Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsinin müzakirəsi zamanı mübahisə yaranıb.
Musavat.com-un məlumatına görə, çıxış edən deputat Qüdrət Həsənquliyev deyib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulasından Moskva və Qars müqavilələrinə istinadın çıxarılması çox müsbət haldır. Q. Həsənquliyev bildirib ki, Naxçıvanın muxtariyyət statusu ilə bağlı geniş müzakirələrə başlanmalıdır: “Geniş ictimaiyyət müzakirələrə başlasın ki, Naxçıvanda muxtar respublikanın saxlanmasına ehtiyac var, ya yox? Naxçıvan balaca yerdir. Əvvəllər hardasa başa düşmək olardı. İndi isə İran üzərindən qısa yol çəkilir, tezliklə Zəngəzur üzərindən də yol açılar. Bizim Konstitusiyaya görə, Azərbaycan unitar dövlətdir. Bu baxımdan Naxçıvanda muxtariyyətin ləğvi məsələsi barədə düşünmək lazımdır. Bu dəyişiklikləri Azərbaycan Konstitusiyasına dəyişiklik etdikdən sonra etmək olar. Konstitusiyamızda Naxçıvanla bağlı müddəalar qala-qala, Naxçıvan Konstitusiyasına dəyişiklik edirik. Düşünürəm ki, bu dəyişiklikləri Azərbaycan Konstitusiyasına dəyişikliklərdən sonra etməli idik”.
Vitse-spiker Ziyafət Əsgərov isə bu dəyişikliklərə çox böyük tarixi zərurət olduğunu söyləyib. Bildirib ki, Azərbaycan Konstitusiyasında olduğu kimi, Naxçıvanın Konstitusiyasında da hakimiyyətin bölgüsü prinsipi var: “Amma Naxçıvanda buna əməl edilmirdi. Dəyişiklikdən sonra buna əməl olunacaq. İkincisi, Naxçıvan Azərbaycanın əsas hissəsindən kənar düşüb, burada operativ idarəetməni təmin etmək lazımdır. Prezidentin səlahiyyətli nümayəndəsinin statusu Konstitusiyada təsbit olunmalıdır. Qüdrət Həsənquliyev dəfələrlə Naxçıvanın muxtariyyətinin ləğvi məsələsini qaldırıb. 1990-cı ildə Naxçıvanın muxtariyyətinin ləğvi məsələsini qaldırdınız, xaos baş verdi. Yaxşı ki, Heydər Əliyev gəldi, onun sayəsində Naxçıvanın əraziləri bizdə qaldı. Naxçıvanın muxtariyyəti Ulu Öndər demişkən bizim tarixi nailiyyətimizdir. Bu gün Naxçıvanın ərazi itirməməsinin səbəblərindən biri də onun muxtariyyət statusudur. 1992-ci ildə Naxçıvan nə gündə idi? Ulu Öndər onun muxtariyyət statusundan istifadə edərək, işğalının qarşısını aldı”.
Q. Həsənquliyev də söz alaraq Z. Əsgərovun dediklərinə münasibət bildirib: “Təbii ki, deputat danışanda məsuliyyətli olmalıdır, mən bunu qəbul edirəm. Zamanında mən bu Parlamentdə çıxış edib deyəndə ki, Naxçıvanda Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlərin bölgüsü prinsipi öz həllini tapmayıb, Ziyafət müəllim çox uğurla burada onun əksini sübut etməyə çalışırdı. Stenoqramlar var, Ziyafət müəllim o çıxışları xatırlaya bilər. Ona görə də zamanla mənim burada çox qaldırdığım məsələlər sonradan öz əksini tapıb. Ümid edirəm ki, Naxçıvanın muxtariyyəti ilə də bağlı məsələ də nə vaxtsa öz həllini tapar. İkincisi, təklif vermək, təşəbbüslə hansısa çıxış etmək nə vaxtdan qəbahət hesab olunub? Mən dedim ki, ictimai müzakirələr açılsın. Xalqımız qəbul edəcək, edəcək, etməyəcəksə də, etməyəcək. Buna görə də doğrudan da məsuliyyətli olmaq lazımdır”.
Z. Əsgərov isə cavab olaraq bildirib ki, Qüdrət Həsənquliyev həmişə Naxçıvanın muxtariyyət statusunun ləğvini dəstəkləyib: “Mən isə ləğv olunmamasını müdafiə etmişəm”.
Deputat Elman Nəsirov da bildirib ki, muxtariyyətlə bağlı məsələ bu layihənin predmeti deyil: “Bu layihədə konkret əlavə edilən iki yeni maddə və bir çox dəyişikliklər əhatə olunub. Bu layihə ilə Azərbaycanın unitar dövlət kimi möhkəmlənməsi baxımından yeni pəncərələr açılır”.
Deputat Eldar İbrahimov da məsələyə münasibət bildirib: “Naxçıvanın muxtariyyət statusu hələlik saxlanmalıdır”.
Qanun layihəsi səsverməyə çıxarılıb və 112 lehinə, 1 əleyhinə olmaqla qəbul edilib.
E. Paşasoy,
Musavat.com
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ