İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan gələn narkodronları İsrail antidron sistemləri zərərsizləşdirə bilər

Azərbaycana İrandan narkotiklərin dronla daşınması halları adiləşir.

Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata görə, martın 21-də DSX Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə pilotsuz uçuş aparatı (PUA) səsi eşidilib, bir qədər sonra isə avtomobillə həmin istiqamətdə hərəkət edən iki nəfər naməlum şəxs müşahidə olunub:

“Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avtomobilin hərəkəti məhdudlaşdırılıb, Abşeron rayonu, Saray qəsəbə sakinləri - 2000-ci il təvəllüdlü İlqar Nuhbala oğlu Qurbanov və 1985-ci il təvəllüdlü Nemət Mollağa oğlu Məhərrəmov şübhəli şəxs qismində saxlanılıblar. Nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 6 kiloqram 354 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. İlkin dindirilmə zamanı saxlanılan şəxslər İran ərazisindən PUA vasitəsilə atılan narkotiki götürmək məqsədilə gəldiklərini etiraf ediblər. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

Azərbaycana narkotiklərin dronla daşınmasının qarşısını necə almaq olar? Bu yöndə beynəlxalq təcrübə necədir?

NATİQ.jpg (75 KB)

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, dron texnologiyalarının inkişafı bütün dünyada narkoticarətlə məşğul olanların işinə yarıyıb:

“Həbsxanalara, qapalı ərazilərə dronla narkotik daşınması halları qeydə alınmaqdadır. Hazırda bu çox aktual və mühüm bir məsələyə çevrilib. Çünki dron texnologiyaları sərhədləri tanımır. Buna görə də qonşu ölkələrlə əməkdaşlıq, ortaq monitorinq sistemləri və məlumat paylaşımı çox vacibdir. Bu gün dünyada dron aşkarlama sistemlərindən, yeni textexnologiyalardan istifadə olunur.

Bu sistemlər sırasında “Dedrone”, “DroneShield”, “Fortem SkyDome” – dronları RF, radar və video ilə aşkarlayan sistemlər var.

Məsələn, ABŞ-Meksika sərhədində ABŞ sərhəd patrulu bu sistemləri yerləşdirərək, narkotik daşıyan dronları radar və akustik sensorlarla izləyir. Avstraliya hökuməti liman və sərhəd ərazilərdə bu sistemləri təcrübədən keçirib.

İsrail “DroneGun Tactical” (DroneShield) – portativ dron pozucu silahlardan, SKYLOCK Dome System – geniş radiuslu avtomatik dron qarşısı alıcı sistemlərdən istifadə edir. Bu texnologiyalar sərhəddə, xüsusən də təhlükəli zonalarda, avtomatik rejimdə tətbiq olunur. Səudiyyə Ərəbistanı neft obyektlərini və sərhədləri qorumaq üçün geniş jammer sistemləri yerləşdirilib. ABŞ sərhəd patrulu – xüsusi dron müdaxilə komandaları ilə həm yerüstü, həm də hava patrulu təşkil edir.

Avropa sərhəd agentliyi (Frontex) – sərhədçiləri həm dron izləmə, həm də zərərsizləşdirmə üzrə təlimləndirir. Bu zaman süni intellekt və analitik sistemlərə geniş yer verilir. AI əsaslı uçuş trayektoriyası analizi, davranış analiz proqramları (ThreatDetect AI) mövcuddur. Böyük Britaniyada əvvəllər hava limanlarında istifadə olunan bu sistemlər indi sərhəd müdafiəsinə də keçirilib. Kanadada dronların keçmiş uçuş məlumatlarını analiz edərək riskli bölgələrdə əlavə müdafiə tədbirləri görülür”.

Natiq Ələsgərov bildirib ki, narkotiklərin dronla daşınmasının qarşısını almaq üçün bir neçə effektiv yanaşma tətbiq oluna bilər:

“Məsələn, dron aşkarlama, radar sistemləri quraşdırmaq olar. Dronların uçuşunu izləmək üçün xüsusi radar sistemləri var. Bundan başqa, akustik sensorlar quraşdırmaqla dronların səsini müəyyən etmək və zərərsizləşdirmək olar. RF (Radio Frequency) detektorlarından da istifadə oluna bilər. Bu detektorlar dronların istifadə etdiyi radio siqnallarını aşkar edir, belə cihazlarla nəzarət imkanı yaradır”.

Şirkət rəhbərinin sözlərinə görə, dron əleyhinə müdafiə texnologiyalarından istifadə etməklə sərhəd zonalarından dronların uçuşlarını məhdudlaşdırmaq olar:

“Jammer cihazları dronların siqnallarını pozur, onları idarəolunmaz vəziyyətə gətirir. Bundan başqa, narkotik daşıyan, sərhəd pozucusu olan dronları xüsusi tor atan və ya digər dronlarla tutmaq da mümkündür. Hətta bəzi hallarda müdafiə dronları – qanunsuz dronu izləyən və zərərsizləşdirən dronlar da istifadə olunur. Belə dron zərərsizləşdirən texnologiyaları sərhədlər, həbsxanalar və strateji obyektlərdə yerləşdirmək vacibdir”.

Natiq Ələsgərov deyib ki, Azərbaycanda dronların qeydiyyatı və istifadəsi üçün daha ciddi qaydalar tətbiq olunur:

“Çox təəssüf ki, ölkəmizlə sərhəddə, konkret olaraq İran ərazisindən lisenziyasız və şübhəli dron uçuşlarının qarşısı alınmır. Sərhəd zonalarında narkotiklərin dronla daşınmasının İran tərəfdən qarşısının alınmaması, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının birtərəfli şəkildə mübarizəsi göz önündədir. Sərhədyanı ərazilər narkotik qaçaqmalçıları üçün hər zaman aktual olub. İndi isə narkoqaçaqçılıqda dronlardan istifadəyə geniş yer verilir. Dronlar çox sürətli və gizli çatdırma vasitəsidir.

Qarşı tərəf müvafiq addımlar atmağa həvəsli görünmür. Ona görə də sərhəd zonalarında dronla narkotik daşınmasına qarşı tədbirlər görülməsi zəruridir. Dron aşkarlama sistemlərinin sərhədboyu qurulması vacibdir. Məsələn, İranla sərhəddə 360 dərəcə radar sistemləri qurulsa, hətta kiçik ölçülü və alçaqdan uçan dronlar da sərhədimizi aşa bilməyəcək. Termal kameralar vasitəsi ilə gecə vaxtı uçuşlar zamanı istilik izi ilə dronu aşkarlamaq mümkündür. Jammer qeyd etdiyimiz kimi dronla operator arasındakı rabitəni pozur və onu məcburi endirməyə və ya nəzarətsiz hala salmağa imkan verir.

Sərhədçilərimiz daimi patrul xidməti ilə yanaşı, mobil dron əleyhinə qruplarla da təchiz edilməlidir. Bu qruplar həm müşahidə, həm də dərhal müdaxilə funksiyası daşıyır. Kəşfiyyat və süni intellekt əsaslı analizlər aparmaqla əvvəlki dron hücumlarının analizləri, uçuş trayektoriyaları, hava şəraiti və vaxt statistikası ilə süni intellekt sistemləri müəyyən ərazilərdə potensial riskləri əvvəlcədən təxmin edə bilər”.

N.Ələsgərov bildirib ki, sərhəd bölgələrində əhalinin maarifləndirilməsi və müşahidə şəbəkəsinin yaradılması da vacibdir:

“Kolumbiya və Meksika sərhədlərində əhalinin narkotik daşımaları barədə məlumat verməsi üçün xüsusi mobil tətbiqlər və anonim bildiriş sistemləri tətbiq olunur. “DronWatcher” tipli tətbiqlər vasitəsilə vətəndaşlar dron səsi və ya görüntüsü barədə birbaşa məlumat verə bilirlər. Azərbaycanda da sərhədyanı ərazilərdə yaşayan sakinlərə şübhəli uçuşlar və dron səsləri barədə məlumat vermələri üçün qaynar xətt və mobil tətbiqlər təqdim edilə bilər”.

Şirkət rəhbəri həll yollarından biri kimi dronla narkotik daşıyanlara qarşı sərt cəzaların tətbiqi və yeni cinayət maddələrinin qanunvericiliyə əlavə edilməsinin də məqsədəmüvafiq olduğunu qeyd edib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR