkən məqam isə Karapetyanın çıxışının tamamilə sülhə qarşı yönəlmiş olmasıdır. Bu, təkcə Paşinyan hakimiyyətinə deyil, bütövlükdə Cənubi Qafqazda formalaşmaqda olan yeni təhlükəsizlik arxitekturasına zərbədir. Onun dedikləri, əslində Ermənistan cəmiyyətindəki parçalanmanı və Rusiyanın oradakı daxili dayaqlarının hələ də aktiv olduğunu göstərir.
Beləliklə, Karapetyanın çıxışı fərdi bəyanatdan daha çox, Ermənistanın gələcək istiqamətini müəyyənləşdirmək uğrunda gedən ideoloji və geosiyasi mübarizənin bir parçasıdır. Bu mübarizədə Moskva öz sözçüləri vasitəsilə “sabitlik” və “müstəqillik” adı altında əslində regionda təsirini qorumağa çalışır. Ermənistan üçün bu yol ya regional əməkdaşlıq və barış, ya da uzunmüddətli təcrid və geosiyasi asılılıq seçimidir".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ