İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan indi də LGBT qadağasına görə hədəfdə

Cozef Borrel: “Avropa İttifaqına gedən yol Gürcüstan xalqı üçün açıqdır, lakin hökumət öz gördüyü işləri davam etdirsə...”

“Hakimiyyəti öz siyasətini davam etdirsə, Avropa İttifaqı Gürcüstana qapını bağlayacaq”.

AYNA xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Cozef Borrel rəsmi Tiflisin xarici agentlər haqqında qanun və LGBT təbliğatının qadağan edilməsi ilə bağlı hərəkətləri, qərarları barədə danışarkən deyib.

“Aİ-yə gedən yol Gürcüstan xalqı üçün açıqdır, lakin hökumət öz gördüyü işləri davam etdirsə, bu yol bağlanacaq... Bu gün Aİ ölkələri konkret qərarlar qəbul etmir, söhbət vəziyyətin müzakirəsindən və mümkün tədbirlərdən gedir...” - Borrel vurğulayıb.

Aİ rəsmisinə görə, tədbirlərdən biri Avropa Sülh Fondunun maliyyə dəstəyinin azaldılması ola bilər. Eyni zamanda Borrel əlavə edib ki, bu cür tədbirlər “əhaliyə təsir etməməlidir”.

Bundan əvvəl mətbuatda Aİ-nin Gürcüstanın xarici agentlər haqqında qəbul edilmiş qanununa cavab olaraq bir sıra tədbirləri, o cümlədən yüksək səviyyəli ikitərəfli səfərləri dayandırmaq imkanını nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı. Sensasiyalı qanunun qəbulu ilə yanaşı, Gürcüstan ictimai LGBT təbliğat tədbirlərini də qadağan etməyi planlaşdırır və cinsiyyətin dəyişdirilməsi əməliyyatlarının kriminallaşdırılması təklif edilir. Gürcüstanlıların viza rejimi ləğv olunsa, ölkədə sosial gərginlik arta bilərmi və sairə suallarla ekspertlərə müraciət etdik.

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bu mövzuda Gürcüstan hökumətinin siyasətini doğru sayır:

n00989383-b.png (486 KB)

“Bundan əvvəl də Gürcüstanda gey-parad keçirilməsi cəhdi olmuşdu. Bunun qarşısı mühafizəkar aktivistlər, keşişlər tərəfindən alınmışdı. Tiflisdəki meydanda toqquşma da olmuşdu. Gürcü hakimiyyəti prioritet məsələ kimi həmişə Avropa Birliyinə inteqrasiyası olduğunu bildirib. İndi də bu haqda söyləyirlər ki, mövqeləri dəyişməyib. Sadəcə, "Gürcü Arzusu" iqtidarı xalqlarının öz milli identikliyinin qorunmasının vacibliyinə vurğu edirlər. Fikrimcə, düz də edirlər. İstər “xarici agent”, istərsə də LGBT haqqında qanun olsun, bu, Qərbin Gürcüstan kimi ölkələrə öz diktəsini qəbul etdirmək anlamına gəlir. Təbii ki, özünə hörmət edən ölkə bu cür basqıları qəbul etməz. İvanaşvili hakimiyyəti də istəyir ki, ölkələrinə Qərbdə hörmətlə yanaşsınlar. Qərbi idarə edən qlobal-liberal güclər istəyirlər ki, dünya onların istədiyi kimi olsun. Milli dövlətlər sərhədləri olmasın, mühafizəkar düşüncəyə son qoyulsun. Üçüncü dünya ölkələrini isə ümumiyyətlə, bunlar adam yerinə qoymurlar. İstəyirlər ki, Afrika, Asiya, Mərkəzi, Cənubi Amerika ölkələri bunların dedikləri ilə oturub dursunlar. Qlobal-liberal düşüncəyə malik olan müasir Qərb imperializmi bütün milli-mühafizəkar dövlətlərə ən böyük təhlükədir. Sərhədsiz zövq həyat tərzi ilə əsirlərə söykənən ənənələr arasında dünyada ölüm-dirim savaşı gedir".

AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun fikrincə, Avropa dəyərləri və ənənələri doğma kimi Avropa məkanına inteqrasiya etmək xətti götürən dövlətlərə qəbul etdirilməməlidir:

c7975455734775347d7b788f5756e2e4.jpg (35 KB)

“Hər bir dövlətin və coğrafiyanın, millətin özünün spesifik xüsusiyyətləri, min illər boyu formalaşmış ənənələri və dəyərləri var. Və bunlar da Avropa dəyərləri ilə uzlaşmaya bilər. Belə hal inteqrasiyaya mane olmamalıdır. Bir sıra ümumi prinsiplər və dəyərlərə hörmət edilməlidir. Ancaq tutaq ki, Qərb üçün keçərli olan bəzi yanaşmalar inteqrasiyaya can atan digər dövlətlər üçün, xüsusən də mühafizəkarlığını, milli adət-ənənələrini qoruyub saxlayan Cənubi Qafqaz ölkələri üçün məqbul olmaya bilər. Gürcüstan Avropaya inteqrasiyanı xarici siyasətinin prioriteti hesab edib. Avropa İttifaqı da Tiflisin İttifaqa üzvlüklə bağlı təşəbbüslərini dəstəkləyib və buna "yaşıl işıq" yandırıb. Ancaq Gürcüstan parlamentinin xarici agentlər haqqında qəbul etdiyi qanun İttifaqla Gürcüstan hakimiyyəti arasında münasibətlərə xələl gətirdi. Bu qanunun qəbulu qonşu ölkədə böyük kütləvi etiraz aksiyaları ilə müşayiət olundu və prezident qanunu imzalamaqdan imtina etdi. Əvvəla, hər bir dövlətin daxili idarəetməni və qanunlar qəbul etmək və hüquqi normalar yaratmaq öz suveren haqqıdır. Xarici agentlər haqqında qəbul edilmiş qanun əgər gürcü xalqının xoşuna gəlməyəcəksə, maraqlarına toxunacaqsa, o zaman həmin qanunun ömrü çox qısa olacaq və yenə də gürcü xalqının iradəsi ilə ləğv olunacaq. Buna Avropa İttifaqı basqısı əslində dövlətlərin daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Gürcüstanda LGBT təbliğatının qadağan edilməsinin planlaşdırmasına Avropa İttifaqının sərt təpkisi də qətiyyən anlaşılan deyil. Gürcü ictimaiyyəti bunu belə istəyirsə, buna Aİ-nin qarşı çıxması onu göstərir ki, tərəfdaş ölkələrə bərabərhüquqlu müstəvidə deyil, yuxarıdan aşağı baxır. Gürcü xalqının yox, öz iradəsini diktə etməyə çalışır. Avropadan fərqli olaraq mühafizəkar ənənələri olan Gürcüstanda cinsini dəyişdirənlərə qarşı münasibət qıcıqlandırıcıdır. Cinsi azlıqlarla bağlı bütünlükdə Cənubi Qafqazda Qərblə müqayisədə kəskin şəkildə baxışlar fərqlənir və belə hallar cəmiyyətdə hətta nifrət hissləri yaradır. Bu coğrafiyada kişi məfhumu təkcə cinsi anlam kəsb etmir, həm də ən yüksək əxlaqi dəyərləri və keyfiyyətləri simvolizə edir. Belə olan halda, Aİ-nin baş diplomatı Cozef Borrelin hökumət gördüyü işi davam etdirərsə, Gürcüstanın Aİ-yə yolu bağlanan kimi hədələyici ritorikasını qətiyyən qəbuledilməz sayıram. Məncə, Tiflisin özünü Aİ məcbur edir ki, getdiyi yoldan qayıtsın. İttifaqın diktə xarakterli xarici siyasi kürsü qurumun cəlbediliciyinə ciddi şəkildə ziyan vurmaqla yanaşı, inteqrasiya tərəfdarı olan dövlətləri də nəinki tərəddüddə buraxır, hətta Qərb cəmiyyətinə zərərli bir cəmiyyət kimi fikir formalaşdırır. Bundan çəkinilməlidir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR