Onlayn ictimai-siyasi qəzet
“Böyük yeddilik” kimi tanınan dünyanın 7 sənayeləşmiş ölkəsinin xarici işlər nazirləri ötən gün verdikləri birgə bəyanatda İsrail və İran arasında atəşkəsi dəstəklədiklərini və İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün danışıqların bərpa olunmasını istəyiblər.
Aprel ayından bəri İran və ABŞ İranın nüvə proqramı ilə bağlı yeni diplomatik həll yolunun tapılmasına yönəlmiş danışıqlar aparırlar.
“Biz İranın nüvə proqramına toxunan hərtərəfli, yoxlanıla bilən və davamlı razılaşmaya gətirib çıxaran danışıqların bərpasına çağırırıq”, - G7 xarici işlər nazirlərinin bəyanatında deyilir.
G7 xarici işlər nazirləri həmçinin bütün tərəfləri regionda sabitliyi daha da poza biləcək hərəkətlərdən çəkinməyə çağırdıqlarını açıqlayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi CBS telekanalına müsahibəsində deyib ki, onun fikrincə, Tehran və Vaşinqton arasında danışıqlar yaxın gələcəkdə başlamayacaq, çünki Tehran ilk növbədə “ABŞ danışıqların ortasında növbəti hərbi hücuma keçməyəcəyini” təmin etməlidir. İranın xarici işlər naziri CBS telekanalında yayımlanan müsahibədə İranın uranı zənginləşdirmək hüququndan geri çəkilməyəcəyini, baxmayaraq ki, “dialoq və diplomatiya qapılarını heç vaxt örtməyəcəyini” deyib.
Bu, İranın xarici işlər naziri ilə Amerika mediası arasında ABŞ-ın ölkənin nüvə obyektlərinə aviazərbəsindən sonra ilk söhbətidir və Abbas Əraqçi ABŞ-la danışıqların tez başlamasından danışıb, Donald Tramp da son bir neçə gündə İranla danışıqların başlaması barədə dəfələrlə danışıb, baxmayaraq ki, o, hələ danışıqların başlamadığını və hələ vaxt müəyyən edilmədiyini etiraf edib.
Müsahibəsində Abbas Əraqçi ABŞ prezidentinin “İranın nüvə obyektlərinə hücum və məhv edilməsinin və məhv edilməsinin tamamilə uğurlu olduğu” iddiasına belə reaksiya verib:
“Heç kim bombardman etməklə zənginləşdirmə texnologiyası və biliyini məhv edə bilməz. Əgər biz bu sənayedə yenidən irəliləyiş əldə etmək istəsək və niyyət etsək, tez bir zamanda dəymiş ziyanı təmir edib, itirilmiş vaxtı aradan qaldıra bilərik”.
İranın xarici işlər naziri İranın uranı yenidən zənginləşdirmək niyyətində olub-olmaması ilə bağlı suala belə cavab verib:
“Sülh məqsədli nüvə proqramı bizim üçün milli qürur və ləyaqət nöqtəsinə çevrildi. Biz də 12 günlük müharibə yaşadıq, ona görə də xalqımız uran zənginləşdirmək hüququndan asanlıqla əl çəkməyəcək”.
İran, 2015-ci ildə dünya gücləri ilə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan razılaşmaya əsasən, Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında uranı mülki məqsədlər üçün zənginləşdirmək hüququna malikdir və həmişə öz nüvə proqramını sülh xarakterli adlandırıb. Lakin 2017-ci ildə vəzifədə olduğu ilk müddətdə ABŞ-ı JCPOA-dan çıxaran Donald Tramp davamlı olaraq İranın nüvə silahı əldə etmək hüququna malik olmadığını israr edir və İran daxilində zənginləşdirməni tamamilə dayandırmağa çağırır.
Nə baş verir? İran-ABŞ münasibətlərinin gərginləşməsi yeni müharibəyə qədər uzana bilrmi?
Abbas Əraçinin açıqlamalarından aydın görünür ki, İran uranı zənginləşdirməkdə israrlıdır. Zənginləşdirmə prosesini dayandırmaq niyyəti yoxdur.
İran nüvə silahı hazırlaya bilsə, bu silah ona hücum edənlər üçün çəkindirici amilə çevriləcəkmi?
Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, dünyanın “Böyük Yeddiliyi”nin (G7) yenidən İran məsələsini gündəmə gətirməsi vacib idi:
“G7 ölkələrinin xarici işlər nazirləri verdikləri birgə bəyanatda həm İsrail-İran atəşkəsini dəstəklədiklərini, həm də Tehranla yeni nüvə danışıqlarının bərpasına çağırdıqlarını bildiriblər. Amma bu çağırışların fonunda daha real və təhlükəli bir proses davam edir: İran uranı zənginləşdirməyə davam edir və ABŞ bu prosesə dözümlü yanaşmayacağını bəyan edir.
İranın xarici işlər naziri Abbas Əraqçi açıq şəkildə deyir ki, sülh məqsədli nüvə proqramı İran üçün milli qürur və ləyaqət nöqtəsinə çevrilib. Bu ifadə diplomatik ritorikadan daha çox, bir siyasi xəttin bəyanıdır. Əraqçinin səsini yüksəltmədən verdiyi cavablar Tehranın gücdən çəkindirmək strategiyasına əsaslandığını göstərir.
“Zənginləşdirmə texnologiyasını bombalamaqla məhv etmək mümkün deyil”, - deyən nazir əslində ABŞ-ın zərbələrinə baxmayaraq, İranın texnoloji imkanlarını bərpa edəcəyini mesaj verir. Bu gün İranın yanaşması belədir. Əvvəl hücum etmə, sonra danışarıq. Əraqçinin açıqlamasında bu açıq görünür”.
K.Məmmədli bildirib ki, İran ABŞ-la danışıqlara başlamaq üçün “hərbi zəmanət” tələb edir:
“Amma Vaşinqtonun siyasi iradəsi, xüsusən də Tramp administrasiyası dövründə belə bir zəmanətin verilməsi mümkünsüz görünür. Donald Trampın “hücum tamamilə uğurlu oldu” açıqlaması isə qarşılıqlı etimadı sıfırlayır.
Hazırkı geosiyasi vəziyyətin ən kritik sualı münasibətlərin gərginləşməsinin yeni müharibəyə qədər çıxacağı ilə bağlıdır. Hazırda 2 əsas ssenari müzakirə olunur. Bu ssenarilərdən birincisi diplomatiyanın bərpa olunması, ABŞ İranla JCPOA-ya oxşar yeni razılaşma imzalamasıdır.
İkinci ssenari də budur ki, İranda uranın zənginləşdirmə səviyyəsi artdıqca, İsrail və ya ABŞ tərəfindən daha genişmiqyaslı zərbələr həyata keçirilir. Hazırda 2-ci ssenari daha real görünür. Çünki İranın zənginləşdirməni davam etdirməsi və bəzi mənbələrə görə uranı 60 faizədək zənginləşdirməsi İsrail üçün artıq “qırmızı xəttin keçilməsi” deməkdir.
Bu gün əsas suallardan biri də İran nüvə silahı əldə edəcəyi təqdirdə, bu silah İranı qoruması ilə bağlıdır. Bu suala cavab vermək üçün başqa bir nüvə gücü olan Şimali Koreyanı xatırlamaq kifayətdir. Pxenyan illərlə təcrid olunsa da, heç bir ölkə onun rejimini hərbi yolla dəyişməyə cəhd etməyib. Səbəb də nüvə silahıdır. Bu silah çəkindiricidir. İran da bu modeli təkrarlamaq istəyir.
Tehran bilir ki, uranı zənginləşdirmək texnologiyasına tam sahib olduqdan sonra, bu texnologiyanı hərbi məqsədlə istifadə etmədən belə beynəlxalq aləmdə “toxunulmazlıq” qazanacaq. Amma bu, eyni zamanda böyük risklərin və regionda gərginliyin artması deməkdir. Çünki İran nüvə silahına sahib olarsa, Səudiyyə Ərəbistanı, BƏƏ, hətta Misir kimi ölkələr də oxşar silah proqramları başlatmaqla regionu nüvə yarışına sürükləyə bilər”.
Kamran Məmmədli deyib ki, bu gün sülhün yeganə yolu şəffaf və real diplomatiyadır:
“Hazırkı vəziyyətin çözümü yalnız və yalnız danışıqlar masasında mümkündür. İranın milli qürur və təhlükəsizlik məsələsi saydığı nüvə proqramını güc yolu ilə dayandırmaq real görünmür. Eyni zamanda, Tehranın uranı silah səviyyəsinə çatdırması da region üçün böyük təhlükədir. G7-nin çağırışları yetərli deyil. Vaşinqton və Tehran arasında real etimad bərpa olunmasa, yeni müharibə ehtimalı getdikcə artır”.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ