Onlayn ictimai-siyasi qəzet
Qonşu Gürcüstanın artıq yeni prezidenti var – Mixail Kavelaşvili, hansının ki, inauqurasiya mərasimi ötən həftənin sonunda, istirahət günü parlamentdə, xarici qonaqların iştirakı olmadan keçirildi. Bəli, günortaya yaxın deyildi ki, yeni prezident andını içib.
Amma siyasi müşahidəçilərin çoxu bu tarixi aşkar təşvişlə gözləyirdi: görəsən, Gürcüstanda hansısa fors-major proses baş verməyəcək ki? Axı ölkədə siyasi vəziyyət olduqca gərgin olaraq qalır.
Təşviş də təkcə onunla bağlı deyildi ki, Gürcüstan da bəzi gümanlara görə yeni geosiyasi müstəviyə istiqamət götürür, daha çox buna görə idi ki, heç kim, xüsusən də qonşu ölkələrin siyasi müşahidəçiləri bu kiçik ölkədə proseslərin vətəndaş müharibəsinə qədər gəlib çatmasını istəmir.
Əvvəlki prezident və qərbçi müxalifətin hazırki lideri Salome Zurabişvili nəinki son prezident seçkilərinin nəticələrilə razılaşmır, hətta yeni parlament seçkilərinin keçirilməsini tələb edir, üstəlik, müxalif deputatlar yeni parlamentin işinə qatılmırlar.
Həm də Tiflisin keçmiş Qərb partnyorlarının da təzyiqi azalmır, Qərb ölkələri biri-birinin ardınca Gürcüstana və onun hakimiyyətinin əleyhinə ən müxtəlif sanksiyalar qəbul edir.
Hakim partiya isə hələ də belə hesab edir ki, yeni ABŞ prezidenti Donald Tramp öz vəzifələrinin icrasına başlayandan sonra vəziyyət kardinal şəkildə dəyişəcəkdir. Belə olacaqmı?
Hələ ki demək çətindir. Bircə onu deyə bilərik ki, hazırda Gürcüstandan Donald Trampın inauqurasiya mərasiminə yalnız Zurabişvili dəvət alıb, özü də bu ölkədə “yeganə legitim hakimiyyət nümayəndəsi” kimi!
Bizə elə gəlir ki, bu, qonşu Gürcüstanda gələcəkdəki siyasi qarşıdurmaların bir növ anonsudur, yəni Qərb də asanlıqla təslim olmaq niyyətində deyil, görək, bir nə olur. Bir az qabağa qaçaraq bildirək ki, artıq istirahət günü günorta belə xəbər yayıldı ki, keçmiş prezident Salome Zurabişvili də prezident sarayını tərk edib! Fikirləşirik ki, bu daha müdrik addımdır, çünki süni qarşıdurmaya getməyin mənası yoxdur, xüsusən də qüvvələr qeyri-bərabər olanda, həm də vacib deyil ki, mütləq hakimiyyəti dəyişəsən, ən əsas məsələ ölkədə hamının qəbul etdiyi, hamıya sərf edən siyasi qərarların qəbul olunmasıdır...
İnsanlar adətən müqayisələri sevir. Odur ki, biz də bəzi detalları bir daha xatırladaq.
Yeni prezident Mixail Kavelaşvili hələ daha çox talantlı bir futbolçu kimi tanınır, üstəlik, ali təhsili də yoxdur – sonuncu ona qarşı iradların demək olar, həlledici olmasa da, əsas predmetinə çevrilib, amma ədalət naminə demək lazımdır ki, bu adam istəsəydi özü üçün “diplom” məsələsini də həll edərdi, necə ki, bəzi post-sovet ölkələrinin adamları “diplom məsələsi”ni bir çox hallarda elə gənc Gürcüstanda həll edirlər...
Burada lap əvvəlcə kiçik bir qeyd edim ki, gürcü futbolu vaxtilə bizim hamımıza çox xoş anlar yaşadıbdır, güman ki, sovet dövrünün insanları hələ də onda “Kuboklar kuboku”nu qazanmış Tiflis “Dinamo”sunu və onun Kipiani, Şengeliya və s. kimi oyunçularını gözəl xatırlayırlar...
Zarafat kimi bir detalı da vurğulamaq istərdim. Sovetin vaxtında idman şərhçisi Kote Maxaradze deyirdi ki, bəs, gürcü futbolunun flaqmanı David Kipiani o qədər intellektual adamdır ki, hətta Uilyam Şekspiri də originaldan oxuyur! Sonradan mən öyrəndim ki, hətta ingilis filoloq-professorları belə Şekspiri orijinaldan oxuya bilmirlər – söhbət əlbəttə, Şekspirin müasir ingilis dilinə adaptasiya olunmamış mətnlərindən gedir! Nə etmək olar? Gürcü qardaşlarımız həmişə bir az lovğalanmağı, hətta goplamağı seviblər.
Bu, özünü gürcü siyasətində də göstərir: demək olar, hamı bir vaxt xorla deyirdi ki, Rusiya Gürcüstanın keçmişi, Qərbsə onun gələcəyidir, amma indi, deyəsən, keçmişlə gələcəyin yerini dəyişmək lazım gələcək...
Deyək ki, Bidzina İvanişvilinin və komandasının da ən əsas arqumenti budur ki, guya populyar futbolçu Kavelaşvili həm də populyar prezident ola biləcək. Nə demək olar? Gözləyək!
Öz tərəfimizdən də qeyd edək ki, məsələ tək ali təhsildə də deyil və kaş, yeni prezidentin əsas problemi elə bu olaydı.
Birincisi, siyasətçilər, adətən, özlərinin yüksək intellektual keyfiyyətlərilə seçilmirlər, onların, hətta bəzi dahi siyasətçilərin arasında belə yetərincə təhsili olmayan adamlar heç də az olmayıblar.
Həm də oxşar hallara çox tez-tez olmasa da, bəzən elmi-akademik sferada da təsadüf olunurdu – nəinki uzaq keçmişdə (məsələn, böyük ingilis fiziki Maykl Faradey heç bir universitet-filan bitirməmişdi, elmə yolunu da laboratoriyada qab yumaqdan başlamışdı), hətta sovetin dövründə də elə talantlı, hətta dahi alimlər vardı ki, onların heç bir ali təhsili yox idi, bu adamlar hər şeyi özləri müstəqil şəkildə öyrənmişdilər.
Bunlardan biri, məsələn, tələbəlik vaxtı bizim hamımızın sevimli müəllimlərimizdən biri olmuş akademik Y.B.Zeldoviç idi. Bu adamın heç bir ali təhsili yox idi, amma 1987-ci ildə həm fizika, həm də kimya üzrə Nobel mükafatına təqdim olunmuşdu!
Burada yadıma düşür ki, elə Nobel mükafatı laureatı şair İosif Brodskinin də ali təhsili olmayıb.
Onun haqqında neçə illər bundan əvvəl bir bioqrafik oçerk tərcümə edərkən diqqətimi bir detal cəlb etmişdi: heç bir ali təhsili olmayan İ.Brodskiyə ABŞ universitetlərinin birində dərs verirlər və o, elə bir proqram tərtib edir ki, ona hətta professorlar da həsəd aparardı...
Daha bir misal çəkmək istəyirəm, özü də yaxın kommunist keçmişimizdən. Post-kommunist Polşasının ilk prezidenti Lex Valensa adi elektrik idi. Amma bu adam Polşada kommunizmin belini qıra bildi, özü də təkcə siyasi planda yox, həm də iqtisadi baxımdan! Bəli, Valensa, sadə bir elektrik, ətrafına Tadeuş Mozavetski, Leşek Baltseroviç və s. kimi iqtisadçı intellektuaları toplaya bildi və ölkədə ilk liberal iqtisadi islahatlar apardı ki, bu da iqtisadi ədəbiyyata “şok terapiyası” adı ilə daxil oldu...
İkincisi, Kavelaşvili böyük siyasətdə yeni adam deyil, artıq bir neçə dəfə Gürcüstan parlamentinin üzvü olubdur.
Üçüncüsü, Gürcüstanda prezident simvolik fiqurdur, baxmayaraq ki, həm də ali baş komandan hesab olunur! Amma ölkənin real idarəçiliyilə, onun daxili və xarici siyasətinin formalaşması ilə daha çox hökumət məşğul olur.
Bəs onda keçmiş futbolçu M.Kavelaşvilinin Gürcüstan prezidenti seçilməsi niyə müxalif dairələrdə bu qədər etiraz doğurdu? Düşünürük, problem bundadır ki, o, daha çox bir səbəbdən (ən azı, ölkənin müxalif dairələri belə hesab edir!) prezident oldu: böyük əksəriyyət belə hesab edir ki, o, kardinal B.İvanişviliyə çox sadiq adam olacaq və onun üçün, onun “siyasətçi uşaqları” üçün problem yaratmayacaq...
Bir sözlə, Gürcüstanda builki seçki prosesi də formal olaraq başa çatdı. Amma bu prosesin, üstəlik, dramatik bir prosesin nöqtəsini qoymaq olarmı? Təəssüf, hələ bunu heç kim bilmir və düşünürük ki, yalnız bir-iki həftədən sonra ilk dəqiq proqnozları vermək mümkün olacaq, hələliksə siyasi müşahidəçilər ən müxtəlif ssenarilər arasında seçim edə bilmirlər.
Tərəfimizdən bir daha risk edərək deyək ki, bəli, gürcü müxalifəti nisbətən güclüdür, amma o qədər yox ki, mövcud siyasi konfiqurasiyanı dəyişə bilsin.
Böyük ehtimalla, hakim “Gürcü arzusu” hələ bir müddət hakimiyyəti saxlaya biləcək, ən azı yaxın dövrlərdə qonşu Gürcüstanda heç bir “rəngli inqilab”, “qızılgül inqilabı” – filan olmayacaq, baxmayaraq ki, Qərb ölkələrinin təzyiqi davam edir və hətta günbəgün artır. Amma yenə də bundan tələsik ekstropolyasiyalar etmək lazım deyil.
Hətta Avropanın özündə elə adamlar var ki, Gürcüstanda parlament seçkilərinin total saxtalaşdırılması haqqındakı bəyanatları ciddi qəbul etmirlər və onların bəzisi açıq deyir ki, gürcü hakimiyyətini seçkiləri udduqlarına görə cəzalandırası deyilik ki!
Üstəlik, parlament seçkiləri ərəfəsində bütün sosioloji sorğularda (o cümlədən, xarici sorğu xidmətlərinin!) və hətta ekspertlərin qiymətləndirmələrində hakim “Gürcü arzusu” koalisiyasının reytinqi daha yüksək olurdu...
Gürcü siyasətinin “yaxın üfüqləri” necə görünür? Hakim partiya Avropa kursundan tam imtina edə bilməz, çünki məsələ ölkə konstitusiyasında əksini tapıb və bununçün konstitusiyanı dəyişmək lazımdır.
Üstəlik, bəzi Qərbi Avropa siyasətçiləri də Gürcüstan hakimiyyətilə dialoqun davam etməsində israrlıdır. Həm də bir sıra təhlilçilər diqqəti belə detala yönəldirlər ki, hakimiyyətdə olduğu dövrdə “Gürcü arzusu” Rusiya istiqamətində real olaraq heç bir addım atmayıbdı.
Amma düşünürük, uzun müddət belə qalmayacaq, Avropadan imtina edən “Gürcü arzusu” durub Rusiya ilə də yaxınlaşmasa, onların işləri fəna olacaq, çünki gürcülər onlara növbəti dəfə ona görə kart-blanş verdi ki, insanların çoxu artıq B.İvanişvilinin sovet dövründəki bütün zavod və fabriklərin açılacağı haqdakı vədlərinə inanmasa da belə hesab edirlər ki, Tiflis də Rusiyayla yaxınlaşmaqla, daha doğrusu, Qərb institutlarından imtina etməklə Bakı kimi ərazi bütövlüyünü bərpa edə bilər...
Belədəsə, baş nazir İrakliy Kobaxidze lap bu yaxınlarda, Avropa institutlarının təmsilçilərilə görüşdən sonra bəyan etdi ki, onlar “Xarici agentlər haqda”kı qanuna yenidən qayıda bilərlər...
Burada da bir daha deyək ki, ortada Molodvanın da strategiyası var, hansı ki, NATO ilə distansiya saxlasa da Avropa İttifaqı ilə sıx əlaqələr qurur. Guya ruslar da deyir ki, onlar NATO ilə Avropa İttifaqı arasında bərabərlik işarəsi qoymurlar!
Əlbəttə, sual yaranır ki, bəs rusların bu tipli vədlərinə, bəyanatlarına inanmaq olarmı? Axı hazırda Rusiya ilə Moldova arasındakı münasibətlər, xüsusən də M.Sandu təkrar prezident seçiləndən sonra çox gərgindir! Hamı düşünür ki, görəsən, Moskvanın növbəti hədəf Kişinyov olmayacaq ki?..
Bir sözlə, Gürcüstan yeni ili yeni, futbolçu prezidentlə qarşılamaq əzmindədir. Amma çox istərdik ki, bu balaca ölkə Dünyanın geosiyasət meydanında “futbol topu”na çevrilməsin...
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ