Onlayn ictimai-siyasi qəzet
İranda Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində keçirilməsi nəzərdə tutulan bayram şənliyi mərasiminə icazə verilməyib.
Bildirilib ki, mərasimdə tonqal qalanması, incəsənət və musiqi qruplarının ifası və sənətçilərin çıxışları nəzərdə tutulubmuş. Azərbaycanlıların təşkil etdiyi bayram mərasiminə icazə verilmədiyi halda bölgədə yaşayan kürdlərin analoji mərasimləri (İlaxır çərşənbədə) keçirməsi barədəki müraciətləri müsbət cavablandırılıb.
Bu ikili yanaşmanın və etnik diskriminasiyanın səbəbi nədir? Fars rejimi nə üçün soydaşlarımıza adicə milli bayramlarını qeyd etməyə imkan vermir?
Sayman Aruz
Mövzu ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz “Yeni Müsavat”a danışaraq deyib ki, yerli əhalinin - yəni türk xalqının nümayəndələrinin cəhdlərinə baxmayaraq, mərkəzi hakimiyyət fərqli mövqe sərgiləyib: “Burada birbaşa SEPAH-ı və ona bağlı olan qruplaşmaları nəzərdə tuturam. Onların "səyləri" nəticəsində kənardan Azərbaycana yeridilmiş terrorçu qüvvələr guya Novruz bayramı şənliyi keçirmək adı ilə bu torpaqlarda öz mövcudluqlarını legitimləşdirməyə çalışıblar.
Bu addım əslində Qərbi Azərbaycanda etnik münaqişənin daha da qızışdırılmasına hesablanmış bir oyundur. Çünki hazırda PKK və YPG silahlarını yerə qoyur, Suriyada daha sabit və bütöv bir hakimiyyət qurulması prosesi gedir. Eyni zamanda Türkiyədə uzun müddət terrorla məşğul olan qruplaşmalar artıq bu fikirdən uzaqlaşır və tədricən silahlarını yerə qoymağa başlayırlar. Lakin bu, İran hakimiyyətinə, konkret desək, molla rejiminə sərf etmir. Ona görə də çalışırlar ki, Qərbi Azərbaycanda torpaq məsələsi və sünni-şiə qarşıdurması yenidən alovlansın ki, öz məkrli planlarını həyata keçirə bilsinlər. Bu planlardan biri isə hər zaman olduğu kimi, Azərbaycan-türk xalqına müxtəlif formalarda təzyiq göstərməkdir".
S.Aruzun sözlərinə görə, son yüz ildə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlara (Cilovluq faciəsi, Urmiya, Makü, Xoy, Salmas və Sulduz qətliamları) nəzər salsaq, bütün bu hadisələrdə kürd terrorçularının, ermənilərin və onlara dəstək verən qüvvələrin birləşərək Azərbaycan türklərinə hücum etdiyini görmək olar: “Bu qırğınların arxasında sırf antitürk, anti-Azərbaycan siyasəti dayanır ki, bu gün də İran molla-fars hakimiyyəti tərəfindən davam etdirilir. Bu, eyni siyasətin davamıdır və təbii ki, xalqımız bu məkrli və çirkin oyunun fərqindədir. Qarabağda və digər ərazilərimizdə bu fitnəkar planlar iflasa uğradığı kimi, eyni aqibət Sulduzda, Qərbi Azərbaycanda, Urmiyada da yaşanacaq”.
Yazıçı qeyd edir ki, onda olan məlumata görə, rəsmi icazə olmasa da, bu gün Qərbi Azərbaycan əyalətində, Makü və Soyuqbulağa qədər soydaşlarımız Novruz bayramını yüksək səviyyədə qeyd edirlər.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
20 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ