Onlayn ictimai-siyasi qəzet
Model olası, istənilən qurumun reklam simasına çevriləsi xanım maşinistin işdən çıxarılmasının “əsl səbəbi”ni (saytlar belə yazır) açıqlayan məlumat yayıldıqdan sonra xalqın ürəyinə su səpildi.
Baxmayın, bu məsələ ətrafında əməllicə söz-söhbət vardı, gümanlar azıb-təzir, başqa istiqamətlərə gedirdi. Amma birəbir bizim yazdığımız köşələr boyda olan açıqlama ilə bütün şübhələr dağıdılıb pərən-pərən salındı.
Məlum oldu ki, xanımı qatar sürərkən öz şəxsi mobil telefonu ilə danışdığına, seriala baxdığına, sosial şəbəkədə kiminsə statusunu, şəklini like etdiyinə görə işdən çıxarıblar. Bu məsələyə az sonra qayıdacağıq. Bizimlə qalın.
İndilikdə isə azmış gümanlardan danışaq. Açığı, qırmızısı, Günay xanım ilkin ifadəsində deyəndə ki, onun işdən çıxarılmasının səbəbi başqadır, çox adamın ağlına gəlmişdi ki, yəqin müdiriyyətdən hansısa süləngi gözəl xanıma intim təkliflər edib, bu da kişi qızı kimi “get, anqır, tayını tap” deyib və bunun nəticəsində onun torbasını tikiblər.
Bu gümana gəlmək üçün iki əsas var:
1. Günay Həbibi (yiyəsinə qismət) çox cazibədar xanımdır.
2. 39-42-ci paralellərdə “işdə məhəbbət macərası” eşqi ilə alışıb-yananlar çoxdur və onlar dinc durmurlar. Xatırlayırsınızsa, iş yerindəki macəraları barədə kino çəkən biri vardı, hazırda içəridə həbs cəzası, vicdan əzabı, xəcalət və siqaret çəkir.
Ancaq bir halda ki, Metropoliten idarəsi 4 min işarəlik açıqlama yayaraq intim motivli gümanlara yer qoymur, biz məcburuq ki, xanımdan yeni açıqlama gələnə qədər rəsmi versiyaya inanaq.
Əslində rəsmi versiyaya şübhə etməmək üçün də ciddi əsaslar var. Avtomobil sürənlərin istisnasız olaraq hamısı telefonla mesaj yaza-yaza, danışa-danışa, paylaşım edə-edə maşın sürən qadınlar görüblər və hər gün görürlər. Bunu lap gendən bilmək olur. Onlar bu içi edərkən, avtomobili çox doğru olaraq asta sürətlə (məsələn, 70-lik yolda 40-50 ilə) sürürlər, arxadan gəlib, çatırsan, ötürsən, sağ gözün qırağı ilə süzürsən, görürsən ki, bəli, bildiyin kimidir, sürücü zənən xeylağıdır və telefonda məsələ həll edir, üzərindən yük götürülmüş, rahat nəfəs almış şəkildə sürüb uzaqlaşırsan. Amma çox nadir hallarda görəndə ki, zənnin düz çıxmadı, bayaqdan sürətli yolda asta sürən sürücü qadın deyil, kişidir, az qalırsan, saxlatdırıb dalaşasan ki, niyə belə sürürsən. Yəni hamımız maşın sürərkən telefonla danışan, mesaj yazan qadınlara güzəşt, hətta qibtə edirik.
Mən özüm bir dəfə “Nizami” kinoteatrından “Sahil” metrosuna qədər addım-addım irəlilədiyimiz və yarım saat vaxt itirdiyimiz tıxacda solumdakı sürücü qadının bütün bu vaxt ərzində telefonla danışdığının şahidi olmuşam. Heyrətlənmişdim ki, yəni bir söhbət yarım saata bitməzmi. Amma qadının digər yol hərəkəti iştirakçıları ilə müqayisədə vaxtını səmərəli keçirməsi faktını anlayışla qarşılamaq olardı. Nə edəydi? Darıxacaqdı axı. Ona qalsa, o cür tıxaclarda kişilər az qalırlar, düşüb nərd, domino-zad oynasınlar.
Bu baxımdan ola bilər, Günay xanım vaxtını səmərəli keçirmək istəyib. Tuneldir, Qəqəni demişkən, “yoldur dana, uzanıf gedeir”, qatar dəmir relsin üstü ilə şütüyür, heç hara çıxası, dönəsi deyil, qarşıdan gələn yox, arxadan qısnayıb, siqnal verərək yol istəyən yox, nə olasıdır ki.
Di gəl, yeni nəsil qatarların idarəetmə kabinələrində quraşdırılmış videomüşahidə kameraları bu qədər də qanacaqlı deyil, onlar maşinistlərin hər hərəkətini, eləcə də hərəkətsizliyini qeydə alırlar. Nəzarətçi şöbələrdə də görüblər ki, Günay xanımın qatarı tuneldə Allaha təvəkkül gedir.
Bax, sonra bir hadisə baş versəydi, hamımız "Bakı Metropoliteni" QSC-ni qınayacaqdıq ki, vaxtında problemi bilirmişlər, amma göz yumurmuşlar. Onlar isə maşinist kimi çalışdığı dövrdə yol verdiyi xətalara görə Günay Həbibliyə intizam tənbehi tədbirləri tətbiq edibmişlər.
Xüləs, hamımız yaxşı qurtarmışıq. Yaxşı ki, camaat hansısa serialın güdazına getməyib.
İndi o da maraqlıdır ki, xanım Həbibi qatar sürərkən hansı filmə seriala baxırmış? Bəlkə “Qatarda” tamaşısını, ya da “Şimala gedən qatar” serialını izləyirmiş? Hökm deyil ki, onun izlədiyi serial qatara aid olsun, xanım “Qara sevda”ya da baxa bilərdi, ya da bu saat dəbdə olan hansısa başqa seriala.
Heç nə. Ara yerdə yerli feministlərin şansı gətirmədi. Əgər xanım maşinistə qarşı tamahsılanma olayı baş versəydi, onlara iş çıxar, həyat daha maraqlı olardı.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ