İnsanlara hürriyət, millətlərə istiqlal!

“Heydər Əliyev-100 Azərbaycanda qadın hərəkatının inkişafı” kitabının təqdimatı keçirildi

Aprelin 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və “Lider Qadınlar" İctimai Birliyinin təşkilatçılığı ilə “Heydər Əliyev-100 Azərbaycanda qadın hərəkatının inkişafı” kitabının təqdimat mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, millət vəkili Hikmət Babaoğlunun moderatorluğu ilə keçən tədbirdə millət vəkilləri, qeyri-hökumət təşkilatının nümayəndələri, incəsənət xadimləri və digər ictimai siyasi xadimlər iştirak ediblər. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, ulu öndər Heydər Əliyevin həyatının leytmotivi Azərbaycanın müstəqilliyi, dövlətçiliyi və xalqımızın xoşbəxtliyi idi:"Heydər Əliyev bütün həyatı boyu bu amallar üçün yaşayan bir insan idi. Onun Azərbaycan xalqı qarşısında xidmətləri ölçüyə gəlməzdir.

Heydər Əliyevlə bağlı 90-cı ildən sonrakı xatirələrimi bölüşmək istərdim. 1990-cı ilin qanlı 20 Yanvar
faciəsi yaddaşlarımızdan silinməz, çox ağır bir hadisə idi. Həmin dövrdə nə o zamankı hökumət səsini
çıxardı, nə bir qərar qəbul olundu, nə də bu hadisəyə siyasi qiymət verildi. Tarix də göstərdi ki, əslində, bu hadisənin əsas səbəbkarlarından o zaman hakimiyyəti zəbt etmiş, dövlət idarəçiliyindən xəbəri olmayan, ölkədə böyük dağıntılar, hərtərəfli böhran törətmiş, rəhbərliyə təsadüfən gəlmiş insanlar olmuşlar.

İlk dəfə bu faciəyə siyasi qiymət verən Heydər Əliyev oldu. O çətin dövrdə Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi, ağır və gərgin vəziyyətdə, özünə xas olan cəsarətlə Bakıda
dinc əhalinin qırğına məruz qalmasına siyasi qiymət verdi və Qorbaçovu cinayətkar, bu faciənin səbəbkarı kimi qiymətləndirdi. Əlbəttə, o zaman bunu etmək insandan çox böyük cəsarət və risk tələb edirdi. Lakin bu, Heydər Əliyevə xas olan bir cəsarət idi və ömür boyu özünün bu keyfiyyətlərini ən ağır vəziyyətdə də dəfələrlə nümayiş etdirib. Beləliklə, bədbinliyə uğramış xalqımız başa düşdü ki, xilaskarımız var, biz bu ağır durumdan inkişaf yoluna qədəm qoyacağıq, mübariz olmalıyıq".

Kitabın müəllifi, Milli Məclisin deputatı Məlahət İbrahimqızı da tədbirdə çıxışında   deyib ki, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş kitab dahi şəxsiyyətin  həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanda qadın hərəkatının inkişafındakı əvəzedilməz rolundan bəhs edir:"Kitabda elm, təhsil, mədəniyyət və incəsənət sahəsində, eləcə də ictimai-siyasi həyatında və dövlət idarəçiliyində yüksək vəzifələrdə çalışan nüfuzlu Azərbaycan qadınlarının Ümummilli liderin Vətənimiz qarşısında misilsiz xidmətlərinə həsr etdikləri elmi, publisistik məqalələri və xatirələri toplanıb. 

Bu kitab çağdaş Azərbaycan Dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, həyatını xalqının və dövlətinin işıqlı gələcəyinə həsr edən, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib. "HEYDƏR ƏLİYEV 100 Azərbaycanda qadın hərəkatının inkişafı" adlanan bu kitabda respublikamızın elm, təhsil, mədəniyyət və incəsənət sahəsində, eləcə də ictimai-siyasi həyatında və dövlət idarəçiliyində yüksək vəzifələrdə çalışan nüfuzlu Azərbaycan qadınlarının Ümummilli Liderimizin Vətənimiz qarşısında misilsiz xidmətlərinə həsr etdikləri elmi, publisistik məqalələri və xatirələri toplanıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan Qadınlarının I qurultayındakı çıxışları ön və son söz kimi kitaba daxil edilib. Yazıları kitaba daxil olmuş bu müəlliflərin hər biri ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə yüksək vəzifələrdə çalışmışlar. Əminik ki, gələcək nəsillər üçün əbədiyaşar və tükənməz xəzinə olan Heydər Əliyev irsi bundan sonra da araşdırılacaq. çoxsaylı elmi məqalə və əsərlər yazılacaqdır".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR