Onlayn ictimai-siyasi qəzet
Yazı-pozu adamı üçün ən əzablı bilirsiniz, nədir? Ürəyini sözlər deşir, beynində min fikir dolanır, amma yaza bilmir, əli kağız-qələmə, klaviaturaya yatmır. Dünəndən bəri ha özümü toparlamağa çalışıram, günahsız insanlarımızın başına gələn müsibət haqqında yaza bilmirəm. Çox çətindir, çox.
Bu hadisə 1912-ci ilin 12 aprelində Atlantik okeanında sulara qərq olan, 224 sərnişin və ekipaj üzvünün 1513-ünün həlak olmasına səbəb olan dəhşətli fəlakətlə üzləşən “Titanik” gəmisinin müsibətilə missyası baxımından fərqli görünə bilər. Amma...AZAL-a məxsus “Embraer E190” təyyarəsinin göyərtəsində, “Titanik”dəkindən qat-qat az, 38 nəfər həlak olsa belə, o qədər təsirlidir ki...Aysberqlə toqquşandan sonrakı 2 saat 40 dəqiqə ərzində həyat mücadiləsi vermişdi nəhəng laynerin ekipajı.
Aprelin 14-dü saat 23:40-da “Titanik” aysberqlə toqquşandan 2 saat 40 dəqiqə sonra dəryada batdı. “Embraer E190”-ın qəhrəman pilotları İqor Kşnyakin və Aleksandr Kalyaninov da bir saatdan artıq havada XİLAS YOLU aradılar. Dispetçerlə danışıqlardan görünən budur ki, pilotlar göyün yeddinci qatında üzləşdikləri ölüm təhlükəsinə rəğmən, təmkinlərini pozmurlar. Əsl gəmi kapitanı kimi, vəzifələrini sonadək şərəflə icra edirlər.
Bu kiçik videokadrlarda nələr var, ilahi! Hökumə xanım sərnişinlərə “dəhlizdə durmayın, təhlükəlidir”, deyərək belə kritik dəqiqələrdə panikaya düşmüş insanların təhlükəsizliyinin qayğısına qalır, bununla sanki daha böyük təhlükəni, ölümlə üzbəüz anları unutdurmaq istəyir...
Hüquq üzrə doktorant Hökümə Əliyevanın o cür ekstremal situasiyada həyəcan keçirən sərnişinlərə “sakit olun, hər şey yaxşı olacaq”, çağırışını eləməsi, onlara ümid aşılaması...O səs ölənədək yadımızdan çıxmayacaq. Həm də ümid işığı olaraq xatırlanacaq. Olduqca təsirlidir. Gənc bir qızın ölümün gözünə dik baxaraq, sərnişinlərin qayğısına qalması, onlarda hər şeyin yaxşılıqla bitəcəyi düşüncəsini aşılaması...Bu sözlər bir filmin effektindən daha artıqdır. Hələ ölüm, ya olum anında kəlmeyi-şəhadətini oxuyan sərnişin...Digərləri...
Bir filmin hekayələridir həlak olan, yaralanan, hadisədən möcüzə və pilotların ustalığı sayəsində sağ çıxan insanların üzləşdiyi bu dəhşətli hadisənin hər anı. Filmin adını da elə Hökümə bacımız əmanət qoyub: “Hər şey yaxşı olacaq”.
Yeni ili Qroznıda qarşılamağa gedən gül üzlü, nur parçası 13 yaşlı Məhəmmədəlinin fotolarına baxmaq olmur, adamın ürəyi qan ağlayır. Atası deyib hələ uşaqdan nişanə tapılmayıb. Dəhşətdir! Sağ və ya yaralı xilas olan 29 nəfərin hər birinə görə Tanrıya minnətdarıq, həm də pilotlarımızın, stüardessalarımıza əbədi təşəkkür borcumuz var. Təyyarənin quyruq hissəsinin daha təhlükəsiz olduğunu heç şübhəsiz ki, Hökumət xanım hamıdan yaxşı bilirdi. Amma o, belə bir durumda özünü düşünüb, təhlükəsiz guşəyə çəkilməyib, kabinaya yaxın məkanda, ümidsizlərə ümid aşılamağa çalışırdı...
Hər birimiz hüzn içərisindəyik. Yarıya endirilən bayrağımıza baxıb köks ötürürük. Amma əminik ki, HƏR ŞEY YAXŞI OLACAQ, Azərbaycan dövləti bu sınaqdan da xalqın birliyi ilə çıxacaq, sarsılmayacaq: necə ki, 20 Yanvar qırğınında, 20 noyabr helikopter hadisəsində, Xocalı soyqırımında, Qarabağın işğalında, Bakı metropolitenində törədilən teraktda, yüzlərlə digər alçaq əməllərlə üzləşəndə sınmadıq, əyilmədik, bir kərə yüksələn bayrağımız bir daha enmədi!
Diqqət edin, Azərbaycanda kimsə qəzada həlak olan, yaralanan sərnişinlərin, yaxud ekipaj üzlərinə fərq qoymur, hamısına eyni qaydada rəhmət oxuyur, dua edir. Hamısı əzizlərimizdir, doğmalarımızdır.
İlk dəqiqələrdə dolaşan “quş söhbəti” artıq bir kənara qoyulmuş sayılır. İstisna deyil ki, bu, pilotun qəfil zərbə anında intiutiv olaraq dilə gətirdiyi və dispetçerə dediyidir. Amma sərnişin təyyarəsinin hədəfə alına biləcəyini bəlkə də ağlına gətirməyən dispetçer o anda başqa nə düşünə bilərdi ki?..Nə biləydi ki, bu, quş söhbəti deyil, Bayquş söhbətidir?..
Qazaxıstan tərəfi deyir ki, heç bir həqiqəti gizlətmək mümkün olmayacaq, hər şey açılacaq. Çeçenistan hava limanının mətbuat xidmətinin açıqlamasında bildirilir ki, guya sıx dumana görə təyyarəni qəbul edə bilməyiblər və Mahaçqala hava limanına, ehtiyat aerodroma yönləndiriblər. Amma əgər AZAL-ın təyyarəsindən öncə Səudiyyə Ərəbistanına məxsus hava nəqliyyatı Qroznıya enibsə, onda duman söhbəti də “çəkilir”.
Dövlətimizə güvənirik, inanırıq! Azərbaycan 25 dekabr faciəsində 44 günlük müharibədəki kimi davrandı. Prezident MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilən anda dövlətimizin başçısı dərhal geri dönmək barədə tapşırıq verdi. Təyyarə endikdən dərhal sonra isə Prezident hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportundaca müşavirə keçirdi.
Təsəvvür edin, hələ havada ikən Prezident müvafiq göstərişlər verib, Baş nazirlə danışıb, onun rəhbərliyi ilə komissiya yaradılıb. Eyni zamanda Azərbaycan nümayəndələrindən ibarət heyət qəzanın baş verdiyi Aktau şəhərinə ezam edilib. Üstəlik, Azərbaycan həkimlərindən ibarət briqadaların da Aktau şəhərinə tezliklə ezam olunmasına göstəriş verib. Vətən Müharibəsində olduğu kimi, Ali Baş Komandan olaraq dövlətin, vətəndaşın başında dayanan İlham Əliyev bu dəfə də nümunə göstərdi.
Dövlətimizin başçısı vətəndaşı əmin etdi ki, heç bir detal gizli qalmayacaq.
Sitat: “Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır və təbii olaraq, Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq”.
Prezidentin bu mövqeyi, komanda üzvlərinin operativliyi, Qazaxıstana ezam olunan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Aktauya uçması, hadisə yerinə baxış keçirmələri, yaralılarla görüşləri, digər addımlar hamısı Azərbaycanın bu ekstermal situasiyada vahid yumruq kimi hərəkət etməsinin növbəti nümayişi oldu. Siyasi partiyalar da yekdil mövqe sərgilədilər, 44 günlük müharibədəki kimi...
Qardaş Türkiyə yenə də yanımızdadır. Qəza xəbəri yayılan kimi, Türkiyə rəhbərliyi Azərbaycana üzüntüsünü ən yüksək səviyyədə çatdırdı. Türkiyənin Azərbaycandakı səfirliyi matəm münasibətilə başsağlığı mətni yayıb, Türkiyə bayraqlarının da yarıyadək endirildiyini açıqlayıb. Türk şəhidliyindəki qoşa bayraqlara qədər bütün bayraqlar yarıyadək endirilib. Tarix dəyişib, yenə də kədərdə də, sevincə də bir yerdəyik. Qardaş Qazaxıstana da təşəkkürlər, çox böyük fədakarlıq nümunəsi göstərdi qazax qardaşlarımız! Təyyarəmizin qəzalı enişi zamanı hadisə yerinə ilk yetişən qardaşlarımızdan tutmuş, dövlət rəsmilərinədək. Sanki pilotlarımız da dövlət başçımızın “bizim bir ailəmiz var-Türk dövlətləri ailəsi”-sözünü xatırlayıb, son ümid yeri kimi Aktauya, türk ellərinə üz tutmuşdular...
Təyyarəyə xarici müdaxilənin olduğu barədə şübhələr kifayət qədər ciddidir, bu barədə çoxsaylı faktlar, videokadrlar, səs yazıları da var. Hazırda Rusiya və Ukrayna bir-birini bu hadisəyə görə ittiham edir, müxtəlif səviyyələrdə. Səhvən, ya bilərəkdən, fərqi yoxdur, nəticə acınacaqlıdır, sivil insanlar həlak olub, yaralanıb, yeni il ərəfəsində ailələr matəmə düçar edilib! Şəhidlərimizə Allah rəhmət, yaralılarımıza şəfa versin. Rahat uyusunlar.
Bədxahlarımız isə bir daha bilsinlər: Azərbaycan olaraq bu qəzadan da SAĞ çıxdıq, bizi öldürə bilmədilər və bundan sonra da öldürə bilməyəcəklər! Cismən həyatdan gedənlərimiz olsa da, müqəddəs ruhlar daim dövlətimizə, millətimizə yardımçı olacaq. Hökümə bacımıza inanırıq: “Hər şey yaxşı olacaq!” Millətimizə, dövlətimizə çox-çox keçmiş olsun...
Elşad Paşasoy,
Musavat.com
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ