İnsanlara hürriyət, millətlərə istiqlal!

İnformasiya əsrinin media “əsiri”

Xüsusi xidmətlər saytlar üzərindən hansı gizli xidmətləri həyata keçirir? - rəylər

Müasir zamanda medianın ən güclü silah olması sirr deyil. Ən yüksək tribunalardan bu haqda danışılıb. Media maarifləndirici və informasiya təminatçısı funksiyası daşımaqla bərabər, zaman-zaman dövlətlərin, kəşfiyyatların da təbliğat, təxribat vasitələrindən biri olub. İnformasiya əsrində 21-ci əsrdə, xüsusən son 10 ildə biz bu tendensiyanın daha da şiddətləndiyinin şahidi olmaqdadıyıq. Təəssüflə qeyd etməliyik ki, media hazırda maarifləndirici və obyektiv informasiya təminatçısı rolundan daha çox, rupor, alət və kəşfiyyatların istifadə etdiyi ən başlıca vasitəyə çevrilməkdədir. Şübhəsiz ki, bu yaxşı hal deyil və bir sıra dövlətlər xeyli öncədən buna qarşı sərt tədbirlər görüblər. O cümlədən Azərbaycanda da media ilə bağlı qanunvericilikdə, digər qanunlarda xeyli sərtləşmə var.

Ancaq təcrübə göstərir ki, ən sərt qaydalar belə bu yöndə fəaliyyət göstərmək istəyənlərə o qədər də mane ola bilmir.

Məsələn, İranda Azərbaycan səfirliyində törədilən terror hadisəsindən sonra gördük ki, Tehranın casus şəbəkəsi daha çox media üzərindən aktivlik göstərir. Bu, hər zaman da belə olub.

Məsələn, saytlar xaricdə qeydiyyatdan keçir, xaricdən maliyyələşir, ölkədə isə özlərinə “müxbirlər” cəlb edib işlərini görürlər. Düzdür, nəticədə onlar xeyli şpiyonaj fəaliyyəti göstərdikdən sonra qandallanırlar. Ancaq bunadək xeyli təxribatlar da törədirlər.

Qanunları sərtləşdirmək tam çıxış yolu kimi görünmür. Təbii ki, bu halda daha optimal yollar tapılmalıdır. Bu yollar hansıdır? Media pərdəsi altında casus şəbəkəsi kimi çalışmağın qarşısını necə almaq olar?

Qeyd edək ki, Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən daha 39 nəfər müəyyən edilərək saxlanılıb. APA-nın əldə etdiyi xəbərə görə, özlərini dindar kimi qələmə verən həmin şəxslər sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər. Onlar insanlar arasında məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə Azərbaycan vətəndaşlarının qatıldıqları dini mərasimlərdə və sosial şəbəkələrdə İrana aid atributlardan, eləcə də üzərində fars dilində müxtəlif yazılar olan qara bayraqlardan istifadə etməklə cəmiyyətdə çaşqınlıq yaradaraq topladıqları məlumatları tapşırıq aldıqları xüsusi xidmət orqanlarına ötürüblər.

Qulu Məhərrəmli BDU-da kafedra müdiri təyin edilib

Qulu Məhərrəmli: “Xüsusi xidmət orqanlarının əlində olan vasitələr onları aşkara çıxarmağa imkan verir”

Əməkdar jurnalist, teletənqidçi Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, medianın adından istifadə yolverilməzdir: “Tarixən belə olub ki, bir ölkə başqa ölkənin ərazisində kəşfiyyat məlumatları toplamaq üçün müxtəlif peşə sahiblərinin xidmətlərindən istifadə ediblər. Misal üçün, turist göndərişi, alimlərin ezamiyyəti, mütəxəssis ixracatı və digər üsullardan istifadə olunub. Amma indi sərhədlərin çox da möhkəm olmadığı dövrdə ənənəvi olaraq həm də medianın xidmətindən istifadə etməyə çalışıb, kəşfiyyat qrupları daha aktiv şəkildə reallaşdırılır.  Məsələn, SSRİ, daha sonra Rusiyanın fəaliyyəti bunu sübut edir ki, Avropanın bir çox ölkələrinə səfirlik əməkdaşı adı altında, müxbir adı altında müxtəlif casus agenturası yaradıblar. Eləcə də İran bu metoddan aktiv istifadə edir. İrana yola düşən, ya da burada əlaqələri olan şəxsləri bu fəaliyyətə cəlb edə bilirlər. Təəssüf ki, bizim vətəndaşlar müxtəlif səbəblərdən, daha çox maddiyyat səbəbindən bu şəbəkəyə cəlb olunurlar. Bunun qarşısını necə almaq olar? Əslində qanunda bununla bağlı boşluqlar yoxdur. Qanun xarici ölkə mediasının burada qeydiyyata alınmasına normal baxır və bunu qadağan etmir. Onların da fəaliyyəti sırf informasiya toplamaq, burada  baş verənlər haqqında xarici ölkələrə məlumatlar yaymaqdan ibarətdir ki, müəyyən mənada Azərbaycanın maraqlarına uyğundur. Tutaq ki, Laçın yolunda ekoloji aksiyanın keçirilməsi ilə bağlı xarici müxbirlərin az-az gəldiyini görürük. Bu mənada mürəkkəb bir sistemdir. Burada ağırlıq daha çox ölkə vətəndaşlarının, xüsusi xidmət orqanlarının, hüquq-mühafizə orqanlarının üzərinə düşür. Bunun konkret resepti yoxdur ki, o şəxsləri necə ifşa etmək olar. Əslində xüsusi xidmət orqanlarının əlində olan vasitələr onları aşkara çıxarmağa, izləməyə, müəyyən sübutlar toplamağa imkan verir. Məncə, Azərbaycanda da müəyyən materialların çapından və o şəbəkənin fəaliyyətindən sonra bilmək olur ki, həmin şəxslərin  əsas məqsədi nədir, onları zamanında ifşa etmək olar. Dünən aparılan ciddi bir əməliyyatda bütün bunlar aşkara çıxarıldı. Eyni zamanda həmin sahənin adamları bu barədə şübhəsiz ki, bilgiləri olur. O bilgiləri çap etmək, araşdırmaq mümkündür. Çünki jurnalistin, medianın adından istifadə etmək yolverilməzdir. Əvvəl-axır bunlar müəyyən nəticə ilə yekunlaşır”.

İlham İsmayıl: “BMT-dəki çağırışlardan narahat olmağa dəyməz”

İlham İsmayıl: “Profilaktika beyinləri yuyulmuş şəxslərə təsir etmir”

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl da “Yeni Müsavat”a dedi ki, burada əsas işi xüsusi xidmət orqanları görməlidir: “Burada qanunlarda dəyişiklik etdin-etmədin bir o qədər təsiri olmur. Çünki bu işlər gizli, məxfi şəkildə aparılır. Axırıncı - "İnterAz" və “Salamnews”la bağlı məsələni gördünüzmü, kənardan, Rusiyada olanlar alıb gətirib, öz adına keçirib. Hər şey gizli yollarla, hətta maliyyələşmə də gizli yollarla aparılıb. Bunun qarşısını yalnız xüsusi xidmət orqanları alır. Amma təkcə bir istiqamətdə deyil, bütövlükdə İran dövlətinin bizə yönəlik siyasətinin informasiya mübarizəsindən də söhbət getməldir. O adamların hamısını ifşa etmək lazımdır. Axırıncı tutulan 39 nəfər ki var, onların hər birinin fəaliyyətini açıq şəkildə ortaya qoyub, necə Azərbaycan dövlətinə necə xəyanət etdiklərini göstərmək lazımdır. Çünki bu adamlar iki əsas istiqamətdə cəlb olunurlar. Bir ideoloji əsasda insanların beyinləri yuyulur, ikinci isə maddi əsaslarla. Yəni hər ikisi vətənə xəyanətdir. Bunların hamısını ifşa etmək lazımdır ki, başqalarına görk olsun. Bu məsələdə profilaktika aparmaqla olmur. Profilaktika beyinləri yuyulmuş şəxslərə təsir etmir. Bu adamları yalnız qanunun sərt dili ilə dəyişmək lazımdır. Bunlar xaricdən də fəaliyyət göstərə bilərlər. Biz burada qanunu tətbiq etsək də, indi texnologiya elə inkişaf edib ki, kənardan da internet vasitəsilə təsir edirlər. Necə ki, adını bloger qoyub, xaricdə fəaliyyət göstərən bəziləri Azərbaycanın mövqeyindən daha çox, düşmənin mövqeyində, qərəzli mövqe nümayiş etdirirlər. Özlərini də elə göstərirlər ki, sanki bir mühacirdirlər, demokratdırlar filan. Təəssüf ki, düşmənin mövqeyi ilə onların mövqeyi üst-üstə düşür.  Burada əsas qanunlar sərtləşdirilməlidir. Bu adamlara qanunun sərt dilində təbliğat aparılmalıdır ki, Vətənə qarşı olan hər hansı bir hərəkət olarsa, cəzanın olacağını bilsinlər. Çox təəssüf ki, İrana qarşı münasibətdə müəyyən güzəştlər olub, həmişə yüngül cavablar vermişik. Əksinə, yüngül cavablar bunların şəbəkəsini genişləndirib. Çünki din həssas mövzudur. Din pərdəsi altında, fars şovinizmi əsasında teokratik bir dini dövlət qurublar. Bunu da xarici dövlətlərə, xüsusilə də şiəliyin yayıldığı yerlərə təsir etmək istəyirlər. Bunların düşmən mövqedə olduğunu göstərmək lazımdır".

Ekspert əlavə edib ki, təhsil ocaqlarına da diqqət edilməlidir: “Bunlar yalnız mətbuat vasitəsilə deyil, hətta təhsilimizə də sirayət edirlər. Bu, bəzi müəllimlərin fəaliyyətində də özünü göstərir. Onlarla, sadəcə, profilaktik tədbirlə mübarizə aparmaq yox, çox sərt mövqe nümayiş etdirmək lazımdır. Burada həm cəzalandırma, həm də informasiya mübarizəsini artırmaq lazımdır”.   

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR