İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda daha bir etirazçı dar ağacından asıldı - fars-molla rejimini susduran olacaqmı?

İranda gənc etirazçı Mühsin Şikarinin edam edilməsindən sonra etirazlar, gözlənildiyi kimi, azalmaq əvəzinə güclənib. Artıq narazı insanlar hakim rejimin müqəddəs saydığı məkanlara, simvollara od vurmağa başlayıb. Belə ki, 11 dekabrda Buşehr şəhərində Xomeyni adına dini-elmi mədrəsə yandırılıb. Xalqla hakimiyyət arasında böyük bir uçurum yaranmaqdadır. Etirazlar isə demək olar, bütün sosial qatları əhatə edir.

“Əmin olun ki, bir insanın həyatına son qoyulması və etirazçıların edam edilməsinin nəticəsi sizin üçün ağır olacaq”. Bu sözləri iranlı aktrisa Hədiyyə Tehrani İnstagram hesabında yazıb.

Aktrisa 23 yaşlı etirazçı Möhsün Şikarinin edam edilməsini sərt tənqid edib: “Bu, odun üzərinə benzin tökməkdir”. Beləcə, ölkənin tanınmış incəsənət, mədəniyyət və idman xadimləri təhlükəsizlik və məhkəmə sisteminin təzyiqlərinə baxmayaraq, etirazların yatırılması və Möhsün Şikarinin edam edilməsinə kəskin və açıq reaksiya verməkdə davam edirlər.

Bu arada etiraz aksiyaları zamanı edam cəzasına məhkum edilən 23 yaşlı Mahan Sədrətin edamı təxirə salınıb. İranda keçirilən nümayişlərlə bağlı “ictimai təhlükəsizliyə qarşı cinayət törətmək niyyəti ilə hərəkət etmək” ittihamı ilə edam cəzasına məhkum edilən 23 yaşlı Mahan Sədrətin cəzasının təxirə salındığı bildirilib. Bildirilib ki, Sədrətin ailəsinin səyləri və ictimai təzyiqlər nəticə verib və məhkəmə orqanları ölüm hökmünü təxirə salıb. Mövzu ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Amma bir gün sonra, yəni dekabrın 12-də İranda üç aya yaxındır davam edən etiraz aksiyalarının daha bir iştirakçısı açıq şəkildə asılıb. Həmin şəxs Bəsic birləşməsinin iki üzvünü öldürməkdə ittiham olunurdu. İRNA xəbər agentliyinin verdiyi məlumata görə, Məcdidreza Rəhnavərd İranın şimal-şərqindəki Məşhəd şəhərində edam edilib.

Onu da qeyd edək ki, son günlər BMT başda olmaqla, beynəlxalq təşkilatlardan, o cümlədən insan haqları təşkilatlarından, dünya ölkələrindən İran rejiminin ünvanına ard-arda çağırışlar, tələblər səsləndirilir. İlk növbədə etirazçılar barədə ölüm hökmünün ləğvi istənilir. Bu məqsədlə İran səfirləri olduqları ölkənin XİN-lərinə çağırılır, İran əleyhinə yeni-yeni sanksiyalar tətbiq olunur. Həmçinin İrana gəlməyi planlaşdıran xarici turistlərin 85 faizi artıq öz səfərini ləğv edib. İran tüməni dollar qarşısında rekord həddə dəyər itirib.

Yeri gəlmişkən, Almaniyanın xarici işlər naziri Annalena Baerbok İranı “qeyri-insanilik”də ittiham edib. “Şikari alçaq və tələsik məhkəmədə mühakimə olundu və edam edildi. Bununla belə, edam təhlükəsi insanların azadlıq iradəsini boğmaq iqtidarında olmayacaq", - o, “Twitter” hesabında yazıb.

Fransa Xarici İşlər Nazirliyi də edam hökmünü pisləyib.

Britaniyanın baş diplomatı Ceyms Cleverly dünyanın “İran rejiminin öz xalqına qarşı etdiyi kor-koranə zorakılığa” göz yuma bilməyəcəyinə işarə edib.

Görəsən, bütün bu təzyiqlər işə yarayacaqmı?  Fars-molla rejimi geri çəkiləcəkmi? 

İrandakı etirazçılar nə istəyirlər? Xalqqazeti.com

İranşünas: “Ölkədə rejim dəyişməsə, köklü islahat qeyri-mümkündür”

İranşünas, professor Vidadi Mustafayev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, İran çox mürəkkəb bir ölkədir və rejim dəyişməsə, burada köklü islahat qeyri-mümkündür: “Bununla bağlı "Mühafizəkarlar və islahatçılar" kitabımda da bildirmişəm. Çünki çox mürəkkəb bir strukturu var. Hakimiyyət həm İslamın nəzarəti altındadır, həm də ruhanilərin əlindədir. Onu da qoruyan iki-üç eşelonlu struktur var. Əsas qüvvə SEPAH-dır. SEPAH-ın vəzifəsi İslam rejimini, ruhanilərin hakimiyyətini qorumaq və ondan faydalanmaqdır. SEPAH indi İranda ən güclü hərbi, siyasi, ideoloji bir qurumdur. Eyni zamanda İranın bir nömrəli iqtisadi gücüdür. İqtisadiyyatın ən güclü sahələri ya onun nəzarətindədir, ya da birbaşa onun ixtiyarındadır. Aerokosmik qüvvələr, raket istehsalı SEPAH-ın nəzarətindədir. Yəni islah edilə biləcək məqam yoxdur. Əgər kökündən islah etsələr, onda gərək rejim çöksün. İranda da bununla bağlı çoxlu elmi yazılar gedir, təhlillər aparılır. Orada da çıxış yolu göstərə bilmirlər. Deyirlər ki, ikinci dərəcəli islahatlar keçirmək iğtişaşların qarşısını almaq, bəzi tələbləri yerinə yetirmək olar. Amma köklü heç nə etmək olmaz. Rejim son nəfəsinədək geri çəkilə bilməz. Ona görə İran çalışacaq ki, bu iğtişaşları zor gücünə yatırsın. Amma yatıra biləcəkmi? İranda buna münasibət birmənalı deyil".

İranşünas əlavə edib ki, İranda əhalinin 70 faizinin rejimdən narazı olduğu bildirilir, amma bununla belə, rejimin yıxılmasında maraqlı deyillər: “Çünki rejim yıxılarsa, İranda hansı hadisələr baş verəcək, Məşhəddən qaçan qüvvələr, ölkənin parçalanması kimi məsələlər İran hakimiyyətini də, ona müxalif olan qüvvələri də narahat edir. Ona görə çıxış yolu hələlik bu etirazları yatırmaqda görülür. Yatıra biləcəklərmi, bunu da demək çox çətindir”.

Professor İran universitetlərində tələbələrə qarşı edilən haqsızlıqlardan söz açdı: “7 dekabr İranda tələbə günü kimi qeyd edilir. 1953-cü ildə bu gün ABŞ vitse-prezidenti R.Niksonun İrana rəsmi səfərinə etiraz edən Tehran Universiteti tələbələrindən üç nəfər öldürülmüşdü. Həmin tələbələr, necə deyərlər, imperializmə qarşı etiraz etdikləri və bu yolda həlak olduqları üçün qəhrəman hesab edilirdilər. Amma indiki tələbələr 40 il davam edən daxili imperializm və irticaya qarşı, fərdi azadlıqları, yaşamaq uğrunda mübarizəyə qalxdıqları üçün psixi xəstə elan ediliblər. İranda tələbələr həm də ona etiraz edirlər ki, bütün universitetlərdə tələbənin yazdığı kurs işi, magistr dissertasiyası, aspirant məqalələrində rəhbər professorun və ya onun təqdim etdiyi şəxsin adının müəllif qismində yazılması məcburidir”.

Asif Nərimanlı yazır...

Politoloq:  “İranda daxildə qarşıdurmalar, SEPAH və milli ordu arasında fikir ayrılığı var, odur ki...”

Siyasi şərhçi Asif Nərimanlı mövzu ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, proseslərin başladığı gündən hadisələrin gedişatı göstərir ki, burada artıq iki tərəfdən biri geri çəkilməlidir: “Geri çəkilən tərəf güzəştə getməlidir. Əslində hadisələrin əvvəlindən İran üçün elə görünürdü ki, nəzarəti ələ ala biləcəklər. Çünki bundan öncəki hadisələr göstərirdi ki, müəyyən müddətdən sonra etiraz müəyyən qədər yumşalır, müəyyən səngimələr baş verir. Hətta buna görə SEPAH-ın, milli ordunun rəhbərliyi son çıxışlarında söz vermişdilər ki, nəzarəti tam bərpa edəcəklər. Amma hadisələr göstərdi ki, bu mümkün deyil. Əksinə, etirazlar daha da artır. Ölkənin bütün ərazisində aksiyalar var. Müəyyən bölgədə səngisə də, digərində daha çox artır.

Proses göstərir ki, İran hakimiyyəti ölkəni nəzarətə almaq iqtidarında deyil. Ox yaydan çıxıb. Hətta indi yollardan biri o ola bilər ki, güc yolu ilə prosesin qabağını alsın. Buna getsələr də, görürlər ki, mümkün deyil. Hətta başını açan qadınlara qarşı polis idarəsində ən alçaq hərəkətləri etdilər, amma yenə etirazların qarşısını ala bilmirlər. İran rejiminin indiki situasiyada özünü qorumaq üçün imitasiya xarakterli addımlar atacağı gözləniləndir.

Misal üçün, əxlaq polisinin ləğvi ilə bağlı məsələ gündəmə gəldi. Edam məsələsi də prosesin tərkib hissəsidir. Burada əsas tələb - əxlaq polisinin ləğvi, hicabla bağlı bir qədər dəyişiklik olmasından ibarətdir. Bu isə rejimin fəlsəfəsinə, mahiyyətinə uyğun deyil. Əvvəlki dövrdə bəlkə bu cür hadisələr baş versəydi, müəyyən qədər yumşalmalar olardı, amma mühafizəkarların içindən gələn indiki hakimiyyət tamam fərqli bir düşüncədədir. İran hakimiyyəti özü də etiraf edir ki, siyasətdən, diplomatiyadan daha uzaq, daha çox hərbi düşüncəli, daha çox güc tətbiq edən şəxslərdir. Misal üçün, biz bunu İran xarici işlər nazirinin davranışlarından da görə bilirik ki, bunlar siyasətdən uzaq adamlardır. Belə situasiyada onların geri çəkiləcəyi də inandırıcı görünmür.

Məsələ təkcə İrandakı etirazlarla da bağlı deyil. Fikrimcə, İranda daxildə də müəyyən qarşıdurma var. Çünki hakimiyyətin ötürülməsi məsələsi var. Hətta SEPAH və milli ordu arasında fikir ayrılığı mövcuddur. Çox qıt olsa da, bu haqda informasiyalar var. Hadisələr də göstərir ki, daxildə kiminləsə hesablaşıblar. Odur ki, ox yaydan çıxıb, müəyyən qədər imitasiya etsələr belə, bu hakimiyyətin mahiyyətinin tamamilə dəyişəcəyi deyil. Yaxud etirazçıların tələblərinin qəbul ediləcəyi də demək deyil. Bu, insanların 10 illərlə yığılıb qalmış narazılığının bir formasıdır. Bəlkə də bir bölgədə kiminləsə anlaşa bilərlər, amma digər bölgədə bu mümkün olmayacaq. Aksiyalar, etirazlar müəyyən mərhələyə gəlib çıxıb, amma bu son deyil. Nə molla rejimi mahiyyətini dəyişəcək, nə də etirazçılar geri çəkiləcək". 

Qeyd edək ki, etirazların 13-cü həftəsində öldürülən nümayişçilərin sayı 485-ə çatıb. Bu haqda İranda insan hüquqları fəalları qrupu məlumat yayıb. Öldürülənlərdən 68 nəfərin uşaq və yeniyetmə olduğu bildirilir. Hesabatda 160 şəhərdə keçirilən aksiyalarda 18 259 etirazçının həbs edildiyi qeyd edilir. Bu müddət ərzində 143 universitetdə keçirilən tələbə aksiyaları zamanı 620 tələbə saxlanılaraq həbsxanalara aparılıb.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR