İnsanlara hürriyət, millətlərə istiqlal!

İran əhalisinin durumu kritik həddə: aclıq, kasıblıq, dəhşətli inflyasiya...

Tehran rejimi isə təhlükəsizlik və təbliğat xərclərini artırır

“İran prezidenti İbrahim Rəisi iqtisadiyyatı tamamilə məhv edib və ölkə "iqtisadi fəlakətə" yuvarlanıb".

Bunu İran parlamentinin deputatı Calal Mahmudzadə deyib (Modern.az).

Onun sözlərinə görə, Ruhani prezident seçkilərində 7 min səhifəlik proqramında ölkə vətəndaşlarına çoxlu vədlər verib. Halbuki onların heç biri yerinə yetirilməyib.

“İbrahim Rəisi güclü dövlət qurmağı vəd etmişdi. Güclü dövlət qurmaq bir yana, iqtisadiyyat acınacaqlı vəziyyətdədir”, - deputat bildirib.

Parlamentari əlavə edib ki, ölkə valyutası dəhşətli şəkildə devalvasiyaya uğrayıb. Vətəndaşlar zəruri məhsullar almaq üçün uzun növbələrdə gözləməli olurlar. Məhsulların qiymətləri bir neçə dəfə bahalaşıb, 100 faizlik inflyasiya hökm sürür. Ümumilikdə isə ölkədə iqtisadi fəlakət yaşanır.

Az öncə ölkədə un (çörək) qıtlığı barədə xəbərlər yayılmışdı.

Aydındır ki, bu, yalnızca Rəisi hökumətinin uğursuz iqtisadi  siyasəti ilə bağlı deyil. On illərdir ağır beynəlxalq sanksiyalar altında olan İranın normal iqtisadi inkişafı, öz enerji resurslarından effektiv istifadəsi müşkülə çevirib. Bir yandan da molla rejimi xalqın həyat tərzini yaxşılaşdılmaq əvəzinə orduya, silahlara böyük paralar xərcləyir, ölkə xaricində “proksi” müharibələri və terrorçu qruplaşmaları maliyyələşdirir.

İran iqtisadiyyatı bu minvalla hara gedir? Onun xilası mümkünmü? Rejim sosial-siyasi təlatümlərə hara qədər dözüm göstərə biləcək?

Qeyd edək ki, İran dünyada neft ehtiyatlarının həcminə görə dünyada 3-cü, qaz ehtiyatlarının həcminə görə isə ikinci yerdədir. Lakin molla rejiminin qeyri-adekvat davranışları üzündən ölkə artıq bir neçə onilliklər boyu BMT, ABŞ və digər Qərb ölkələrinin ağır sanksiyalarına məruz qalıb.

ABŞ İranın 12 milyard dollarlıq qızıl-valyuta ehtiyatını dondurub. 2012-ci ildə Avropa İttifaqı da ona qoşularaq İran Mərkəzi Bankının 100 milyard dollardan yuxarı aktivlərini dondurub, bütün İran bankları SWIFT sistemindən kənarlaşdırılıb. 

Bundan sonra İranda yalnız öz sərhədləri daxilində işləyən maliyyə sistemi formalaşdırılıb: debet kartları buraxılıb, elektron hesablaşmalara keçilib. Lakin İran sərhədlərini keçən kimi bu kartlar sadə plastik lövhəyə çevrilir - çünki heç yerdə keçərli deyil.

Sanksiyalar altında işləməli olan İran biznesi xaricdəki tərəfdaşına pul köçürmək üçün ən ağlagəlməz üsullardan istifadə edir: gah xaricdə hesab açır, son illərdə bunun da qarşısı alındığı üçün hesabı xarici ölkələrdəki adamların adına açmağa məcbur olur. Yaxud bir tərəfdaşa pulu çatdırmaq üçün bəzən sanksiya altına düşməməkdən ötrü 3-4 araçı həlqədən istifadə edirlər. Aradakı hər kəs öz haqqını alır, nəticədə bir məhsul 3 qat bahasına başa gəlir. “Forbes”in yazdığına görə, artıq İranda xaricə pul köçürmək üçün özünəməxsus mexanizm formalaşıb. Havala adlanan bu mexanizmin iş prinsipi belədir: Çində olan tərəfdaşına vəsait köçürmək istəyən bir iş adamı gedir Tehrandakı brokerin yanına gedir, lazım olan vəsaiti verir ona. Həmin broker zəng vurur Pekindəki broker həmkarına, iş adamının dediyi subyektə zəruri vəsaiti köçürür. Daha sonra Tehrandakı broker ya həmin vəsaitin əvəzinə Pekindəki brokerə neft göndərir, ya da xarici valyutanı kisələrə doldurub təyyarə ilə yola salır Pekinə.

Bəzi hesablamalara görə, sanksiyalardan yayınmaq İranın bank sisteminə ildə 25 milyard dollara başa gəlir.

2015-ci ildə İranın nüvə silahı əldə etməmək barədə öhdəliyə qayıtması sanksiyaların xeyli yumşalmasına, Avropadakı aktivlərin sərbəstləşməsinə gətirib çıxarıb.

İranın molla rejimi heç bir xarici məhsulun ölkəyə idxalını qadağan etməyib. Sadəcə, onların idxalına elə vergilər tətbiq olunub ki, həmin məhsulları almaq sərfəli deyil. Məsələn, bir xarici avtomobili alıb ölkəyə gətirmək istəyən şəxs gərək onun dəyərinin ikiqatı qədər vergi ödəsin. Sanksiyalar altında sürətlə kasıblaşan İran əhalisinin əksəriyyətinin buna imkanı çatmadığına görə vətəndaşlar məcburən yerli istehsal məhsulu olan avtomobilləri alırlar.

Yeri gəlmişkən, sanksiyalar tətbiq olunanadək İran xüsusilə Fransa şirkətləri ilə əməkdaşlıq şəraitində xarici avtomobillərin daxildə istehsalını qurmuşdu. Sanksiyalara görə fransızlar ölkədən getsə də, onların texnologiyası qaldı. İran şirkətləri bu texnologiyalarda cüzi dəyişiklik etməklə kütləvi avtomobil istehsalını təmin edirlər.

Sanksiyalar altında keçən 40 ildən çox müddətdə İran demək olar ki, bütün məhsulların daxildə istehsalına nail olub: məişət texnikasından tutmuş, dərmanlara, kimya məhsullarına, hətta kosmetikaya qədər. Lakin onların qiyməti ildən-ilə bahalaşdığına görə əhalinin alıcılıq imkanları getdikcə azalır. 

İran tərəfi daxildə istehsalını yetərincə təmin edə bilmədiyi məhsulları barterlə almağa çalışır. Məsələn, 2021-ci ildə İran Şri-Lankayla çay əvəzinə neft verilməsi barədə razılığa gəlib.

Tehran rejimi neft satışına qoyulan embarqodan yayınmaq üçün qiymətdə ciddi güzəştə gedir, sığortalanmanı, çatdırılmanı öz hesabına həyata keçirir. 2015-ci ildən sanksiyalar yumşaldıqdan sonra İran neft ixracını sürətlə artıraraq, 2016-cı ildə gündəlik ixracı 4 milyon barelə çatdırır. Lakin 2018-ci ildə Tramp hakimiyyəti İranla nüvə silahı üzrə danışıqlardan çıxaraq, yeni və daha kəskin sanksiyalar tətbiq etdikdən sonra gündəlik neft ixracı 1,9 milyon barelə düşüb.

İranda iqtisadi vəziyyət pisləşməkdə davam edir

OPEK-in məlumatına görə, ixracın azalması ilə İranın neft satışından əldə etdiyi gəlirlərin həcmi 80 faiz azalıb. Nəticədə, ölkədə milli valyutanın bir neçə yüz dəfə ucuzlaşması, inflyasiyanın sürətlənməsi baş verib. 2021-ci ildə İranda illik inflyasiya 35 faiz, 2022-ci ildə 41,5 faiz olub. Bu ilin yanvar-aprelində isə 42,5 faizlik illik inflyasiya qeydə alınıb.

2018-ci ildən bəri İranda ixtisaslı mütəxəssislərin əmək haqqı 3 dəfəyə yaxın azalıb. Eyni zamanda onların aldığı əmək haqqının alıcılıq qabiliyyəti də 3 dəfəyə yaxın aşağı düşüb. Bu isə ixtisaslı mütəxəssislərin kütləvi şəkildə ölkədən çıxmasına səbəb olub.

2020-ci ildə İran hökuməti devalvasiya və inflyasiya üzündən denominasiyaya gedərək, tüməni tamamilə dövriyyədən çıxarıb, riala keçib. Lakin bu da inflyasiyanın əhalinin həyat səviyyəsinə mənfi təsirlərinin qarşısını ala bilməyib.  BMT və digər beynəlxalq təşkilatların hesablamalarına əsasən İranın 87 milyon nəfərlik əhalisinin 60-65 faizi kasıblıq həddində yaşayır. Hökumət bu əhalinin getdikcə artan narazılığının qarşısını almaq üçün il ərzində onlara bir neçə dəfə ucuz ərzaq məhsulları paylanır, müxtəlif bayramlarda kiçik məbləğdə vəsait verilir.

Sanksiyalar səbəbi ilə İrana yüksək texnologiyaların idxalı demək olar ki, mümkün olmur. Belə texnologiyaların ucuz kopyası, yaxud artıq işlənmiş formasını baha qiymətə əldə edirlər. Bu sahədə Çin İrana xeyli “kömək” edir: bütün qabaqcıl texnologiyaların saxtalaşdırılmış formasını istehsal edərək İrana ötürür. Əvəzində İrandan bazar dəyərindən 30-40 faiz ucuz qiymətə neft alır. Xarici mətbuatın yazdığına görə, İranın sanksiyadankənar neft satışı da əsasən Çinə gedir. Bunun üçün İran müxtəlif şirkətlərin tankerlərindən istifadə edir. Bəzən bir partiya məhsul son alıcıya çatmaq üçün 3 dəfə bir tankerdən başqasına boşaldılır. İran zəngin yataqlardan əldə etdiyi nefti hətta bazar qiymətindən iki dəfə ucuza da satır: əks halda, hasilatı dayandırmalıdır. Belə olduqda, bağlanan quyularda hasilatı bərpa etmək çox böyük vəsait və texnologiya tələb edəcək.

İranda iqtisadi çöküş və Azərbaycan - TƏHLİL - FED.az

2022-ci ildə hökumət ölkədə işsizliyin 11-12 faiz olduğunu açıqlayıb. Bu zaman gənclər arasında bu göstərici 25 faizə bərabər olub. 2023-cü ilin 5 ayında işsizliyin 9,3 faizə düşdüyü elan edilib. Lakin ölkə vətəndaşları bu rəqəmlərə inanmırlar. Çünki ölkə iqtisadiyyatının ən öndə gedən sahələrində belə ixtisarlar aparılır. Məsələn, avtomobil satışı 2018-ci ildəki 1,3 milyondan 2021-ci ildə 700 minə düşüb. İstehsal müəssisələri işçiləri ödənişsiz məzuniyyətə göndərməyə məcbur olublar.

Əhalinin vəziyyəti gündən-günə ağırlaşdığı bir vaxtda Tehran rejimi hərbi xərcləri artırır. Stokholm Beynəlxalq Sülh Problemlərinin Araşdırılması İnstitutunun məlumatına əsasən 2022-ci ildə İranın hərbi xərcləri 6 milyard 847 milyon dollar təşkil edib. Lakin beynəlxalq ekspertlər bildirirlər ki, bu, İran hakimiyyətinin qeydiyyata alaraq açıqladığı xərclərdir. Əslində isə Tehran rejimi hər il bir neçə on milyard dolları xarici ölkələrdə hərbi gücünü artırmağa sərf edir. Belə ki, İran ordusunun özəyini təşkil edən İslam İnqilab Keşikçiləri Korpusunun gizli neft satışı ilə məşğul olan qurumu fəaliyyət göstərir. Bu qurum hər il qeydiyyata alınmadan böyük həcmdə neftin satışını həyata keçirir. Əldə olunan vəsaitlər İİKK-nin xarici ölkələrdəki fəaliyyətinin maliyyələşməsinə sərf edilir. Bir çox mənbələr bu yolla əldə olunan milyardlarla dollar vəsaitin korrupsiya nəticəsində hərbi-siyasi rəhbərlikdə təmsil olunan şəxslərin cibinə axdığını bildirirlər.

Rəsmi məlumatdan aydın olur ki, 2023-cü ilin martından 2024-cü ilin martına qədər olan maliyyə ili üçün İran büdcəsindən təhlükəsizlik və təbliğat xərcləri 50 faizədək artırılıb. Büdcə qanunu layihəsinə görə İslam İnqilab Keşikçiləri Korpusuna ayrılacaq vəsait ötən ildəkindən 28 faiz çox olacaq. Həmçinin dövlət radio-televiziyasının xərcləri 42, Kəşfiyyat Nazirliyi və həbsxanaların xərcləri 50 faiz artırılacaq.

Əhali gündən-günə kasıblığın dibinə yuvarlandığı bir məqamda Tehran rejimi yalnız öz siyasi-hərbi ambisiyalarını düşünərək ölkənin sərvətlərini bu məqsədlə talan edir. Bu talançılığın uzun müddət davam edəcəyi real görünmür: əhalidə kasıblığın yaratdığı aqressiya getdikcə artır...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR