İnsanlara hürriyət, millətlərə istiqlal!

“Heydər Əliyev İli”nin Azərbaycan Gəncləri Günü

Musavat.com MM-in Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın yazısını təqdim edir.

Son 3 ildəki bütün əlamətdar günlər, bayramlar kimi 2 fevral – Azərbaycan Gəncləri Günü də fərqli ovqatda və gözəllikdə keçirilir. Son 3 ilin bayramlarını, əlamətdar günlərini daha fərəhli və qürurla keçiririk. Özəlliklə, Gənclər Günündən danışınca, o fərəh, qürur bir başqa anlam kəsb edir. Çünki əsasən gənc nəsildən ibarət Silahlı Qüvvələrimiz əcdadımızın hərb ənənələrinə sadiqlik nümayiş etdirərək, çağdaş hərbi biliklərə və əlbəttə, yüksək vətənpərvərlik hisslərinə yiyələnərək düşməni yurdumuzdan iti qovan kimi qovdu! Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 09 yanvar 2023-cü ildə keçirilən, 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdəki çıxışında dediyi kimi: “Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi - bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi. Bu amil əlbəttə ki, bütün sahələrdə özünü göstərir”.

2 fevral – Azərbaycan gəncliyinin əlamətdar bayram günü, həm də hesabat günüdür. Necə deyərlər, gəncliyimiz keçmişə qiymət verir, bu günü dəyərləndirir, gələcək hədəflərini müəyyənləşdirir, məqsəd-məramanı açıqlayır.

Bu ilki Gənclər Gününü fərqli, özəl qılan bir digər səbəb 2023-cü ilin “Heydər Əliyev İli” olması ilə bağlıdır. Çünki Azərbaycan təqviminə Gənclər Gününü məhz Ümummilli lider daxil edib. O böyük şəxsiyyət gənclərə həmişə böyük diqqət-qayğı ilə, həssaslıqla yanaşırdı, gəncliyin qayğılarını öyrənirdi, prob­lemlərinin həlli yönündə icra edilən tədbirlərə, layihələrə, proqramlara xüsusi önəm verirdi. Heydər Əliyev dövlət gənclər siyasətini çağdaş Azərbaycan Respublikasının, müstəqil dövlətimizin fəaliyyətinin ən önəmli istiqamətlərindən biri kimi dəyərləndirirdi. Ümummilli lider Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumundakı proqram xarakterli nitqində gənclərin problemlərini dövlət orqanları qarşısında 1 nömrəli vəzifə olaraq qoymuşdur.

2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib - SƏRƏNCAM - VİDEO

Əsasını Ümummilli liderin qoyduğu dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz bizim respublikamızda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Neçə-neçə əməli fəaliyyət sahəsində olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra – (8-12 avqust 1998-ci ildə keçirilən) Gənclərin işləri üzrə nazirlərin Ümumdünya konfransının tövsiyyəsi əsasında BMT Baş Məclisinin 17 dekabr 1999-cu il tarixli 54/120 saylı Qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib.

2023-cü təqvim ilinə adı verilmiş və bu il 100 illik yubileyi ümumxalq səviyyəsində qədirşünaslıqla qeyd ediləcək Ümummilli liderimiz Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bütün dünyaya örnək olacaq daha bir addım atıb – məhz o böyük ictimai-siyasi və dövlət xadimi bu sahənin zəruri qanunvericilik bazasının formalaş­dırılmasını təmin edib. – Gənclərin sosial, iqtisadi və b. problemlərinin həllinə yönələn, qayğılarını öyrənən, onların öz qabiliyyətlərinin inkişaf etdirməsinə kömək edən Fərman və sərəncamlar, Dövlət proqramları bu qəbildəndir. Qanunlar, Fərman, Sərəncam və Dövlət proqramları qabaqcıl gənc nəslin yetişməsinə, irəligörüşlü olmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, mütəşəkkil qüvvə kimi formalaşmasına son dərəcə təsir göstərib. Belə müsbət təsir gənclərin sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına, səmərəli addımlar atmasına gətirib çıxarıb.

Yuxarıda da vurğuladığımız kimi, gənclərin yaxın dostu və himayədarı olan Ümummilli liderin gəncliyə yüksək güvəni həyatda öz parlaq təsdiqini tapıb. Düşünürəm ki, bu planda yalnız bir tarixi nitqi xatırlamaq belə yetərli olacaqdır:

“Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

...Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk”! – Bu sözləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 noyabr 2020-ci ildə Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində deyirdi.

 2023-cü ilin “Heydər Əliyev İli” kimi qeyd olunması xalqımızın Ulu Öndərə  vəfa borcudur » Muğanın Səsi

Bəli, doğrudan da, ölkəmizdə gənclər siyasəti bu gün mahiyyətcə, keyfiyyətcə yeni mərhələdədir. Prezident İlham Əliyev digər əməli fəaliyyət sahələrində olduğu kimi, Ümummilli liderin gənclər siyasətinə münasibətdə də sadiqlik nümayiş etdirir, bunu öz mühüm qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrin nüfuzlu universitetlərində təhsili, sosial müdafiəyə ehtiyacı olanların qayğılarının öyrənilməsi, problemlərinin həlli yönündə atılan addımlar, qabaqcıl gənclər təşkilatlarının formalaşması, inkişafı üçün yaradılan münbit ortam və imkan, o cümlədən Azərbaycan Gənclər Fondunun yaradılması bu sahəyə böyük diqqətin parlaq ifadəsidir.

Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına özəl diqqət yetirilir. Ölkəmizin və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. İdmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına uğurla evsahibliyi etməsi, respublikamızda 40-dan artıq Olimpiya İdman Kompleksinin fəaliyyəti buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında önəmli rol oynayır.

Dövlət başçımızın sərəncamları ilə təsdiq edilmiş, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxumaq şansı qazanıb.

Çağdaş dönəmdə elmin, texnologiyanın böyük sürətlə inkişafı, postneft dönəminin başlanması müstəqil Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətdə də zamanın tələblərinə uyğun kurs yürütməsini zəruri qılıb. – Dövlət başçımız gənclərin intellektual, fiziki, mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 8 il öncə - 26 yanvar 2015-ci ildə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Gənclərlə bağlı bütün məsələlərin geniş surətdə əhatə olunduğu bu önəmli sənədin əsas məqsədi Azərbaycanda gənclər siyasətinin daha da səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətimizin bütün əməli çalışma sahələrində gənclərimizin fəal iştirakına münbit ortam yaratmaq, onların yaradıcı, innovativ potensialının üzə çıxarılmasına kömək olmaq, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, çağdaş İKT-dən səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Məsələn, könüllülərin, ekofəalların, ümumən ictimai fəalların Laçın-Xankəndi yolunun Şuşa səmtində ötən ilin son ayında başlamış, hazırda da davam edən aksiyası gənclər işində əldə edilmiş səviyyənin daha bir bariz göstəricisidir.

Prezident İlham Əliyev: Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi  çox sevindirir | ITS

Prezidentin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrin real sonuclarını da bu məqamda qədirşünaslıqla vurğulamalıyam. – Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət-qayğı göstərən İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi, idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

Bu gün əminliklə, qürurla deyə bilərik ki, Ümummilli liderin gəncliyimizə qayğısı daha da inkişaf edərək, yeni mərhələyə qədəm qoyub. Gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığı gerçək sonuclara nail olmaqla, davamlılıqla təcalla tapır. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli gələnəklərə, mənəvi dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilməkdədir.

Böyük məmnuniyyət və fəxarətlə vurğulayırıq ki, qədirbilən Azərbaycan gəncliyi dövlətimizin diqqət-qayğısını yüksək dəyərləndirir və bununla yanaşı, öz məsuliyyətini dərk edir. Gənclərimiz ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın şan-şöhrətinin daha da artmasına öz töhfəsini verir.

DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva yüksək vəzifəyə seçildi

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR