Onlayn ictimai-siyasi qəzet
Dünya iqtisadiyyatında xidmət sektorunun, xüsusilə də turizmin çəkisi ildən-ilə artır. Ölkələr təkcə təbiət gözəllikləri və tarixi abidələrlə deyil, həm də müasir əyləncə infrastrukturu ilə rəqabət aparmağa çalışırlar. Bu baxımdan kazino sənayesi bir çox dövlətlər üçün həm turizmi canlandıran, həm də büdcəyə sabit gəlir gətirən mühüm vasitəyə çevrilib. Azərbaycanda isə bu potensial hələ də reallaşdırılmayıb. Halbuki rəqəmlər və beynəlxalq təcrübə göstərir ki, bu sahənin leqallaşdırılması həm iqtisadi, həm də sosial baxımdan çoxistiqamətli faydalar verə bilər.
Qlobal səviyyədə kazino sənayesinin dinamikası kifayət qədər təsir edicidir. 2023-cü ildə bu sektorun ümumi dövriyyəsi 540 milyard dollar olub, 2024-cü ildə isə bu göstərici 580 milyard dollara çatıb. Proqnozlara görə, 2028-ci ilə qədər bu məbləğ 745 milyard dollara qədər artacaq. Bu, sadəcə əyləncə sənayesi deyil, ölkələrin iqtisadi strategiyalarının mühüm tərkib hissəsinə çevrilmiş bir sahədir. Bu qədər iri həcmli maliyyə dövriyyəsi dövlət büdcələri, məşğulluq və infrastruktur üçün ciddi potensial vəd edir.
Ölkəyə gələn turistlərin sayında artım müşahidə olunur və bu axın turizm infrastrukturunun genişləndirilməsini zəruri edir. Lakin mövcud əyləncə imkanları kifayət qədər rəqabətədavamlı deyil. Bu boşluğu dolduracaq vasitələrdən biri kimi kazinoların xüsusi təyinatlı zonalarda fəaliyyətinə icazə verilməsi təklif olunur. Beynəlxalq və regional təcrübə bu addımın nə qədər effektiv olduğunu göstərir.
Məsələn, əhalisinin və ərazisinin kiçikliyinə baxmayaraq, Gürcüstan turizmdən əldə etdiyi gəlirlərlə regionda ön sıralarda yer alır. 2024-cü ildə bu ölkədə kazino sektorunun dövriyyəsi 28 milyard dollar təşkil edib, 20 mindən çox insan bu sahədə çalışıb. Gürcüstan kazinolarının gəlirlərinin mühüm hissəsi Azərbaycan vətəndaşlarının hesabına formalaşır. Bu fakt Azərbaycandan hər il milyonlarla dolların xaricə axdığını və daxili turizm potensialımızın xaricdə istifadə edildiyini göstərir.
Qazaxıstan 2023-cü ildə qumar sənayesindən 2,85 milyard dollar gəlir əldə edib və bunun 245 milyon dolları birbaşa dövlət büdcəsinə vergi kimi ödənilib. Özbəkistan isə 2025-ci ildən kazinolara lisenziya verməyə başlayacaq. Rəsmi məlumatlara əsasən, bu ölkənin vətəndaşları 2023-cü ildə onlayn qumar oyunlarına 1 milyard dollar xərcləyiblər, qeyri-rəsmi mənbələrdə isə bu rəqəm 7-8 milyard dollar kimi göstərilir. Belə vəziyyətdə leqallaşma təkcə iqtisadi gəlir deyil, həm də vətəndaşların qorunması və cinayətkarlığın azaldılması baxımından önəm daşıyır.
Daha geniş miqyasda baxsaq, Makao, Monako, Sinqapur, Filippin kimi ölkələrdə kazino sənayesi şəhərlərin əsas iqtisadi dayağına çevrilib. Makao kimi qapalı bölgədə bu sahənin payı ümumi gəlirin 80 faizini təşkil edir. BƏƏ kimi uzun illər kazinoya qarşı sərt mövqe tutan ölkələr belə bu siyasətə yenidən baxaraq, ilk kazinoların açılmasına hazırlaşır. Bu meyil Azərbaycanın da öz mövqeyinə yenidən baxmasını zəruri edir.
Bu addım həm də qanunsuz oyun biznesinə və qeyri-rəsmi onlayn platformalara qarşı təsirli mübarizə vasitəsi ola bilər. Hazırda ölkədə dələduzluq yolu ilə fəaliyyət göstərən gizli onlayn kazinolar çoxdur və bu, sosial riskləri artırır. Hüquqi və şəffaf tənzimlənən kazino sistemi bu təhlükələrin qarşısını ala, dövlətə əlavə gəlir, vətəndaşa isə hüquqi müdafiə təmin edə bilər.
Bundan əlavə, kazinoların yaradılması hotel və restoran biznesinə, nəqliyyat sektoruna, xidmət sahələrinə müsbət təsir göstərir. Xüsusilə Xəzəryanı zonalarda və sərhəd bölgələrində bu infrastrukturun formalaşdırılması həm yerli əhali üçün məşğulluq imkanı yaradar, həm də xarici turistlərin marağını artırar. “Sea Breeze” kimi xüsusi zonalarda belə obyektlərin açılması real turizm klasterlərinin formalaşmasına səbəb ola bilər.
Əlavə olaraq, bu sahənin düzgün hüquqi tənzimlənməsi – lisenziyalaşdırma, vergi mexanizmləri, sosial məsuliyyət qaydaları – Azərbaycanın “kölgə iqtisadiyyatı” ilə mübarizəsində də mühüm alətə çevrilə bilər. Bu, eyni zamanda kriminal mənbəli gəlirlərin yuyulmasının qarşısını almaq, həssas sosial qrupları qorumaq və ictimai təhlükəsizliyi təmin etmək üçün əhəmiyyətlidir.
Beləliklə, kazinoların xüsusi təyinatlı ərazilərdə, dövlət nəzarətində və sosial məsuliyyət prinsipləri əsasında fəaliyyətə başlaması Azərbaycanın iqtisadi, turizm və sosial inkişaf strategiyasına güclü təkan verə bilər. Əgər bu proses düzgün tənzimlənərsə, ölkə həm regionda turizm liderliyini bərpa edə, həm də milli iqtisadiyyata sabit və yüksək gəlir mənbəyi əlavə etmiş olar.
Musavat.com
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ