İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda “ikinci cəbhə” açılır? - Rusiya və Ukraynaya ittihamlar

Elşən Mustafayev: “Rusiyanın əlində Gürcüstanı təhdid və şantaj edəcək etnik konflikt kartı artıq yoxdur”

Gürcüstan DTX-sı Rusiyaya keçirilməsi planlaşdırılan 14 kiloqram partlayıcı vasitənin ələ keçirildiyini bəyan edib. Məlumata görə, yanvarın 19-da Odessadan yola çıxmış yük Rumıniya, Bolqarıstan və Türkiyədən keçərək Gürcüstana daxil olub. 

C-4 tipli partlayıcı vasitənin Rusiyanın Voronej şəhərinə çatdırılmalı olduğu bildirilib. Gürcüstan DTX-sı prosesdə iştirak edən 7 Gürcüstan, 3 Ukrayna və 2 Ermənistan vətəndaşının müəyyən edildiyini bəyan edib.

Prosesin təşkilatçısının isə əslən Batumidən olan, 2020-ci ildə Ukraynanın hakim “Xalqın Xidmətçisi” partiyasının Odessa Radasının Kiyev üzrə deputatlığa namizədi, Ukrayna vətəndaşı Andrey Şaraşenidze olduğu bildirilib.

Ukraynanın Gürcüstandakı səfirliyi Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatına münasibət bildirib. Səfirlik Gürcüstan tərəfinin məsələni siyasiləşdirməyəcəyinə ümid etdiyini bəyan edib.

Qeyd olunub ki, diplomatik nümayəndəlik Gürcüstan DTX-nın Ukrayna vətəndaşlarının Gürcüstan ərazisi ilə Rusiyaya partlayıcı vasitələr aparmağa çalışmasına dair məlumatları yoxlayır. Səfirlik həmçinin obyektiv və tərəfsiz araşdırmanın təmin edilməsi məqsədilə Gürcüstanın aidiyyəti orqanları ilə əməkdaşlığa hazırlığını ifadə edib. Ancaq məsələ artıq siyasiləşib və ciddi xarakter alıb. 

“Ukrayna vətəndaşlarının Rusiyaya Gürcüstan ərazisi ilə partlayıcı keçirməyə çalışması rəsmi Kiyevin Gürcüstanda ikinci cəbhə açmaq istədiyinin sübutudur”.

Bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının baş nazir namizədi İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O söyləyib ki, Ukrayna bu yolla Gürcüstanın dövlət maraqlarını təhdid edib: “Kənardan kiminsə Gürcüstanı Rusiya təcavüzünün hədəfinə çevirməyə çalışması çox ciddi və çox narahatlıq doğuran bir məsələdir. Bu bir daha Ukrayna hökumətinin yüksək rütbəli rəsmilərinin bizim ölkəmizdə ikinci cəbhə açılmasını istədiklərini sübut edir. DTX-nın aşkarladığı bu faktlar bunun daha bir təsdiqidir. Əgər Ukraynanın Gürcüstanda səfiri olsaydı, onlar ehtimal ki, belə bəyanat verməzdilər”.

Gürcüstan prezidenti Salome Zurabişvili isə ölkə parlamentində prezident kimi sonuncu illik hesabatını təqdim edərkən Rusiyanı ittiham edən bəyanat verib: “Rusiyanın işğal altındakı Abxaziyanın Oçamçir limanını hərbi bazaya çevirmək planı Qara dənizdəki qarşıdurmanı bizim ərazi sularımıza çəkməyə xidmət edir. Oçamçirin Rusiya hərbi dəniz donanmasının bazasına çevrilməsi Qara dənizin strateji perspektivinə təhdid yaradır”.

Zurabişvili deyib ki, Rusiya Ukraynadakı uğursuzluğuna baxmayaraq Gürcüstana qarşı hibrid müharibə başladıb. O, bu hibrid müharibənin strategiyasının uçuşların bərpası, Rusiya kruiz gəmisinin Batumiyə gəlməsi, Tiflisdəki Müqəddəs Üçlük Katedralına Stalinin təsvir edildiyi ikonanın yerləşdirilməsi kimi müxtəlif təxribatlara əsaslandığını deyib.

Gürcüstanda ikinci cəbhə açmaq niyyəti xeyli müddətdir var, buna dəfələrlə cəhd edilib, ancaq indiyədək qarşısı alınıb. Görünən budur ki, hazırda Gürcüstan-Rusiya-Ukrayna konflikt-üçbucağı yaranıb. Gürcüstanda ara qarışa, Rusiya bura hansısa bəhanə ilə müdaxilə edə bilərmi?

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini – Azərbaycan Milli İstiqlal Partiyası

 Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Gürcüstanın Avropa İttifaqına üzvlüyünü yaxın gələcəkdə real saymır. Onun sözlərinə görə, qonşu ölkədə hakimiyyət dəyişikliyi olsa belə, bu, ittifaqa üzvlüyə yol açmayacaq: “Gürcüstan-Qərb, Gürcüstan-Rusiya münasibətləri 2012-ci ildə İvanaşvilinin rəhbərliyi altında "Gürcü Arzusu" partiyası hakimiyyətə gələndən sonra nəzərəçarpacaq səviyyədə dəyişməyə başlamışdı. Yeni hakimiyyət maksimum şəkildə Qərb və Rusiya arasında balans saxlamağa çalışırdı. Bununla belə, Avropa İttifaqına inteqrasiya ilə bağlı işlər də dayanmırdı. Çünki Gürcüstan əhalisinin böyük əksəriyyəti Avropa İttifaqına üzv olmağa müsbət yanaşır. Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığına görə isə Rusiyaya qarşı neqativ münasibət var idi. Bu münasibət bu gün də var. Yəni Avropa İttifaqının dəstəklədiyi Saakaşvili hakimiyyətindən sonra “Gürcü Arzusu”na isti yanaşmasa da, əhalinin Avropaya meyilli olması səbəbi ilə Gürcüstan hakimiyyəti ilə işləyirdi. Bu proses Rusiya-Ukrayna müharibəsinin başlanmasına qədər davam etdi. Sonradan isə Gürcüstan hakimiyyəti ilə Qərb arasında Rusiya ilə münasibətlər səbəbindən zaman-zaman gərginliklər yaranmağa başladı. Qərbin ölkədə çevriliş etmək istədiyi ilə bağlı rəsmi bəyanatlar səsləndirildi, Qərb isə rəsmi Tiflisin insan haqlarını pozduğu, demokratik dəyərlərə ziyan vurduğu ilə bağlı açıqlamalar verirdi. Saakaşvilinin Gürcüstana gəlməsi və həbs olunması, dünya liderlərinin çağırışlarına baxmayaraq hələ də azad olunmaması qarşıdurmanın olduğundan xəbər verirdi. Yəni son günlər baş verən hadisələr, xüsusilə Gürcüstan ərazisindən Rusiyaya partlayıcıların keçirilməsi cəhdi əslində gözlənilən hadisələrdən biri idi. Bu kimi aksiyaların öncədən olmadığı da məlum deyil. Söhbət hazırda ölkədə ciddi siyasi qarşıdurmanın qığılcımlarının yaranmasından gedir. Rusiya bu məsələ ilə bağlı Gürcüstan hakimiyyətini nələrdəsə ittiham etməyəcək. Çünki bilir ki, belə işlər hazırkı hakimiyyətin istəyi olmadan həyata keçirilir. Amma hadisələrin təkrar olunmaması ilə çox güman ki, xəbərdarlığını edib. Lakin istənilən halda hazırda Gürcüstanda bütünlükdə siyasi situasiyaya “Gürcü Arzusu” tam nəzarət etmək iqtidarında deyil. Son vaxtlar hakim partiyanın ölkədə bir sıra siyasi islahatlar həyata keçirməsi də məhz hazırda mövcud olan kövrək vəziyyəti dəyişməyə hesablanıb. İndiyədək kənardan hökuməti idarə edən Bdzina İvanaşvili artıq rəsmi olaraq partiyanın fəxri lideri postuna gətirildi və ona partiyanın seçkilərdə namizədlərini, hökumət üzvlərini müəyyənləşdirəcək rəsmi səlahiyyət verildi. Eyni zamanda ölkədə baş verən digər dəyişiklik bundan sonra ölkə prezidentinin ümumxalq səsverməsi deyil, parlament tərəfindən seçiləcəyidir. Hazırkı prezident Salome Zurabişvilinin prezident olaraq böyük səlahiyyətləri olmasa da, xalq tərəfindən seçilməsi onu yüksək statusda göstərir. Açıq şəkildə anti-Rusiya mövqeyində duran, Avropa İttifaqının dəstəkçisi olan Salome Zurabişvili indiyədək dəfələrlə hökumət əleyhinə bəyanatlarla çıxış edib. Hətta hökumətin Avropa İttifaqı üzvlüyü ilə bağlı fəaliyyətsizliyinə etiraz etmək üçün xalqı ümumxalq mitinqinə çağırmışdı. Belə bir vəziyyətdə hazırkı hökumət hakimiyyətlərini qorumaq üçün bütün variantlardan istifadə etməyə çalışır. O zaman sual ortaya çıxa bilər ki, Avropa İttifaqı nədən Gürcüstanı namizəd olaraq qəbul etdi? Buna səbəb Qərbin əhalinin böyük kəsiminin bunu arzuladığını bilməsidir. Həmçinin Qərb ölkədə növbəti seçkilərdə hakimiyyət dəyişikliyinin olacağına ümid edir. Qərbin mövqeyini birmənalı müdafiə edən hakimiyyət formalaşmayana qədər hər hansı Avropa İttifaqı üzvlüyündən söhbət gedə bilməz. Açığı, mən hətta hakimiyyət dəyişikliyi olduğu halda da Gürcüstanın hələ uzun illər namizəd qalacağını düşünürəm. Hətta gedişatdan asılı olaraq bu namizədlik ləğv də oluna bilər. O səbəbdən düşünürəm ki, “Gürcü Arzusu” çox çalışacaq ki, növbəti seçkilərdə üstünlüyünü qorusun və əvvəlki siyasətini bəzi korrektlərlə davam etdirsin. Hakimiyyət dəyişəcəyi halda isə Rusiya nələrisə etməyi planlaşdıracaq. Buna nə şəkildə nail olacaq deyə bilmərəm. Amma o məlumdur ki, Rusiyanın əlində Gürcüstanı təhdid və şantaj edəcək etnik konflikt kartı artıq yoxdur. Yuxarıda dediyim kimi, separatçı rejimləri tanımaqla bu məsələni özü də istəmədən bir müddətlik dondurub. Başqa hansı yollarla təzyiq edəcəyini isə zaman göstərəcək".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR