İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Bakıya qarşı yeni məkrli taktika seçib: “Nə hərb, nə sülh” mesajları ilə çaşqınlıq yaratmaq və...

Ermənistanın həm baş naziri, həm də xarici işlər naziri ortaq yalanlarla, hiyləgər plan üzrə hərəkət edirlər... Əsas məqsədin rəsmi Bakını arxayınlaşdırmaq, daha sonrasa, Azərbaycana qarşı gözlənilməz savaşa başlamaq ola biləcəyi istisna deyil...

Cənubi Qafqazda geopolitik qarşıdurmanın artıq böhranlı həddə çatdığı müşahidə olunmağa başlayıb. Belə ki, dünya nəhənglərinin geopolitik qarşıdurması hər an bu regionu “hərbi partlayışa” məruz qoya bilər. Hər halda, hazırda Cənubi Qafqazda yaranmış situasiya faktiki olaraq, “barıt çəlləyi”ni xatırladır. Və mövcud vəziyyətin yaranmasında əsas günahkar da davamlı olaraq, sülhdən danışaraq, Azərbaycan-Ermənistan anlaşmasını bloklamağa çalışan Qərb siyasi dairələridir.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti də eynilə Qərb siyasi dairələrinin taktikasını təkrarlamağa çalışır. Otən ilin ortalarından ibarət rəsmi İrəvan israrla yaxın vaxtlarda yekun sülh sazişinin imzalana biləcəyini iddia edirdilər. Hətta Azərbaycan və Ermənistanın yeni ilə sülh sazişi ilə keçid edəcəyini də vurğulayırdılar. Və buna hər kəsi inandırmağa cəhd göstərirdilər.

sulh-muqavile.jpg (293 KB)

Əslində, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün həqiqətən də ilk dəfə olaraq, münbit şərait yaranıb. Belə ki, Azərbaycan Ermənistanın 30 illik işğalından sonra öz ərazilərini azad edib və ərazi bütövlüyünü təmin edib. Eyni zamanda, Azərbaycan ordusu Ermənistanla əsas münaqişə mövzusu olan Qarabağ problemini də kökündən həllinə nail olub. Çünki rəsmi Bakı artıq Azərbaycanın Qarabağ iqtisadi regionu üzərində Azərbaycanın suveren hüquqlarını bərpa edib. Və bu, o deməkdir ki, yekun sülh sazişinin önündə olan əsas problemlər artıq möbcud deyil.

Ancaq bütün bunlara və rəsmi İrəvanın sülh prosesinə “sadiq olduğuğunu” idda etməsinə baxmayaraq, yekun sazişin imzalanması baş tutmur. Çünki indi əsas problem məhz Ermənistan və onun beynəlxalq himayədarları – ABŞ, Avropa Birliyi və Fransadan qaynaqlanır. Belə ki, Paşinyan hakimiyyəti davamlı şəkildə sülhdən danışsa da, Ermənistanın beynəlxalq himayədarlarının təlimatlarına uyğun olaraq, bu prosesi bloklayan addımlar atır. Və Azərbaycana qarşı müxtəlif iddiaları davam etdirir.

Məsələ ondadır ki, rəsmi Bakı sülh sazişinin imzalanması üçün beynəlxalq hüquq normalarına bağlı beş tələb-şərt müəyyən edib. Sülh danışıqlarının başlanğıcında rəsmi İrəvan həmin beş pronsipi qəbul etdiyini vurğulasa da, artıq öz mövqeyindən geri çəkilmiş kimi görünür. Hər halda, Paşinyan hakimiyyəti yekun sülh sazişinin imzalanmasını yalnız üç prinsip üzərində anlaşmaya bağlayır.

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)

Halbuki, bu halda, dayanıqlı sülhə nail olmaq mümkün deyil. Yəni, rəsmi İrəvanın israr etdiyi üç prinsip hər an pozula biləcək yarımçıq sülh sazişi deməkdir. Bu baxımdan, Cənubi Qafqazda davamlı sülhə, əmin-amanlığa nail olmaq üçün mütləq rəsmi Bakının təklif etdiyi beş təməl prinsipin qəbulu qaçılmazdır. Və sülh sazişini gecikməsi də məhz bu məsələ ətrafında ziddiyyətlərin dərinləşdirilməsi ilə birbaşa bağlıdır.

Son vaxtlarsa, rəsmi İrəvanın sülh prosesindən ümumiyyətlə, uzaqlaşma yolu tutduğu müşahidə edilir. Belə ki, Paşinyan hakimiyyəti sülhə deyil, məhz yeni potensial regional savaşa yol aça biləcək addımlar atır. Ermənistan Fransa və Hindistanın istehsal etdiyi hərbi texnika ilə sürətlə silahlanır. Rəsmi Parisin qurduğu geopolitik oyunlara könüllü alət olan Ermənistan Fransa, Yunanıstan və Hindistanla yenbi hərbi ittifaq qurmaq istiqamətində gərginləşdirici addımlar atır. Və eyni zamanda, həm Fransa, həm də Yunanıstanla hərbi-ticari əməkdaşlıq xarakteri daşıyan müəmmalı məqsədli müqavilələr imzalayır.

Üstəlik, hazırda rəsmi İrəvan sülhdən danışıb, danışıqlar prosesini bloklamaq taktikasına müəyyən düzəlişlər də etməyə başlayıb. Belə ki, Paşinyan hakimiyyətinin bəzi təmsilçiləri yenə də sülh sazşinin mümkünlüyünü bəyanlayırlar. Digərləri isə dərhal bunu təkzib etməyə çalışırlar. Yəni, rəsmi İrəvan eyni vaxtda iki fərqli mövqedən çıxış edir. Və bununla da geopolitik çaşqınlıq yaratmağa çalışırlar.

Məsələ ondadır ki, Ermənistan baş naziri Nikol Paşinyan bir müddət öncə, Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşdükdən dərhal sonra Azərbaycanla sülh sazişinin imzalanması üçün hər hansı şansın olmadığını vurğulamışdı. Ardıncasa, Ermənistanın hərbi cəhətdən gücləndirilməsi üçün yeni ordunun yaradılması və müasir silahların alınmasının rəsmi İrəvan üçün əsas prioritet olacağını bəyan etmişdi. Və bu, rəsmi İrəvanın sülh deyil, məhz yeni savaş xətti üzrə hərəkət etmək niyyətini təsdiqləyirdi.

3c6010dfe7ce369616e4cb2caf60a546.jpg (422 KB)

İndisə, rəsmi İrəvan tamamilə fərqli mövqedən çıxış etməklə, diqqəti çəkib. Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh sazişinin imzalanma imkanlarının olduğunu vurğulayıb. Hətta erməni nazir bu nəticənin çox da uzaqda olmadığını iddia edib. Belə anlaşılır ki, Ermənistanın xarici işlər naziri faktiki olaraq, bu ölkənin baş nazirini təkzib edir. Çünki məhz baş nazir Nikol Paşinyan sülh sazişi ehtimalının olmadığını bildirmişdi. Və indi bu iki erməni siyasətçidən hansının doğru, yaxud yalan danışdığını müəyyən etmək qətiyyən asan deyil.

Halbuki, Paşinyan hakimiyyətinin son davranışlarını nəzərə almaqla, onların hər ikisinin fərqli məzmunda yalanlar danışdığını da düşünmək olar. Böyük ehtimalla Ermənistanın həm baş naziri, həm də xarici işlər naziri eyni məqsədlərə xidmət edən yalanlarla rəsmi İrəvanın əsas hədəfini mümkün olduğu qədər ört-basdır etməyə çalışırlar. Və bununla rəsmi Bakını arxayınlaşdırıb, çaşdıra biləcəklərinə ümid bəsləyirlər.

Yəni, rəsmi İrəvan Ermənistanın silahlandırılaraq, gücləndirilməsi üçün əlavə vaxt qazanmağa cəhd göstərir. Ona görə də, Paşinyan hakimiyyətinin təmsilçilər sülh prosesi ilə bağlı ziddiyyətli məzmun daşıyan açıqlamalar verməklə, diqqəti Ermənistanın silahlandırılmasından yayındırmaq məqsədi güdürlər. Və bu, Ermənistanın hələ bir müddət də “nə hərb, nə sülh” taktikası ilə yeni savaşa hazırlaşmağa cəhd edəcəyini düşünməyə əsas verir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR