İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev 2014-də demişdi, indi həyata keçirir: Qərbi Azərbaycana QAYIDIŞ STRATEGİYASI

Bu milli ideya qlobal miqyasda da Azərbaycanın strateji hədəflərini reallaşdırır

İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı andan etibarən əsarətdə olan tarixi torpaqlarımızın coğrafi hüdudlarının yalnız Qarabağla məhdudlaşmadığını – Qərbi Azərbaycanın da bu miqyasa aid olduğunu dəfələrlə bəyan etdi.

Və bəyan etməklə də kifayətlənməyərək, bu mövzunu öncə Azərbaycan vətəndaşının gündəminə gətirdi, tarixi faktların tədqiqatı və elmi araşdırmaların aparılması prosesini şəxsi nəzarətinə götürdü, ardınca da problemi beynəlxalq müstəviyə çıxartdı.

Ərazi iddiası deyil, hüququn bərpası tələbi

Qarabağı işğal edən Ermənistanın bizim tarixi torpaqlarımızda süni şəkildə yaradılması və 1 milyona yaxın köçkündən əlavə 300 minlik qaçqına malik olmağımız barədə faktlar qlobal platformalarda davamlı müzakirələrə yönəldildi. Qarabağ həqiqətləri ilə Qərbi Azərbaycan həqiqətləri həm paralel, həm də birgə fəaliyyətlə xarici elm mərkəzlərindən beynəlxalq təşkilatların tribunasınadək hər mümkün məkanda təqdim edildi.

Bu tarixi ədalətsizliklərin bərpasının ölkəmizin müstəsna hüququ olduğu və Qərbi Azərbaycanın Bütöv Azərbaycanın mənəvi sərhədlərinə daxil olması dövlət başçısı tərəfindən beynəlxalq auditoriyalara qətiyyətlə çatdırıldı.

Prezident İlham Əliyev 2014-cü ildə bir hissəsi nəzarətimizdə olan Ağdamda hərbçilərin qarşısındakı çıxışında «İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq” – bəyanatını verərkən Qarabağa və Qərbi Azərbaycana dönüşün artıq vahid fəaliyyət strategiyasının təməl hədəfləri olduğunu rəsmən elan etdi.

Vətən Savaşının və antiterror tədbirlərinin nəticələri bu strategiyanın ilkin mərhələsini uğurla reallaşdırdı. Azərbaycanın bütövlüyünün hüquqi təminatının ardınca bu bütövlüyün mənəvi təminatını – Qərbi Azərbaycana qayıdış məsələsini Prezident milli ideyanın tərkib hissəsi kimi müəyyənləşdirib. Qarabağ icmasının iqamətgahının və ona dövlət dəstəyinin Qərbi Azərbaycan İcmasına transferi isə heç də rəmzi və emosional anlam daşımır, bu, əslində məsələnin dövlətin hüquqi, elmi, siyasi və strateji fəaliyyət prioritetinə çevrildiyini rəsmən göstərir.

Prezidentin Qərbi Azərbaycan strategiyasının əsas istiqaməti bu hədəfin qısa müddətdə gerçəkləşməsini təmin edəcək mexanizmləri hazırlamaq, tətbiq etmək və arzulanan nəticəyə nail olmaqdır.

2020 və 2023-cü il hərbi əməliyyatları sübut etdi ki, bu tarixi vəzifəni reallaşdırmaq Azərbaycan Silahlı Qüvvələri üçün heç də mümkünsüz deyil. Lakin İlham Əliyevin mövqeyi aydındır: azərbaycanlılar dədə-baba yurdlarına savaşın nəticələri ilə yox, diplomatik-siyasi fəaliyyətin yekunu ilə dönəcəklər.

Prezident Ermənistana qarşı ərazi iddiası deyil, milyonlarla insanın pozulmuş hüququnun bərpası tələbini irəli sürür. O, hərbi yönümə yox, siyasi, hüquqi, beynəlxalq, diplomatik fəaliyyətə üstünlük verir.

Qərbi Azərbaycana Qayıdış Kosepsiyası da məhz bu prinsiplər, tələblər və şərtlər çərçivəsində hazırlanıb. Deportasiya olunmuş soydaşlarımızın təşkilatlanması başa çatıb, Qərbi Azərbaycan İcmasının timsalında vahid platforma formalaşıb. Azərbaycan dövlətinin coğrafi sərhədləri ilə yanaşı, milli-mənəvi sərhədlərini də prinsipallıqla qorumaq iqtidarında olması və zərrə qədər də güzəştə getməməsi son illərin əsas göstəricisidir.

Prezident üçün Qərbi Azərbaycana Qayıdış məsələsi heç vaxt siyasi ritorika predmeti olmayıb, bu mövzu daim real fəaliyyət və strateji hədəflər kontekstində nəzərə alınıb. Təsadüfi deyil ki, indi bu siyasət Qarabağın azadlığı strategiyasında olduğu kimi qlobal fəaliyyət istiqamətini əsas götürür.

İlham Əliyevin əsas tələblərindən biri bu mövzunu daim beynəlxalq miyqasda gündəmdə saxlamaq, xarici ölkələrdə konfranslar, elmi seminarlar keçirmək, tarixçilərlə yanaşı, rəsmiləri, siyasi ekspertləri də bu prosesə fəal qoşmaqdır. Prezident yalnız tələb irəli sürmür, həm də dəyərli məsləhətləri, müasir çağırışları əks etdirən təklifləri ilə bu tədbirlərin mahiyyətini formalçılıqdan nəticəyönümlülüyə istiqamətləndirir. Ona görə də xaricdə Qərbi Azərbaycana həsr olunan tədbirlər həmin ölkələrdə böyük rezonans yaradır, siyasi hadisəyə çevrilir, ictimai fikirdə əsaslı dönüş formalaşdırır.

Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən beynəlxalq konfrans da bu xüsusda mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, bu, xaricdə məlum mövzu ilə bağlı təşkil olunan üçüncü tədbir idi.

 

İlham Əliyevin «yol xəritəsi»

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, hakim Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Efkan Ala tərəfindən nümayəndə heyətimizin qəbul edilməsi Azərbaycana olan ehtiramın nümunəsi olmaqla bərabər, həm də Qərbi Azərbaycan mövzusuna Türkiyə cəmiyyətinin həssas münasibətini ifadə edirdi.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin başçılıq etdiyi və mühüm qurumların təmsilçilərinin qatıldığı nümayəndə heyəti İlham Əliyevin «Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir» - tezisini əsas götürərək, bu mövzunu türk ictimaiyyətinin əsas gündəmlərindən birinə çevirməyə müvəffəq oldu. 250-ə yaxın iştirakçı srasında Türkiyənin siyasi, elmi elitasının, özəl sektorun görkəmli nümayəndələri vardı.

İştirakçılara göndərdiyi müraciətində Prezidentin qeyd etdiyi - «Qərbi Azərbaycanla bağlı dünya ictimaiyyətinin məlumatlılığının artmasına xidmət edən bu beynəlxalq konfrans soydaşlarımızın öz doğma torpaqlarına qayıdışına önəmli töhfə verəcək» - fikri Azərbaycan dövlətinin bu tədbirə böyük önəm verdiyini nümayiş etdirirdi.

İlham Əliyev bu platformadan istifadə edərək həm də Qərbi Azərbaycana Qayıdışın «yol xəritəsi»ni bəyan etdi:

- Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa uyğun dinc təşəbbüsləri təqdirəlayiqdir və dünya ictimaiyyəti tərəfindən dəstəklənir;

- Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir;

- Ermənistan qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoymalı, azərbaycanlılara məxsus mədəni irsin bərpası və qorunması üçün addımlar atmalı, qayıdış mövzusunda İcma ilə dialoqa başlamalıdır;

- Ermənistan Qərbi azərbaycanlıların nə vaxt və hansı şərtlərlə öz dədə-baba yurdlarına dönə bilmələri ilə bağlı aydın mövqe ifadə etməli, Ermənistan rəhbərliyi İcmanın nümayəndələri ilə görüşməlidir;

- öz yurdlarına dönəcək Qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti verilməlidir.

İlham Əliyevin «Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaq» - fikri isə dövlətimizin Qərbi Azərbaycan mövzunda nə qədər prinsipial, qətiyyətli və ən əsası, güzəştsiz mövqedə olmasını göstərən ən mükəmməl nümunədir. Bu münasibəti şübhəsiz ki, türk ictimaiyyətininin timsalında beynəlxalq ictimaiyyət də gördü, lazımi nəticə çıxartdı.

Ədalət və İnkişaf Partiyasının sədr müavini Zafer Sırakayanın «Qərbi Azərbaycana qayıdış tələbi hüququn və ədalətin təzahürüdür. Hər bir insan öz doğma yurduna qayıtmaq hüququna sahibdir. Bu, əsas beynəlxalq hüquq prinsiplərindən biridir və heç bir şəkildə inkar edilə bilməz” - fikri, TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın «Beynəlxalq ictimaiyyət, insan hüquqları təşkilatları və BMT Qərbi azərbaycanlıların doğma yurdlarına ləyaqətli qayıdış hüququnu tanımalı və dəstəkləməlidir» - sözləri iştirakçıların ümumi mövqeyini əks etdirirdi.

Azərbaycanda da çox sevilən məşhur tarixçi İlbər Ortaylının «Türkiyədə bir çox insan uzun müddət Qərbi Azərbaycanda yaşanan proseslərdən xəbərsiz olub. Qərbi Azərbaycana qayıdış kimi ictimaiyyəti maraqlandıran mövzularda tədbirlər davam etdirilməlidir. Universitetləri də cəlb edərək dəyirmi masalar və seminarlar keçirilməlidir» - sözləri isə bu kimi tədbirlərin davamlılığının artıq sosial sifariş olduğunu göstərdi.

Xatırladaq ki, Türkiyədə Qərbi Azərbaycan əsilli yüzminlərlə insan yaşayır və onlar ötən əsrlər, onilliklər ərzində siyasətdən sənətə, hüquqdan sahibkarlığadək cəmiyyətin demək olar ki, bütün sahələrində strateji mövqelərə yüksələ bilib, böyük nüfuz qazanıblar. Bu prosesdə onların da fəal iştirakı uğurlu nəticəyə böyük töhfə olar. Qərbi Azərbaycan İcmasının artıq Türkiyədə nümayəndəliyi və şəhərlərdə ofisləri də açılıb.

İlham Əliyevin Qarabağda ucaltdığı Zəfər Bayrağının kölgəsi Qərbi Azərbaycana düşür

Qarabağ və Şərqi Zəngəzurun bərpası, quruculuğu və məskunlaşdırılması İlham Əliyevin strateji hədəflərinin ilk mərhələsidir. Növbəti mərhələni isə Prezident özü belə təsnifatlaşdırır: «Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik».

İlham Əliyev Qərbi Azərbaycana qayıdışı milli ideyanın tərkib hissəsi elan etməklə, yalnız bu bölgənin insanlarını deyil, bütün xalqı bu mövzu ətrafında səfərbər edib.

Lələtəpədən Şuşaya, Xocalıdan Xankəndiyə olan hərbi yürüşlərimizi indi Qərbi Azərbaycana doğru diplomatik həmləmiz əvəzləyir…

Ağdamda, Füzulidə, Xocavənddə dalğalanan bayrağın Zəfər mehləri artıq Qərbi Azərbaycanda milli ruhu oyandırır, tarixi çağırışları aktuallaşdırır...

Kəlbəcərdə, Laçında, Qubadlıda, Zəngilanda inzibati sərhəd boyu bu gün ucalan quruculuq, inkişaf nümunələri Qərbi Azərbaycanda sabahkı intibahı müjdələyir…

İlham Əliyev Bakıdan İrəvana, Şəkidən Zəngəzura, Lənkərandan Dərələyəzə, Qubadan Basarkeçərə, Gəncədən Göyçəyədək Bütöv Azərbaycanın mənəvi-tarixi simasını və perspektiv strateji vizyonunu formalaşdırır…

2020-ci ilin 27 sentyabrınadək Qarabağa və Şərqi Zəngəzura dönüş arzumuza nə qədər ümidli idiksə, indi ondan daha artıq əzmkarlıqla və inamla Qərbi Azərbaycana qayıdışa əminik!

Qarabağa Müzəffər Komandan kimi daxil olan İlham Əliyev Qərbi Azərbaycana Ustad Diplomat kimi qədəm qoyacaq!

 

İlham Əliyev erməni vəhşiliyi nəticəsində ötən əsrin əvvəllərində Zəngəzurdan Naxçıvana pənah gətirən babası Əlirza Əliyevin qəbrini ziyarət etdikdən bir müddət sonra demişdi ki, “Babamın məzarını ziyarət etməklə ürəyimdə olan sözləri dedim... Babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm”.

Əlbəttə ki, bu sözlərin məhz Qərbi Azərbaycana qayıdışla bağlı olması hər kəsə məlumdur.

Prezident nə vaxtsa dilə gətirəcəyi sözləri indi real əməllə tarixə və dünyaya söyləyir...

Əcdadın ruhuna deyilən söz isə Bütöv Azərbaycan amalına verilən sözdür, məsuliyyətdir, vəzifədir...

 

İxtiyar Hüseynli, Əməkdar jurnalist

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR