İnsanlara hürriyət, millətlərə istiqlal!

İki bitmiş müharibənin gecikən müqaviləsi – Tarixdən bir örnək

Düz 70 il əvvəl, l955-ci ilin yanvar ayının bu günlərində SSRİ ilə Almaniya arasında müharibə vəziyyətinə rəsmən son qoyulub.

Yəqin ki, yuxarıdakı cümlə çoxlarına qəribə və ya yanlış göründü. Amma məsələnin mahiyyəti budur ki, 1945-ci ildə SSRİ və müttəfiqlərinin qələbəsi ilə çatan müharibə hələ heç də hərbi münaqişənin başa çatması deyilmiş. Ölkələr atasında müharibə vəziyyəti davam edirmiş. 70 il öncə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı yayılıb və müharibə vəziyyətinə son qoyulduğu bildirilib.

Bu durum bizə bir yerdən, öz təcrübəmizdən tanışdır. Azərbaycan-Ermənistan müharibəsi də 2020-ci ilin noyabr ayının 10-da başa çatıb, ancaq müharibə vəziyyəti davam edir, 4 il 3 aydır ki, ortada sülh sazişi yoxdur, hərbi münaqişəyə son qoyulmayıb.

Ermənistan nasist Almaniyası kimi kapitulyasiya aktı imzalasa da, Paşinyan hakimiyyəti hələ də xalqın mühüm bir hissəsinə düçar olduqları məğlubiyyəti həzm etdirə bilmir. Revanşistlər qan-qan deyirlər, silahlanırlar, amma onu da anlayırlar ki, qarşılarındakı dövlətin də əli armud toplamır və sahib olduğu mövqeləri əldən vermək fikrində deyil.

SSRİ və Almaniya arasında müharibə vəziyyətinin 10 il boyunca davam etməsinin səbəbləri çox olub. Bu sırada Almaniyada revanşist qüvvələrin hakimiyyətə yiyələnməsi qorxusu ilə yanaşı, Qərbin himayəsi ilə yaradılan Almaniya Federativ Respublikasının bütövləşmə (sovet dövləti tərəfindən yaradılmış Almaniya Demokratik Respublikası ilə) arzuları, Moskvanın isə buna qətiyyətlə qarşısı çıxması rol oynayıb.

Hətta Stalin Qərbin (ABŞ, Böyük Britaniya və Fransa) boynuna qoymaq istəyirmiş ki, onlar AFR-dən əllərini çəksinlər, “demokratik seçki” təşkil olunsun və o seçkidə alman kommunistləri qalib gələrək hakimiyyəti götürsünlər. Yəni Stalin Almaniyanı bütöv şəkildə kommunistləşdirmək və öz vassalı etmək istəyirmiş. Ancaq artıq soyuq müharibə getdiyindən Qərb ölkələri Almaniyanı Moskvaya “yedirtməyiblər”.

Stalin öləndən sonra Almaniyanı bütöv götürmək planını Lavrenti Beriya həyata keçirmək istəyib, ancaq bu planın icrası da uğursuz olub. Üstəlik, 4-5 aydan sonra bu, ona qarşı ittihama çevrilib. Opponontləri Beriyanı ADR-i AFR-ə “sataraq” bütövləşdirmək istəməkdə ittiham ediblər.

Müharibə vəziyyəti sona çatandan sonra iki ölkə arasında əlaqələr bərpa olunub. Almaniya sovet düşərgələrində olan hərbi əsirlərin yerdə qalan hissəsini də öz vətənlərinə qaytarmağa nail olub. 1955-ci ilin payızında isə iki ölkə nəhayət səfirlik mübadiləsi aparıb.

Heç demə, vaxtilə düşmən olan ölkələrin aradakı münasibətləri ilıqlaşdırmaq üçün “futbol diplomatiyası”ndan istifadə etməsi 70 il öncə SSRİ və Almaniya arasında da olub. 1955-ci il avqustun 21-də SSRİ futbol yığması “Dinamo” stadionunda dünya çempionu Almaniya yığmasını qəbul edib. Oyundan əvvəl komsomol rəhbərləri, DTK generalları (Vladimir Semiçastnı və Aleksandr Şelepin) futbolçuları motivasiya etməyə gəliblər. Onlar sovet futbolçuları ilə çox sərt danışıblar, məşqçi Qavriil Kaçalinin sözünü kəsiblər, oyunçulara təpiniblər ki, SSRİ yığması qalib gəlməyə borcludur. Qalib gələcəkləri təqdirdə futbolçulara orden veriləcəyi vəd olunub.

Aralarında çoxlu cəbhə əsgərlərinin də olduğu 70 min azarkeş sensasiya şahidi olublar: sovet komandası daha güclü rəqibini 3:2 hesabı ilə məğlub edib. Həmin “dostluq matçı”nda ən yaddaqalan epizod o olub ki, Almaniya millisinin kapitanı (və keçmiş hərbi əsir) Frits Valter qapılarına qol vuran və yıxılan Nikolay Parşini yerdən qaldırıb, əlini sıxıb və onunla qucaqlaşaraq topu mərkəz nöqtəsinə aparıb. Sonradan bu qələbəyə görə Parşin və yoldaşlarına heç bir orden-medal verilməyib, furbolçular yalnız “Temp” markalı televizor alıblar.

2009-cu ildə Türkiyə və Ermənistan arasında ilıqlaşma cəhdlərinin də “futbol diplomatiyası” ilə müşayiət olunduğunu xatırlayaq. Ermənistan və Türkiyə millilərinin qarşılaşmasında prezident Abdulla Gül İrəvanda, Serj Sarkisyan isə Bursada olmuş, futbol matçını birlikdə izləmişdilər. Ola bilər, nə vaxtsa Azərbaycan və Ermənistan futbolçuları da “barış matçı”nda qarşılaşacaqlar.

Bundan ötrü müharibə vəziyyətinə son qoyulması, sülh sazişinin bağlanması əsas şərtdir.

Bilindiyi kimi, müharibə vəziyyətinə hüquqi xitam verilməsinin beynəlxalq səviyyədə tanınmış formaları var: atəşkəs, kapitulyasıya və sülh müqaviləsi. Ermənistan və Azərbaycan arasında bu formaların ikisi mövcuddur: İrəvan kapitulyasiya edib və atəşkəs rejimi davam edir. Ancaq sülh müqaviləsi yoxdur. Yalnız sülh müqaviləsi və ya oxşar sənəd tərəflərin hərbi əməliyyatları tamamilə dayandırmağa və bərpa etməməyə hazır olduğu şərtləri tənzimləyir.

Almanları üstünlüyü onda olub ki, ağır məğlubiyyətdən sonra sürətlə toparlanıblar, revanşist xülyalara düşməyiblər, sovet ordusu onların iri zavod və fabriklərinin avadanlığını söküb SSRİ-yə daşısa da, almanlar sənaye müəssisələrini tezliklə bərpa ediblər və kansler Konrad Adenauerun vaxtında iqtisadi yüksəlişə keçiblər.

Ermənistan isə hazırda ikili durumdadır. Ölkənin ictimai-siyasi fəallarının yarısı Qərb dövlətlərinin himayəsi və yardımı ilə iqtisadi yüksəliş yoluna çıxmaq istəsələr də, o biri yarısı 2020-ci ildən əvvəlki durumu bərpa etmək istəyi ilə alışıb yanır, Ermənistanın gələcəyini Azərbaycandan revanş almaqda, Türkiyə ilə düşmənçiliyi sürdürməkdə görürlər. Görünür, bu kiçik ölkədə, postmüharibə dövrü Almaniyasında olduğu kimi real demilitarizasiya və denasifikasiyaya ehtiyac var.

P.S. Şəkildə SSRİ Nazirlər Kabinetinin sədri Bulqanin və AFR kansleri Adenauer sülh müqaviləsi imzalayır (13 sentyabr, 1955-ci il).

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR