İnsanlara hürriyət, millətlərə istiqlal!

Həzi Aslanovda xaos: Qanunsuz bazar qurdular, polis müdaxilə etdi (FOTOLAR)

Bakı metrosunun “Həzi Aslanov” stansiyası yaxınlığında təmir işləri gedən yerüstü keçidin ətrafı tamamilə nəzarətsiz küçə alverinə çevrilib.

Musavat.com-un əməkdaşı həmin ərazidə olub, müşahidələr aparıb və yaranmış acınacaqlı vəziyyəti lentə alıb.

KECİD SON.jpeg (382 KB)

Hazırda keçiddə təmir-tikinti işləri getsə də, həmin ərazidə küçə alverçilərinin sayı hər gün artır.

Sakinlərin iddiasına görə, alverçilər yolun 70-80 faizini zəbt edib. Bu isə piyadaların normal hərəkətini mümkünsüz edir.

“Buradan nə piyada keçə bilir, nə də uşaq arabası ilə hərəkət etmək olur. Əlil arabası ilə keçmək isə tamamilə mümkünsüzdür. Əvvəl bir neçə satıcı var idi, mane olmurdular. Sonra sayları artdı, zamanla yolun hər tərəfini “işğal” etdilər. Elə bil bura bazardı”, - deyə Aydın Əliyev adlı narazı sakin bildirir.

Küçə, yoxsa bazar?

Fotolardan da aydın görünür ki, alverçilər marşrut dayanacağına, piyada keçidinin önünə, təmir olunan hissənin bir neçə addımlığına qədər mallar düzüb. Satılan məhsullar arasında meyvə-tərəvəz, quru çərəz, geyim və müxtəlif ev əşyaları var. Ərazidə nə sanitar qaydalara əməl olunur, nə də ətraf təmiz saxlanılır.

HEZİ 1.jpeg (376 KB)

Torbalara doldurulmuş məhsulların bir hissəsi torpaq üstündə yerləşdirilib. Zibillər sağa-sola səpələnib, alverdən sonra ətraf tamamilə dağıdılmış vəziyyətdə qalır. Onsuz da ensiz olan yolun bir hissəsini piştaxtalar, meyvə torbaları, paltarlar tutur, digər hissəsini isə binanın altında qanuni fəaliyyət göstərən mağazaların qutuları, reklam və çölə açılan qapıları…

Sakinlərin sözlərinə görə, təmir işlərinin uzun müddətə uzanması problemi daha da dərinləşdirib.

İnsanların bu küçədən daimi istifadə etməsi, hərəkətin bol olması küçə alverçilərinin diqqətini çəkib.

“Bələdiyyə, ya da icra nümayəndələri burada bircə dəfə də görünməyib. Hər kəs istədiyi yerdə mal satır, yollar tutulur, zibillər yığılır, amma kimsə durub bir söz demir”, - deyə şikayətçi Simuzər Əliyeva bildirib.

Əlillər və yaşlılar üçün kabusa çevrilib

Ən ciddi narahatlıq isə əlil arabasından istifadə edən insanlar və yaşlılar üçün yaranıb. Onlar üçün artıq bu keçid, daha doğrusu, keçidin ətrafı keçilməz səddə çevrilib.

Fotolardan da görünür ki, dar yolun hər iki tərəfi tam bağlanıb, sadəcə alver məqsədilə istifadə olunur.

KECİD E.jpeg (388 KB)

Qanun nə deyir?

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, qanunsuz küçə ticarəti ilə məşğul olan fiziki şəxslər 50 manatdan 200 manata qədər, vəzifəli şəxslər isə 300 manatdan 600 manata qədər cərimə oluna bilər.

Bundan əlavə, şəhər ərazisində sanitar-gigiyenik qaydaları pozan və ətraf mühitin çirklənməsinə səbəb olan şəxslər də ayrıca məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat məbləğində cərimə tətbiq olunur.

Biz materialı hazırlayan zaman sakinlərdən daha bir məlumat redaksiyamıza daxil oldu. Polis əməkdaşları əraziyə gəlib, qanunsuz ticarətin qarşısını alıblar.

BOS SON.jpeg (329 KB)

“Siz dünən çəkdiniz buraları, gördünüz nə halda idi. Amma bu gün səhər tezdən işə gedirdim. Gördüm ki, küçə boşdur. Səbəbini bir az sonra anladım. Polislər metronun ətrafı daxil, hər yerə nəzarət edirdilər. Qanunsuz küçə ticarətinin qarşısını alıblar. İnşallah, bu proses daimi olar”, - deyə şikayətçi sakinlərdən biri olan Simuzər Əliyeva bildirib.

BOSLUQ 1.jpeg (421 KB)

BOSLUQ.jpeg (408 KB)

Məhəmməd Türkmən
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

BÜTÜN XƏBƏRLƏR