Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Akambi Andre Okunlola-Biaunun etimadnaməsini qəbul edib.
Musavat.com xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı ikitərəfli gündəliyimizin genişləndirilməsinin zəruriliyini qeyd edərək Azərbaycanın Afrika qitəsində fəal iş apardığını, Afrika İttifaqında səfirliyimizin fəaliyyət göstərdiyini, bu təşkilatla əlaqələrimizi hərtərəfli şəkildə genişləndirməkdə maraqlı olduğumuzu deyib. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə də Beninlə əməkdaşlığı məmnunluqla xatırladıb, Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinə göstərdiyi dəstəyə görə Beninin üzv dövlət kimi rolunu qeyd edib. Bu Hərəkata sədrliyin Afrika ölkələri ilə də sıx təmaslar qurmaq üçün yaxşı imkan yaratdığını deyən dövlət başçısı COP29-un da bu ölkələrlə əməkdaşlıq baxımından önəminə toxunub. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Afrika ölkələrinin iqlim məsələləri ilə bağlı maraqlarına önəm verir.
Dövlət başçısı ölkələr arasında iqtisadi-ticari, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxunub.
Xoş sözlərə görə minnətdarlığını bildirən səfir Benin Respublikasının Prezidenti Patris Talonun salamlarını Azərbaycan Prezidentinə çatdırıb və deyib ki, Benin Prezidenti dövlətimizin başçısına dost münasibət bəsləyir.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Benin Prezidentinə çatdırmağı xahiş edib və məmnuniyyətlə COP29-da Benin dövlətinin başçısını gözlədiyini bildirib.
COP29 və ölkədə bu tədbirlə bağlı uğurlu hazırlıq işlərinin aparılması münasibətilə təbriklərini çatdıran səfir Azərbaycanın noyabrda dünyanın mərkəzinə çevriləcəyini qeyd edib və COP29-da Beninin yüksək səviyyədə təmsil olunmaq niyyətində olduğunu vurğulayıb.
Akambi Andre Okunlola-Biau Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyi münasibətilə təbriklərini çatdıraraq ölkənin sədrliyi dövründə Afrika qitəsinə xüsusi diqqət göstərilməsini məmnunluqla qeyd edib.
Söhbət zamanı beynəlxalq təşkilatlar, xüsusən də BMT, Qoşulmama Hərəkatı və digər təsisatlar çərçivəsində Azərbaycanla Benin arasında yaxından əməkdaşlığın aparıldığı vurğulanıb, ölkələrimizin BMT-də və onun strukturlarında daim bir-birinin namizədliklərini dəstəklədikləri qeyd olunub.
Azərbaycanın Afrika ölkələri üçün ayırdığı təhsil təqaüdü proqramı çərçivəsində ötən il Benindən də beş tələbənin respublikada təhsil aldığını məmnunluqla qeyd edən səfir buna görə təşəkkürünü bildirib.
Görüşdə Benindən müxtəlif kadrların Azərbaycanda hazırlanması, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ