Onlayn ictimai-siyasi qəzet
2023-cü ildə Azərbaycanın regionlarında əsas kapitala investisiyalar 2022-ci illə müqayisədə 25 faiz çox olub. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X sosial şəbəkəsindəki hesabında bildirib. Onun sözlərinə görə, ötən il regionlara investisiya qoyuluşu 10,1 milyard manat təşkil edib.
Nazir həmçinin qeyd edib ki, 2023-cü ildə Azərbaycanın regionlarında ümumi məhsul buraxılışının dəyəri 40,2 milyard manat təşkil edib. Onun sözlərinə görə, 2022-ci illə müqayisədə regionlar üzrə ümumi məhsul buraxılışı 5,6 faiz artıb.
Regionlara kapital qoyuluşunun, regionlarda məhsul istehsalının artması, əlbəttə, müsbət tendensiyadır. Belə ki, uzun illərdir Azərbaycanda iqtisadiyyatın Bakı və Abşeron yarımadası üzərində inkişafı, regionların hər baxımdan geridə qalması müzakirə olunan aktual problemlərdən biri olaraq qalır.
Regionların iqtisadi inkişaf baxımından geri qalmasının bir sıra mühüm səbəbləri göstərilir. Onlar arasında regionlarda kreditləşmənin zəif olması əsas yer tutur. Belə ki, ölkə banklarının kredit portfeli geniş olsa da, kreditləşmədə regionların payı təxminən 24 faiz, Bakı üzrə isə 76 faizdir. Azərbaycan Mərkəzi Bankının kreditləşmə ilə bağlı açıqladığı statistikaya əsasən, 2023-cü ilin sonuna bankların kredit portfeli 23,2 milyard manat təşkil edib ki, bunun da 17,7 milyard manatı və 76 faizi Bakı və onun ətrafında formalaşıb.
Regionlarda kreditləşmənin aşağı olması bir tərəfə, onların faiz dərəcələri də Bakıdan xeyli yüksəkdir. Belə ki, Azərbaycanda ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda (Şamaxı, İsmayıllı, Ağsu və Qobustan) təklif edilir. Mərkəzi Bankın məlumatına görə, bu iqtisadi rayonumuzda kreditlər üzrə orta faiz 19.6-dır. Qarabağ iqtisadi rayonunda da kredit faizləri yüksəkdir. Ağcabədi, Ağdam,Bərdə, Füzuli və Tərtər rayonlarında banklar krediti orta hesabla 19.37 faizlə verirlər. Mil-Muğan və cənub bölgələrimizdə də orta kredit faizi 19 üzərindədir.
Mərkəz Bank ən ucuz kreditlərin Bakıda təklif olunduğunu bəyan edib. Paytaxtda orta kredit faizi digər bölgələrimizdən kəskin fərqlənir: 10.98 faiz.
Vüqar Bayramov
İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, rayonlarımızda kredit faizlərinin yüksək olmasının əsas səbəblərindən biri bölgələrin biznes kreditlərinə əlçatanlığın aşağı olmasıdır: “Belə ki, risklərini sığortalamaq istəyən banklar nisbətən aşağı faizli biznes kreditlərini Bakıda təklif etməyə üstünlük verirlər. Bu isə bir tərəfdən, bankların regionlarda real sektoru daha az dəstəkləməsinə, digər tərəfdən isə rayon sakinlərinin bahalı kreditlərdən istifadə etməsinə səbəb olur. Rayonlarda bank filallarının sayının az olması və bu səbəbdən Bakı ilə müqayisədə zəif rəqabət də kredit faizlərinə təsir göstərir.
Mərkəzi Bankın məlumatına görə, ölkə üzrə kreditlər orta hesabla 12.53 faizlə təklif olunur. Bununla belə, orta kredit faizləri ilə vətəndaşların daha çox istifadə etdiyi istehlak kredit faizləri arasında fərq mövcuddur. Aydındır ki, Azərbaycanda 12.53 faizlə istehlak kreditləri cəlb etmək çox çətindir. Orta kredit faizlərinin nisbətən aşağı olması isə faizlərin hesablanması metodologiyasında güzəştli kreditlərin faizlərindən istifadə edilməsidir. Bu hesablama orta faizlə real faiz arasında fərq yaradır. Bununla yanaşı, orta faizdən daha çox, istehlak kreditlərinin faiz dərəcələrinin azaldılması istiqamətində fəaliyyətlərin gücləndirilməsi daha vacibdir".
Millət vəkili qeyd edir ki, özəl banklar kreditləşmədə müstəqil qərar verir: “Bu zaman risk amili daxil olmaqla, fərqli faktorları nəzərə alırlar. Digər tərəfdən də inzibati yollarla bankları kreditləşməyə istiqamətləndirmək düzgün olmazdı. Bununla belə, bir sıra inkişaf etmiş ölkələrin praktikasında olduğu kimi, bankların regionlarda biznesin maliyyələşdirilməsinə stimullaşdırılması və təşviq edilməsi çox vacibdir. Bu, bölgələrimizin daha çox maliyyə resursları əldə etməsinə və inkişafına təkan verə bilər.
Monitorinqlər göstərir ki, bankların regionlara daha az kredit ayırmasının əsas səbəblərindən biri də rayonlarda yaşayan sahibkarlar üçün girov mexanizmi şərtlərinin ağır olmasıdır".
Elman Sadıqov
İqtisadçı-ekspert Elman Sadıqov deyir ki, regionlarda kredit verməyin riski Bakı ilə müqayisədə yüksəkdir: “Nəinki Bakı ilə regionlar arasında, hətta ayrı-ayrı rayonlar arasında risk dərəcələrində fərq var. Məsələn, Aran rayonlarında risk daha yüksəkdir. Çünki biznes mühiti zəifdir, dövriyyə azdır və bu rayonlarda yaşayanlara verilmiş kreditlər vaxtında və yaxud ümumiyyətlə, geri qaytarılmaya bilər. Şimal və Şimal-Qərb rayonlarımızda isə risk nisbətən aşağıdır. Çünki həmin rayonlar iqtisadi baxımdan aktivdir, turizm obyektləri mövcuddur və vətəndaşlar aldıqları kreditləri normal qaytara bilərlər”.
Bundan başqa, onun sözlərinə görə, regionlarda yaşayan əhalinin maliyyə savadlılığı, kreditə yanaşması (məsuliyyəti) paytaxtla müqayisədə zəifdir: “Bakı və onun ətrafında yaşayanların çoxu bilir ki, kredit götürübsə, onu vaxtında qaytarmalıdır, əgər qaytarmasa, ona qarşı hüquqi tədbirlər görə bilərlər, girov qoyduğu əmlakı əlindən çıxa bilər. Regionlarda yaşayanlar dediyim məsələlər barədə elə də düşünmürlər. Çünki rayon yerində hamı bir-birini tanıyır, kiməsə qarşı sərt addımlar atmaq, əmlakını əlindən almaq çətindir. Digər tərəfdən, rayonda, kənddə heç kim "bankda batan ev"i almaq istəmir. Yəni regionlarda müsadirə edilmiş əmlakları satmaq asan deyil. Halbuki Bakıda girov əmlakların satılması problem deyil".
Xalid Kərimli
Digər ekspert Xalid Kərimli də hesab edir ki, bankların Bakı və onun ətrafına fokuslanması təkcə risk amili ilə bağlı deyil, həm də paytaxt və regionların iqtisadi inkişafı arasındakı fərqdən qaynaqlanır.
Qeyd edək ki, rəsmi statistikaya əsasən, Azərbaycanda kommersiya təşkilatlarının ümumi sayında ən çox - 92,2 faiz paya mikrosahibkarlıq subyektləri sahibdir. Onların ölkə üzrə ümumi sayı 166 890-a çatır. 2024-cü il yanvarın 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 5,4 faizini kiçik sahibkarlıq subyektləri (9709) təşkil edib. Qeyd olunan dövrə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 2,0 faizini orta sahibkarlıq subyektləri(3587), cəmi 0,4 faizini iri sahibkarlıq subyektləri təşkil edir.
Regional bölgüyə nəzər saldıqda, aydın olur ki, mikrosahibkarlıq subyektlərinin 68,1 faizi Bakıda, 6,7 faizi Abşeron-Xızı, 3,8 faizi Lənkəran-Astara, 2,9 faizi Mil-Muğan, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.
Kiçik sahibkarlıq subyektlərinin 69,9 faizi Bakıda, 6,5 faizi Abşeron-Xızı, 2,9 faizi Gəncə-Daşkəsən, 2,7 faizi Mərkəzi Aran, qalanları isə digər iqtisadi rayonlarda, orta sahibkarlıq subyektlərinin 66,0 faizi Bakıda, 6,5 faizi Abşeron-Xızı, 3,3 faizi Şəki-Zaqatala, 3,2 faizi Mərkəzi Aran, qalanları isə digər iqtisadi rayonlarda, iri sahibkarlıq subyektlərinin 79,1 faizi Bakıda, 7,7 faizi Abşeron-Xızı, 2,3 faizi Gəncə-Daşkəsən, 2,1 faizi Şirvan-Salyan, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.
Müxtəlif regionlarda yaradılmalarına rəğmən, reallıqda ümumi sahibkarlıq subyektlərinin 80 faizə yaxınının Abşeron yarımadasında fəaliyyət göstərdiyini rahatlıqla söyləmək olar. Bu isə ölkə üzrə verilən kreditlərin regional bölgüsü ilə üst-üstə düşür. Yəni sahibkarlıq subyektinin sayı az olan bölgələrdə verilən biznes kreditlərinin məbləğinin aşağı olması təbiidir. Buna görə də əsas diqqət regionlarda xüsusilə kiçik və orta biznes subyektlərinin fəaliyyəti üçün münbit şərtlərin formalaşdırılmasına yönəldilməlidir.
Bir müddət əvvəl Nazirlər Kabineti “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı”nı təsdiqləyib. “Yeni Müsavat” quruma istinadən xəbər verir ki, qərarla Sənaye, Kənd təsərrüfatı, İnformasiya və rabitə, Turizm, Tikinti, Nəqliyyat və Ticarət sahələri mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələri kimi təsdiqlənib.
Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinə mikro, kiçik və orta sahibkarlığın inkişafının yeni və daha səmərəli dəstəklər hesabına sürətləndirilməsi, qlobal iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyalara qarşı bu sahədə rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin formalaşdırılması məqsədilə qeyd olunan sahələrin inkişafının stimullaşdırılması istiqamətində əlavə yeni dəstək mexanizmlərinin yaradılması ilə bağlı təkliflərini altı ay müddətində ona təqdim etməyi tapşırıb.
İqtisadiyyat Nazirliyinin hazırlayacağı təkliflərin regionlarda KOB-un inkişafına təkan verəcək səviyyədə səmərəli olması zəruridir...
Dünya SAKİT,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ