Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən 51-ci Xarici İşlər Nazirləri Şurası toplantısında çıxış edib.
Musavat.com-un xəbərinə görə, prezident bölgədə baş verən geosiyasi gərginliklərə və İslam ölkələrinin mövqeyinə dair mühüm açıqlamalar verib.
Ərdoğan İsrailin yalnız Fələstin torpaqlarında deyil, eyni zamanda Livan, Suriya və İranda həyata keçirdiyi hərbi və siyasi müdaxilələri “haydutluq” adlandıraraq buna qarşı İslam dünyasının birgə mövqe sərgiləməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bu təhdidlərə qarşı yalnız kollektiv reaksiya uğur gətirə bilər.
“İsrailin Fələstində olduğu kimi Suriya, Livan və İrandakı haydutluqlarını durdurmaq üçün daha çox birlik və dayanışma sərgiləməyimiz vacibdir”, - deyə Ərdoğan bildirib.
Prezident çıxışında İslam dünyasının artıq passiv müşahidəçi deyil, qlobal sistemdə aktiv və təsiredici gücə çevrilməsinin zamanının çatdığını da bəyan edib. O qeyd edib ki, 2 milyardlıq İslam aləmi müstəqil və güclü bir qütb halına gəlməlidir və bu istiqamətdə ciddi iradə nümayiş etdirilməlidir.
“İslam dünyasının çox daha böyük rol oynayacağı bir dövrün ərəfəsindəyik. Əvvəlcə öz içimizdəki ixtilafları həll etməliyik. Əgər öz problemlərimizi ortaq ağıl və iradə ilə sahiblənməsək, başqalarının maraqlarına xidmət etmiş olarıq”, - deyə Türkiyə lideri bildirib.
Ərdoğan Suriyanın İƏT üzvlüyünə yenidən qəbul edilməsini də alqışlayıb. O, bu prosesin Suriyanın beynəlxalq aləmə yenidən inteqrasiyası baxımından əhəmiyyətli olduğunu vurğulayıb və bu ölkəyə dəstəyin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
“Suriyanın İƏT üzvlüyünə geri dönməsindən və beynəlxalq ictimaiyyətə inteqrasiya istiqamətində atılan addımlardan məmnunluq duyduğumuzu ifadə etmək istəyirəm. Suriyanın ərazi bütövlüyü və milli birliyinin qorunması, eyni zamanda davamlı sabitliyə qovuşması üçün bütün İslam dünyasının dəstəyi vacibdir”, - deyə Ərdoğan çıxışını yekunlaşdırıb.
Toplantı çərçivəsində İslam ölkələrinin birlik və həmrəylik ruhunun möhkəmləndirilməsi, eləcə də bölgədə davam edən münaqişələrə qarşı ortaq strateji baxışın formalaşdırılması istiqamətində müzakirələr aparılıb.
Musavat.com
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ