Onlayn ictimai-siyasi qəzet
“Əgər insan öncədən ətrafı öz ölümü ilə hədələyirsə, demək, o, hələ ölmək istəmir və kömək istəyir”
Xəbər verildiyi kimi, bir neçə gün öncə Bakıda intihar baş verib. Hadisə Nəsimi rayonunda qeydə alınıb. 62 yaşlı İradə Babayeva yaşadığı binanın 4-cü və 5-ci mərtəbələri arasında yerləşən pəncərədən özünü ataraq həyatına qəsd edib. Olayın özəlliyi budur ki, o, ailə üzvlərinə həmişə özünü öldürəcəyini deyirmiş. Adamın ağır depressiv vəziyyətdə olduğu bildirilir. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Bəs intihara hazırlaşan şəxsi necə tanımalı? Yaxınları, ətrafı onların davranışında, danışıqlarında ən çox nəyə diqqət etməlidirlər? Konkret halda İradə Babayevanın yaxınlarının hər hansı suçu varmı?
Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən kollegiya iclasında deyib ki, ötən il Azərbaycanda 620 intihar hadisəsi baş verib.
Baş prokuror bildirib ki, bunun 180-i Bakıda, 440-ı isə respublikanın digər rayon və şəhərlərində qeydə alınıb:
“2023-cü ildə intiharlarla bağlı 35 cinayət işi başlanmaqla, 5 cinayət işi məhkəməyə göndərilib. 2 iş üzrə ittiham hökmü çıxarılıb, 3 iş məhkəmə baxışındadır”.
Rəbiyə Mirzəzadə
Klinik psixoloq Rəbiyə Mirzəzadə “Yeni Müsavat”a açıqlamasında bu və digər suallara aydınlıq gətirdi. Psixoloq qeyd etdi ki, sözügedən hadisədə özünə qəsd etmiş qadının psixo-nevroloji narahatlığının olduğu, yəni ağır dərəcəli depressiyadan əziyyət çəkdiyi ( hansı ki, kifayət qədər əsaslı səbəbdir) söylənsə də, biz bunun həkim tərəfindən bir diaqnoz olaraq təyin olunması, müalicənin nə dərəcədə doğru şəkildə aparılması barədə məlumat yetərsizdir: “Ölkəmizdə az rast gəlinsə də dünyada yaşlı insanların özünə qəsd etmə hadisəsi kifayət qədər aktualdır. Bunun psixoloji səbəbləri müxtəlifdir, lakin müəyyən faktorları əsas götürmək olar. Buna insanın yaşlandıqca həyatındakı dəyərlərin öz mənasını itirməsi, ətrafdakı insanlar üçün artıq yaşlı birisi kimi qeyri-ciddi qəbul olunması, "qara melanxoliya" dediyimiz bədbin ruh halının müşayiəti, keçmiş həyatı ilə bu günü müqayisə edərək nostaljik rituallarla reallıqdan qopması və s. Mən hətta vurğulayım ki, “təqaüdçü” adını almaq belə insan üçün travmatik məqam ola bilər. Dünyada sırf yaşlı insanların həyata tutunması, özünü xoşbəxt hiss etməsi üçün müəyyən təşkilatlar, qurumlar fəaliyyət göstərir. Çünki yaşlandıqca maraqsızlaşan həyat bir müddət sonra ciddi psixoloji problemlərə gətirib çıxara bilər.Ümumiyyətlə, intihar mövzusu bizim sahədə ən həssas və çətinlik yaradan mövzulardan biridir. Psixoterapiyada psixoloq sanki “incə buz təbəqəsinin üstündə gəzirmiş” kimi ehtiyatlı olmağa çalışır. Bu səbəbdən cəmiyyətin də intiharla bağlı fikirləri olan, yaxud uğursuz intihar cəhdi etmiş insana qarşı olduqca etina ilə yanaşmağı lazımdır, çünki bir gün bu cəhd uğurlu alına bilər. Özünəqəsd meyli olan insanı bir neçə cəhətdən müşahidə edib intiharın qarşısını almaq mümkündür. İlk növbədə onu bilmək lazımdır ki, intiharla bağlı fikri olan birisi bunu planlamağa başlayacaq və bu planlı düşüncələrin onun davranışına yansıma ehtimalı çoxdur. Onun nəzərəçarpan şəkildə nəyəsə hazırlaşdığını müşahidə etmək olar. Həmçinin intiharı düşünən insanda hər zamankından fərqli bədbinlik, hüznlü ruh halı, gündəlik həyatında ləngimə, günahkarlıq hissi, unutqanlığın olması mümkündür. Bundan əlavə, ətrafa qarşı aqressiv, qıcıqlı biri kimi görünməyi də diqqət çəkə bilər. Şübhəli formada öz fiziki görünüşünə və ətrafa qarşı etinasız, qayğısız, dağınıq, ehtiyatsız olmaq da həmçinin insanda intihara meyillilik göstəricisi ola bilər".
R.Mirzəzadə hesab edir ki, bütün hallarda hüquqi cəhətdən hər hansı bir əsası olmadığı halda özünə qəsd etmiş insanın yaxınlarını günahlandırmağı sağlam yanaşma hesab etmirəm: “Bunun bir nümunə olaraq götürülməsi və daha sonrasında bu tip hadisələrin qarşısının alınması üçün praktik məlumat olaraq istifadə olunması daha doğru olar. Əlavə olaraq psixoanalitik bir məqama toxunmaq istəyərdim ki, özünə qəsd etmiş qadın öncədən yaxınlarına intihar edəcəyi barəsində söyləyib. Burada onun doğru şəkildə kömək almağına şərait yaratmaq lazım idi. Ona görə ki, intihar etməkdə qərarlı olan insan bunu birbaşa edir. Əgər insan öncədən ətrafı öz ölümü ilə hədələyirsə, demək ki, o hələ ölmək istəmir və kömək istəyir. Sadəcə, bu köməyi necə istəyəcəyini bilmir. Çünki intihar həyati təhlükəli özünü ifadə şəklidir”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ