Onlayn ictimai-siyasi qəzet
Çingiz Qənizadə: “Bunu nəzərə alaraq məhkəmənin Azərbaycanın Ermənistanla bağlı iddiasına ədalətli qərar verəcəyinə ümid edirəm”
Azərbaycan Haaqa Daimi Arbitraj Məhkəməsinə Ermənistanla bağlı 2 dövlətlərarası arbitraj iddiası təqdim edib.
Bu barədə beynəlxalq arbitraj məsələləri üzrə erməni ekspert Sarqis Qriqoryan məlumat verib. O qeyd edib ki, artıq məhkəmələr təyin edilib və sədrləri məlumdur. Təsdiqlənmiş qrafikə əsasən, 2027-ci ilin əvvəlində işlər yekunlaşmalıdır. Sarqis Qriqoryanın sözlərinə görə, iddiaların məxfiliyi hələ də açılmayıb. Ermənistan bu barədə heç bir açıqlama verməyib.
Qeyd edək ki, Azərbaycan iddiasında Qarabağda ətraf mühitin və biomüxtəlifliyin məhvinə görə Ermənistanın məsuliyyət daşıdığını bildirib. Qriqoryanın sözlərinə görə, 2023-cü ilin yanvarında təqdim edilən ilk iddia Vəhşi təbiətin və təbii mühitin mühafizəsi haqqında Bern Konvensiyası çərçivəsindədir. Azərbaycan BMT-nin 2022-ci il hesabatını da sübut kimi göstərib ki, Ermənistan meşələri qırıb.
Azərbaycanın Haaqa Daimi Arbitraj Məhkəməsindən tələbləri ilə bağlı “Sherg.az"a açıqlama verən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib ki, Ermənistanda tərəfindən Azərbaycan ərazilərində törədilən ekoloji terror faktları danılmazdır. Onun sözlərinə görə, Ermənistan tərəfindən ərazilərimizin 30 illik qeyri-qanuni işğalı zamanı törədilməsinə və ətraf mühitin geniş şəkildə dağıdılmasına dair mövcud olan külli miqdarda dəlillər əsasında 2023-cü il yanvarın 18-də Azərbaycan tərəfindən sözügedən ilk arbitraj prosesi başladılıb:
“2020-ci ildə Azərbaycan öz ərazilərinin azad olunmasından sonra Ermənistanın ətraf mühiti məhv etməsi və onu qorumaması ilə bağlı dəhşətli dəlilləri üzə çıxarıb.
Ermənistanın bu addımları ərazilərimizin təbii yaşayış mühiti və növlərinə ciddi ziyan vurub, təbii ehtiyatların tükənməsinə səbəb olub, habelə mövcud biomüxtəlifliyi məhv edib, yüzlərlə canlı təbiət növünü risk altında qoyub.
Ermənistan öz ərazisindən Azərbaycan ərazisinə axan transsərhəd çayları çirkləndirməklə ərazilərimizdə biomüxtəlifliyə və canlı təbiətə zərər vurmaqda davam edir.
Azərbaycanın Ermənistana qarşı hüquqi fəaliyyəti bütün növ vəhşi flora və faunanın populyasiyalarını saxlamaqla bağlı qanuni öhdəliklər kimi sahələrdə vəhşi flora və faunanın mühafizəsi, bərpası və yaşayış mühitinin yaxşılaşdırılmasını təmin etmək, habelə Konvensiyada sadalanan, o cümlədən köç edən növlərin qorunması üçün tədbirlər görmək kimi konkret iddiaları özündə ehtiva edir.
Sözügedən arbitraj ətraf mühitlə bağlı məhkəmə çəkişmələrinin aparılmasında əlamətdar addım kimi mühüm presedent yaratmaqla yanaşı, biomüxtəlifliklə bağlı dövlətlərin üzərinə qoyulan beynəlxalq hüquqi öhdəliklərin həqiqətən effektivliyini təmin edəcək. Bu, öz növbəsində, ədaləti təmin etmək üçün ciddi səydir.
Azərbaycanın beynəlxalq arbitraj məhkəməsində qaldırdığı məsələlərin tamamilə əsaslı olduğunu vurğulayan Ç.Qənizadə deyib ki, bu iddiaların hazırlanması zamanı kifayət qədər dəlil və sübutlar iddia sənədinə əlavə edilib: “Haaqa Məhkəməsinin siyasi sifarişlərdən uzaq olduğunu nəzərə alaraq məhkəmənin Azərbaycanın Ermənistanla bağlı dövlətlərarası arbitraj iddiasına ədalətli qərar verəcəyinə ümid edirəm”.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ