Onlayn ictimai-siyasi qəzet
Bu gün o gündür. Nəhayət ki, Fransanın Bakıdakı səfiri də “şeytanın qıçını” sındırıb Şuşaya ayaq basdı. Digər keçmiş iki həmsədr dövlət - Rusiya, ABŞ baş diplomatlarının, daha öncə isə Almaniya səfirlərinin ardınca. Keşkə, bunu vaxtında edəydi. O zaman Makron Fransası Azərbaycan cəmiyyətində bəlkə indi bunca neqativ obrazda olmazdı...
“Bu, mənim Şuşaya ilk səfərimdir. Bu şəhəri kəşf etmək imkanı qazandığım üçün çox şadam. Əvvəllər də dediyim kimi, Şuşanın Azərbaycan xalqının qəlbində çox əziz yeri var. Ona görə ki, o, Azərbaycan mədəniyyətində çox mühüm rol oynayır” – baş diplomat Ann Buayon deyib Teleqraf-a deyib.
Davamı da var: “Biz Azərbaycanın mədəniyyətini formalaşdıran görkəmli bəstəkarlar və şairlərə həsr olunmuş bir neçə muzeyi ziyarət etdik. Tikinti işlərindən və bu mühüm mədəniyyət ocaqlarının, Azərbaycan mədəniyyətinin simvollarının yenidən canlandırılaraq ziyarətçilərin üzünə açılmasından çox təsirləndim. Bəli, insanlara Şuşaya səfər etməyi tövsiyə edirəm, çünki düşünürəm ki, bu, Azərbaycanı daha yaxından tanımaq üçün yaxşı yoldur”.
Bişəkk, Parisdən təlimat gəlməsəydi, madam Buayon bu addımı atmazdı. Ümid edək ki, Fransa Azərbaycana münasibətdə bütün daşları ətəyindən töküb yeganə doğru yolu tapacaq. Bu, ilk növbədə onun özünə gərəkdir. Eləcə də Fransanın “kiçik bacısı” Ermənistana. Düşmənçilik siyasətindən hələ heç kim fayda götürməyib.
Firəng diplomatı və mütəfəkkiri Toleyranın məşhur sözü yenə yada düşür: “Düşmənlərin sayını artıran diplomatiya yaxşı diplomatiya deyil”. Odur ki, məsləhətdir İrəvandakı səfir, Şuşanı utanmazcasına “Şuşi” adlandıran Oluvye Dekotini də tövbə edib iki qonşu xalqın barışığına yönəlik savab addımlar atsın, nəinki qızışdırıcı mövqeyi ilə böyük sülhü uzaqlaşdırsın.
Hər necə olmasa, 8 gündür davam edən İsrail-İran müharibəsi sülh, sabitlik və əməkdaşlığın böyük bir coğrafiya, ümumən dünya üçün nə dərəcədə qiymətli dəyərlər olduğunu hamıya, çılpaqlığı ilə göstərməkdədir. Ağıllı, müdrik, vicdanlı, insanlığı olan rəhbərlər və siyasilər üçün burda böyük hikmət yatır...
Böyür-başımızdakı faciəvi olaylardan ən birinci dərs götürməli tərəf isə təbii ki, son 100-110 ildə vaxtaşırı fitnə-fəsad yuvası olmuş Ermənistandır. Dünən onun rəhbəri Nikol Paşinyan ilk dəfə rəsmi səfərlə Türkiyədə oldu. Bu, doğrudan da tarixi ziyarət idi. Çünki SSRİ dağılandan sonra Ermənistanın başçısı diplomatik əlaqələrin olmadığı qonşu ölkəyə rəsmi ziyarətə getməmişdi. Nikol Vovayeviç obrazı desək, bunu elədi.
Hərgah, səfərin ikitərəfli münasibətlərdə sıçrayışa səbəb olacağını gözləməyə dəymir. O səbəbə ki, Ərdoğan hökuməti bölgədə sülhlə bağlı tablonu yarımçıq yox, bütöv görməyə davam edir. Yəni Ankara tam haqqına gözləyir ki, İrəvan öncə Bakı ilə anlaşsın ki, Güney Qafqazda ermənilərə görə bir də müharibə, qırğın-dava, konflikt alovlanmasın. Şərtləri, yolu bəlli.
Bu xüsusda Nikol Paşinyan Ankaradan daha çox, Bakıya getmək barədə düşünməlidir. Heç şübhəsiz, İstanbul səfərinin əsas yekunu elə budur. Yaxud o, minimum gərəkənləri etməlidir ki, gələn il Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə dəvət elədiyi Rəcəb Tayyib Ərdoğanla birgə Azərbaycan lideri İlham Əliyev də İrəvana gələ bilsin...
Bütün hallarda Paşinyanın Türkiyə səfəri pozitiv işarə ilə yadda və tarixdə qalacaq. Ən azından o, “xoxan Türk” obrazını zəiflətdiyi üçün. Təsadüfi deyil ki, baş nazir erməni icması ilə görüşü zamanı Zəngəzur dəhlizindən dolayı soydaşlarının təlaşına istehza ilə yanaşıb. Onun bu xüsusda aşağıdakı sözləri yetərincə diqqətçəkicidir.
Sitat: “Ermənistan magistral yolda hərəkət edərkən avtomobillərin altında qalan, daha sonra ayağa qalxan, lakin təkrar yıxılan obyekt kimidir. Niyə yıxıldığımızı anlamırıq, lakin anlamalıyıq. Dünyanın inkişaf etmiş heç bir ölkəsinin qonşuları ilə sərhədləri bağlı deyil. İndi hamını bir məsələ düşündürür: “Turan birliyi”. Onların məqsədi budur. Ermənistan ərazisindən keçməklə bir-biriləri arasında hərəkət etmək istəyirlər? Qoy, olsun. Bunun nəyi pisdir? Biz razıyıq, nə problem var ki. Niyə getməsinlər? Beləcə, bizim də sərhədlərimiz açılsın”.
Əlbəttə, pozitiv ritorika qonşularla münasibətlərin qaydaya salınması, özəlliklə diplomatik və iqtisadi-ticari əlaqələrin qurulması üçün hələ kifayət deyil. Necə deyərlər, “yüz vəd bir borcu ödəmir”. Paşinyan “A”-dan sonra “B”, gərəkərsə, “C” deməyi də bacarmalıdır. Ən əsası, o, erməni xalqının beynindən toksik “miatsum” virusunun həmişəlik çıxarılmasına nail olmalıdır. Əks halda, onun bütün sülh səyləri qum təpəsinə su səpmək kimi mənasız işə çevriləcək...
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ