İnsanlara hürriyət, millətlərə istiqlal!

I Aram II Qareginlə Nikol Paşinyan arasında vasitəçi olmaq istəyir-ilginc gedişat  

Böyük Kilikiya Evinin (Livan) katolikosu I Aram Ermənistan hakimiyyəti ilə ruhanilər arasında münaqişəyə son qoymağa çağırıb. Teleqraf xəbər verir ki, bu barədə katolikosluğun bəyanatında deyilir. Qeyd olunur ki, I Aram vəziyyəti sakitləşdirmək üçün Ermənistana gəlməyi planlaşdırırmış, lakin parlamentdə baş verən “rüsvayçı və yersiz” hadisələr, təqiblər və həbslər onu bu fikirdən çəkindirib. Bununla belə, katolikos istənilən vaxt ölkəyə gəlməyə və bütün ermənilərin katolikosu II Qaregin və Baş nazir Nikol Paşinyanla müzakirələr yolu ilə vəziyyətdən çıxış yolu tapmağa hazırdır.

Erməni keşişi Asoxik Karapetyan isə bütün ermənilərin katolikosunun patriarxal iqamətgahının yerləşdiyi Müqəddəs Eçmiədzin kilsəsinin ərazisini işğal etməyə cəsarət edən hər kəsi lənətləyib. Teleqraf xəbər verir ki, məlumatı Ermənistan saytları yayıb. Xatırladaq ki, bundan əvvəl sosial şəbəkələrin erməni seqmentində bu gün səhər saatlarında hüquq-mühafizə orqanları əməkdaşlarının Müqəddəs Eçmiədzin ərazisində əməliyyat keçirmək niyyəti barədə məlumatlar yayılıb. Keşiş bəyanatında bildirib: “Ruhlarını şeytana sataraq, bu işıqlı səhərdə və ya nə vaxtsa Müqəddəs Eçmiədzinin ərazisinə basqın etməyə cəsarət edənlərə, Erməni Patriarxlığını, erməni xalqının ziyarətgahını təhqir edənlərə, ruhanilərə və bütün Ermənilərə göndərilmiş Tanrı elçilərinə qılınc qaldıranlara lənət oxuyuram”. Kahinin sözlərinə görə, Müqəddəs Eçmiədzin ərazisinə hücum etmək müqəddəs olan hər şeyi tapdalamaq deməkdir.

Ermənistandakı kilsə-Paşinyan savaşı nə vəd edir? Nəticədə nə baş verəcək, postunu qoruyub-saxlayan Paşinyan olacaq, yoxsa Qaregin?

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Musavat.com-a açıqlamasında bildirdi ki, Ermənistanda hökumətlə Kilsə arasında yaşanan siyasi böhran diasporaya sirayət edib: “Livandakı Erməni katalikosu 1-ci Aramın vasitəçi olmaq təklifini irəli sürüb. Nəzərə almaq lazımdır ki, Birinci Aram Erməni katalikosu İkinci Qaregini dəstəkləyir. Bu mənada Nikol Paşinyan onun vasitəçiliyinə müsbət yanaşmayacaq. Ermənistanda seçkiqabağı siyasi böhran getdikcə dərinləşir. Paşinyan müxalifət və kilsənin Rusiya tərəfindən idarə olunduğunun və ona qarşı birləşdiyinin fərqindədir. Əsasən Kilsə xalqı ayağa qaldırmağı planlaşdırırdı. İkinci Qaregin Ermənistanda siyasi çevrilişin əsas ideoloqudur, prosesləri o idarə edir. Məhz bu səbəbdən Nikol Paşinyanın əsas planı İkinci Qaregini vəzifədən kənarlaşdırmaqdır”.

M.Əsədullazadə bildirdi ki, parlamentdəki revanşist müxalifət də neytrallaşdırılır: “Paşinyan Baqrat Qalatsyanı həbs etdirdi. Kilsənin regional rəhbərliyini cəzalandırır. Növbədə İkinci Qaregindir. Əgər Kilsə siyasətə qoşulmasaydı, hazırkı siyasi problemlər ortaya çıxmazdı. Konkret faktlar ortada olduğu üçün Paşinyan Eçmiədzinin Rusiya təsirinə son qoymasını hədəfləyir. O, İkinci Qaregini vəzifədən uzaqlaşdıracaq. Çünki İkinci Qaregenin keşiş kimi fəaliyyəti Paşinyanı qane etmir və onu kifayət qədər zəif duruma salıb. Ona görə də bu mübarizədə Paşinyan Qaregini məğlub edəcək. Ermənistanın baş naziri bu məsələdə prinsipaldır və bu proses Paşinyan üçün ölüm - dirim məsələsidir. Əgər o, Kilsənin qarşısından geri çəkilsə, seçkilərdə mövqeyi zəifləyəcək. Ermənistanda siyasi vəziyyəti tənzimləmək və təmizləmək Nikol Paşinyanın əsas hədəfidir. Müxalifəti və Kilsəni sıradan çıxarsa, Paşinyan siyasi hakimiyyətini gücləndirəcək”.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR