Onlayn ictimai-siyasi qəzet
Həbsdə olan tanınmış bəstəkar Tural Bayraməliyev Yenisabah.az-a açıqlama verib. O, həbsi ilə bağlı məhkəmə prosesinin gedişi ilə əlaqədar bildirib ki, Avropa İnsan Haqları Məhkəməsi qərar öncəsi hökumətə son tövsüfünü edib:
“Bundan əvvəl, 7 iyul 2024-cü ildə barışıq təklifi, daha sonra 10 avqust 2024-cü ilə qədər öz aranızda razılığa gəlmək cəhdləri də boşa çıxdı.
İndi isə Avropa məhkəməsinin haqqımda 19 fevral 2025-ci ilə qədər icra olunması tövsiyəsinə də məhəl qoyulmadı. Yüksək məhkəmənin tövsüfü konvensiyanın 41-ci maddəsini rəhbər tutaraq, mənə dəymiş maddi və mənəvi zərərin kompensasiya edilməsi idi.
Əfsuslar olsun ki, buna da heç bir reaksiya verilmədi.
Bildirmək istəyirəm ki, bir qrup vəzifəli şəxslərin maraqlarını dövlət maraqlarından üstün tuturlar. Bürökratik əngəllərlə daxili hüquq pozuntularını bərpa edə bilmədiyimiz halda, beynəlxalq hüquqdan danışırıq.
Bundan sonrakı mərhələdə Avropa məhkəməsinin yekun qərarı konvensiyanın 5, 5.1, 5.4, 6, 6.1, 7, 7.1, 13 və 14-cü maddələri üzrə çıxaracağı hökmün nəticələrinə də qatlanarıq. Nəzərinizə çatdırım ki, 7 ildir haqsızlığa, qanunsuz hökmə, ədalətsiz mühakiməyə, cəfəng ittihamlara, qondarma şər-böhtan xarakterli iddialara məruz qalsam da, yenə də dözürəm”.
Xatırladaq ki, Tural Bayraməliyev 14 mart 2018-ci il tarixində Türkiyə respublikasının İstanbul şəhərində İnterpol polisləri tərəfindən saxlanılaraq, Azərbaycana ekstradisiya edilib. Bəstəkar daha ətraflı məlumatın ictimaiyyətə veriləcəyini və məhkəmə çəkişməsinin beynəlxalq sferada davam etdiyini bildirib.
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ