İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham İsmayıl: “BMT-dəki çağırışlardan narahat olmağa dəyməz”  

 

Təhlükəsizlik eksperti İlham İsmayıl BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərinin Laçın yolu ilə bağlı “narahatlıqları”na əhəmiyyət verməyi lazım bilmir.

Musavat.com xəbər verir ki, İlham İsmayıl həmin ölkələrin nümayəndələrinin yəqin, heç xəritədə Laçın dəhlizini belə göstərə bilmədiklərini deyib. İ.İsmayıl qeyd edib ki, bu çağırışlardan heç narahat olmağa dəyməz. Bu çağırışlar bir tərəfə, BMT TŞ-nin Ermənistanın Azərbaycan torpaqlarından çıxması üçün qəbul etdiyi dörd qətnaməni ermənilər 27 il veclərinə almadılar, sonda Azərbaycan əsgəri işi həll etdi: “İndi adamdan soruşarlar ki, hansı üzlə bizə çağırış edirsiniz və kimin müraciəti əsasında? Sizi illərlə saya salmayan bir dövlətin müraciətinə nə tez reaksiya verdiniz? Fransaya sual ünvanlamaq lazımdır ki, yolu açmağı tələb edirsiniz ki, növbəti seçkinizdə də prezidentliyə namizədiniz sərbəst gəlib, Azərbaycan torpağında seçki kampaniyası aparsın?

Bu ölkələrin nümayəndələrindən soruşmaq lazımdır ki, siz ölkənizə hansısa terror təşkilatının silah daşımasına və o silahları sizə qarşı istifadə etməsinə imkan verirsiniz? Silah nədir, heç şəkərburanı, hansısa milli yeməyi belə sərhədinizdən buraxmadığınız halda, niyə üstümüzə tuşlanacaq silahların, hərbi texnikanın keçirilməsinə biz göz yummalıyıq? Meksikalılar sərhədə hasar çəkən ABŞ-dan da BMT-yə şikayət ediblərmi? Bunu da “humanitar katastrof” hesab edirlərmi? Bəs, ölkənizdən sərvətlərinizin xəbəriniz olmadan daşınmasına icazə verirsinizmi? Avropadan, eləcə də Rusiyadan bir məşhur rəsm əsərinin hələ orijinalını yox, surətini belə çıxaranda xüsusi icazə və rüsum istəyirsiniz, o zaman bizim qızılın, misin, digər təbii sərvətlərimizin ölkədən çıxarılmasının, ümumiyyətlə istismarının qarşısını almaq istəyəndə niyə Təhlükəsizlik Şurasının iclasını çağırırsınız?

Bu ikili standart sahiblərinə xeyli sual ünvanlamaq olar, amma bizə onların ikiüzlü cavabları lazım deyil, biz öz işimizdə olmalıyıq”.

E.SEYİDAĞA,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR