Onlayn ictimai-siyasi qəzet
İranda prezident İbrahim Rəisinin vertolyot qəzasında həlak olmasından sonra iyunun 28-ə təyin edilən erkən prezident seçkisinə bir həftə qaldı.
Məlumata görə, seçkilərə bir neçə gün qalmış prezidentliyə 6 iddiaçı arasında 5 debat keçiriləcək. Bu arada İran universitetinin 1500 telefon müsahibəsindən istifadə edərək keçirdiyi son sorğunun nəticələrinə görə, iddiaçılar arasında 34,9%-lik dəstəklə Məhəmməd Baqer Qalibaf liderlik edir. Sorğuya əsasən, onu 26,3% səslə azərbaycanlı Məsud Pezeşkyan və 17,4% səslə Səid Cəlili izləyir. Nəticələrə əsasən Mustafa Purmohammadi 8,6%, Əmir-Hüseyn Qazizadə Haşimi 6,7%, Əlirza Zakani isə 6,1% dəstəyə malikdir. Bir həftəyə seçki favoriti dəyişə bilərmi? Məlumdur ki, Məsud Pezeşkiyan prezidentliyə iddiaçılar arasında “islahatçı” düşərgəni təmsil edən yeganə namizəddir. Bəs “islahatçılar”la “mühafizəkarlar” arasında çox fərq qalıbmı? Azərbaycan üçün daha çox hansı namizədin qələbəsi sərfəlidir? Nəhayət, 28 iyun seçkisində seçici fəallığı az öncəki parlament seçkilərindəki kimi aşağı olacaq, yoxsa?
Yeri gəlmişkən, Məsud Pezeşkianın vəkili Məhəmməd Fəzli seçkiqabağı televiziya debatı zamanı qarşı tərəfə etiraz olaraq mikrofonu çıxararaq studiyada yerə çırpıb. Debatda ekspert kimi iştirak edən Şahab İsfəndiyari Məhəmməd Fəzlinin qanunları pozduğu üçün universitetdən və professorlar siyahısından çıxarıldığını bildirib. Bununla da Fəzli ali təhsilin statusuna zərbə vurub. M.Fəzli Ş.İsfəndiyarini yalan danışmaqda və yaymaqda ittiham edib. Bunun ardınca vəkillə ekspert arasında mübahisə yaranıb. Aparıcı hər ikisinin mikrofonunu söndürüb. Məsud Pezeşkianın vəkilinin cavab verməsi üçün şərait yaradılması ilə bağlı müraciətinə aparıcı məhəl qoymayıb. Bundan sonra M.Fəzli duraraq mikrofonu çıxarıb və onu studiyaya çırparaq debat keçirilən yeri tərk edib.
Fikrət Fərəməzoğlu
İran siyasəti üzrə yazar Fikrət Fərəməzoğlunun sözlərinə görə, əsas rəqabət Qalibaf, Cəlili və Pezeşkiyan arasında olacaq: “Qalibaf hazırda İran parlamentinin spikeridir. Həm dini elita, həm də SEPAH-la çox yaxşı münasibətlərə malikdir. Mühafizəkar qanadın sanballı nümayəndələrindən hesab olunur. Səid Cəlili isə İran-İraq müharibəsində iştirak etmiş, uzun zaman hərbi elita ilə yaxşı münasibətə malik olmaqla bərabər, dini elitanın da az sayda seçkinlərindən biridir. O da Qalibaf kimi mühafizəkar qanadın nümayəndəsi hesab olunur. Sadəcə, ultra sağın təmsilçisidir”.
Jurnalistin fikrincə, xalq seçkilərə kütləvi şəkildə qatılmayacaq: “Məsələn, bu ilin martında keçirilən parlament seçkilərində seçici iştirakı cəmi 5-7 faiz təşkil etmişdi. Məcburiyyət qarşısında qalaraq, bu rəqəmi süni olaraq 35 faizə qaldırmalı oldular. Amma bu 3 namizədin özünün bəlli bir elektoratı var. Cəlili zəif fiqur deyil, ultra sağıda mövqeyi və gücü olan namizəddir. Bu kontingent İranda müəyyən elektoral gücə sahibdir. Haradasa bu rəqəmin 1-2 milyon civarında olduğu istisna deyil. Qalibaf son illər meydana çıxmış fiqurdur, lakin onun mühafizəkar qanadda seçiciləri var. Hərçənd SEPAH-ın da dəstəyinə arxalanaraq, müəyyən qüvvələri öz tərəfinə çəkə bilər”.
Araşdırmaçı hesab edir ki, Pezeşkiyan isə son bir neçə ildə ölkə idarəçiliyi məsələsində vacib təkliflərlə çıxış edən, qismən İran xalqının rəğbətini qazanmış islahatçı qanadın mənsubudur: “Onun seçkilərə qatılması və islahatçıların lideri Məhəmməd Xatəmi tərəfindən dəstəklənməsi bu kontingentin ona yardımçı olacağından xəbər verir. Bundan başqa, o, Azərbaycan əsillidir ki, bu da işə yarayan faktordur”.
Cəmaləddin Quliyev
Siyasi ekspert Cəmaləddin Quliyevin bildirdiyinə görə, Pezeşkiana səs verəcək seçicilərin ziyalılar və işgüzar dairələrdən, eləcə də iqtisadi təzyiq altında özünü əzilmiş hiss edən ailələrdən olması gözlənilir: “Buna görə də fundamentalistlər çalışırlar ki, insanlar seçki qutusundan uzaq tutulsun. Bu, dini rəhbərin seçkilərdə seçici fəallığının artırılması və insanları seçkilərdə iştiraka təşviq edilməsinin vacibliyi barədə təkidlərinə, həm də rejimin beynəlxalq legitimlik qayğılarına ziddir. İlk dəfədir ki, fundamentalistlərin strategiyası seçkiləri boykot etməyə çağıran müxalifətin strategiyası ilə üst-üstə düşür. Hakimiyyətdaxili mənbə mediaya növbəti sızdırmasında bildirib ki, fundamentalist hərəkatın bəzi liderləri Xameneyi ilə görüşüb və ona Pezeşkianın rejimə müxalif hesab etdikləri çıxışlarını, xüsusən də hicab aksiyaları zamanı verdiyi bəyanatları təqdim ediblər. Rəhbər cavab verib ki, bunlardan xəbərdardır və Pezeşkianın iştirakında israrlı olmasında məqsədi bu seçkilərin ölkədə müxalifətin, xüsusən də son illərdə küçələrə çıxanların gücünü ölçmək üçün bir növ referendum etməkdir. Etiraz elektoratı Pezeşkianı hakimiyyətə gətirə bilsə belə, dini lider əmindir ki, o, rejimin yetirməsidir və sistemin əleyhinə işləməyəcək. Mənbə qeyd edib ki, liderin bu mövqeyi görüş iştirakçılarının təəccübünə səbəb olsa da, Xameneyi mühafizəkarların parlament seçkilərində bir-birini təhqir etməsindən narazı qaldığına onlara başa sala bilib”. Analitik hesab edir ki, parlamentin indiki spikeri, mühafizəkarların ikinci mühüm namizədi olan Məhəmməd Baqir Qalibaf əsas mühafizəkar namizəd sayılan Səid Cəililinin lehinə namizədliyini geri götürməkdən imtina edir.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ