Onlayn ictimai-siyasi qəzet
Ötən həftə Türkiyədə hüquq-mühafizə orqanları tərəfindən keçmiş bələdiyyə sədri Ekrem İmamoğlunun yüksəkrütbəli köməkçiləri də daxil olmaqla, İstanbul bələdiyyəsinin 49 əməkdaşı həbs edilib.
Musavat.com xəbər verir ki, bu həbslərə Türkiyə cəmiyyətinin, hətta CHP-çilərin passiv reaksiyası müşahidə olundu. Artıq belə görünür ki, İmamoğlu məsələsi onun həbsindən keçən iki aydan çox müddətdə yavaş-yavaş aktuallığını itirir və adi bir prosesə çevrilir. Halbuki martın 19-da İmamoğlu həbs edildikdən sonra yüz minlərlə insan meydanlara toplaşırdı. Təkcə İstanbulda deyil, digər iri şəhərlərdə də mitinqlər keçirilirdi. Elə bir fikir formalaşdırılırdı ki, İmamoğlu həbsi ilə ölkədə hakimiyyətin dəyişməsinə nail olacaq. Lakin belə olmadı. İmamoğlu amili nəinki hakimiyyəti dəyişə bilmədi, heç İmamoğlunun özünü barmaqlıqlar arxasından xilas edə bilmədi. Zaman uzandıqca aksiyalar öləzidi və demək olar ki, dayandı. İmamoğlunun ardınca köməkçilərinin, onunla işləyənlərin polis tərəfindən saxlanması, həbs edilməsi prosesi isə dayanmadı. Qeyd etdiyimiz kimi, ötən həftə onların sıralarına daha yeniləri əlavə edilib. İmamoğlunun komandası özlərini hakimiyyətdə gördükləri bir vaxtda bir də ayıldılar ki, başqanları ilə birlikdə Cəza evindədirlər. Türkiyə cəmiyyəti isə artıq buna etiraz etmir və seyrçi qalır.
Ekspertlər hesab edir ki, ilk vaxtlarda keçirilən böyük aksiyaların nəticəsizliyi sonrakı gedişata bu cür təsir göstərməli idi. Və belə də oldu.
Lakin əksini düşünənlər də var. Məsələn, siyasi şərhçi Əli Orucov hesab edir ki, İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlunun həbsi Türkiyə böyük ajiotaj və ictimai-siyasi çalxalanma yaratsa da artıq cəmiyyətin emosiyaları artıq səngiməkdədir, ancaq bu heç də o etirazın tamam yatdığı və unudulduğu demək deyil. Etirazlar bir mərhələdə yenə də olacaq. Türkiyə daxilində və regional müstəvidə baş verən hadisələr İmamoğlunun həbsini arxa plana atıb:
“Qardaş dövlətin cəmiyyətini indi daha çox sosial-iqtisadi problemlər, bahalaşma, PKK-nın silahı yerə qoyması, həmçinin İsrailin Yaxın Şərqdəki davranışları kimi aktual mövzular daha çox narahat edir. Digər tərəfdən hazırkı prezident Ərdoğanın qarşıdakı dönəmlərdə hakimiyyətdə qalmaq iddiasında olmaması barədə səsləndirdiyi fikirlər görünür, əks düşərgəni də bir qədər sakitləşdirib. Eyni zamanda İmamoğlunun həbsinə etiraz edən tərəfdarları onun kütləvi aksiyalarla azadlığa qovuşmasına az ümid edirlər. Həmçinin kütləvi həbslərin davam etdiriləcəyindən ehtiyatlanırlar. CHP rəhbərliyi məncə, regionda və Türkiyədə və onun çevrəsində cərəyan edən olayların fərqindədirlər və indiki həssas məqamda qarşıdurmanın şiddətlənməsinə getmək istəmirlər. Çünki proseslərin nəzarətdən çıxması və kənar güclərin bundan Türkiyə əleyhinə istifadə edə biləcəyi təhlükəsi var. İmamoğlunun uzun sürə həbsdə qalacağını düşünmürəm və hesab edirəm ki, CHP-AKP iqtidarı ortaq dil tapa biləcək.
Nəzərə almaq lazımdır ki, mötədil islam ideologiyasını özündə ehtiva edən AKP dini inancın güclü olduğu Türkiyədə mövqeyini saxlaya bilir və Avropalaşma bütünlükdə cəmiyyətə sirayət etməyib. Bir çox nüfuzlu və mötəbər təşkilatların apardığı sorğuların nəticələrinə görə Türkiyə 75-80% dininə bağlı ölkə kimi yer alıb və bu Fələstin, Suriya və İslam dünyası ilə bağlı problemlərə daha çox diqqət yetirməsini söyləməyə əsas verir. Türkiyə cəmiyyətinin özü də qarşıdurmalarda, siyasi ehtirasların qızışmasından, gərginlikdən yana deyil və bu proseslərin içində çox və uzunmüddətli qalmaq istəmir. Cənab Ərdoğanın həm ölkə daxilində, həm də xaricdə yüksək lider keyfiyyəti və avtoriteti ictimai-siyasi prosesləri tam nəzarət altında saxlamağa və yön verməyə imkan qazandırır”.
Xatırladaq ki, martın 19-da Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) liderlərindən biri olan İstanbul bələdiyyə sədri Ekrem İmamoğlu saxlanılıb. Siyasətçi korrupsiyada və terrorçularla əməkdaşlıqda ittiham olunur.
Etibar Seyidağa,
Musavat.com
29 May 2025
28 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ